“Ağciyərindən güllə girmiş, ürəyindən çıxmışdı” - Şəhid bacısı ilə MÜSAHİBƏ

20 Yanvar faciəsi şəhidi Baxşəliyev Elçin Mirzə oğlunun bacısı Gülnarə Mirzəqızının SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

- Elçin haqqında bizə məlumat verə bilərsiniz?

- 1965-ci il fevralın 12-də Bakıda anadan olub. Bakıda 225 nömrəli tam orta məktəbi, daha sonra isə 56 nömrəli texniki peşə məktəbini bitirərək çilingərlik sənətinə yiyələnmişdir. 2 nömrəli avtobus parkında sürücü işləmişdir.

- Ailədə neçə uşaq idiniz?
- Bir bacı, bir qardaş olmuşuq.

- 20 yanvar faciəsini necə xatırlayırsınız?

- Tanklar şəhərin mərkəzinə yerləşərkən onların məhlə içlərinə girməsinə icazə vermirdik.

Elçin 19-dan 20-nə keçən gecə 2 nömrəli taksi maşınları parkının yanında yaralılara kömək edərkən qarın nahiyəsindən güllə yarası alıb. Aldığı xəsarətdən Semaşko adına xəstəxanada vəfat etmişdir. Abşeron rayonunun Şuraabad (indiki Şorabad) kənd qəbiristanlığında dəfn edilmişdir.

- Övladınız varmı?

- Var və adını qardaşımın adı olan “Elçin” qoymuşuq. Yanvarın 1-i ana olmuşdum və çox ağır vəziyyətdə 17 gün xəstəxanada yatmışam. Həkim dedi, “Sənə bir şey olsa, biz günahkar deyilik”.

- Necə oldu ki, uşağın adını “Elçin” qoydunuz?

- Mən xəstəxanadan çıxan günü Elçin gəlib uşağı gördü. Dedi ki, “Bacı, bu uşaq mənə oxşayır. Adını mənim adına uyğun qoy. Əgər qaynanangil razıdırsa, belə et”.

- Elçinlə bağlı hansı xatirələriniz var?

- O vaxtı “Çalıquşu” deyilən serial var idi. Həmişə Elçinlə bacı-qardaş oturub onu izləyirdik. Dedi, “Bəlkə uşağın adını “Kamran” qoyaq?”. Yoldaşım da getdi “Kamran” yazdırdı.

Elçin o qədər anaya- bacıya yaxşı uşaq idi ki… Ad günümdə əsgərlikdən tez gəldi ki, məni təbrik etsin. Həmişə mənə tülpan gülü alardı.

Elçin çox qeyrətli uşaq idi.

- Bəs, 20 Yanvar günü? Elçindən necə xəbər tutdunuz?

- Atam bizə gəldi ki, “Bəlkə Elçindən xəbəriniz ola?”. Atam xalamla bütün morqları gəzmişdi. Amma Elçini tapa bilməmişdi. Sonradan bildik ki, Elçin anamdan icazə alıb gedib ki, “Qoy yaralılara kömək edim”.

Həmin gün dişi dişmiş və dişini çəkdirmişdi. O halda yenə də kömək etməyə getdi. Saat 4-ə qalmış atamın dostu Mamed kişi Elçini görüb, deyib “Sən evin bir oğlusan, gəl gedək”. Elçin də deyib ki, “Artıq daşımışıq. Gələn deyiləm”.

- Elçin necə yaralanmışdı?

- Onu 3 yerindən güllələmişdilər. Ayaq barmağı və başı da qan idi. Mən özüm də ana olduğum üçün ağır vəziyyətd idim. Aldığı xəsarətdən Semaşko adına xəstəxanada vəfat edib. Onun meyidini yanvarın 20-də həmin xəstəxananın ölüxanasından tapdıq.

Elçin 6 nəfər yaralı daşımışdı. 7-cini daşıyarkən ölmüşdü.

Ağciyərindən güllə girmiş, ürəyindən çıxmışdı. Yəqin ki, çox can verməyib.

- Sizə dövlət tərəfindən dəstək göstərilib? Bununla bağlı müraciət etmisiniz?

- Anam xəstələnəndə evimizə kimi satdıq. Anam Elçinin qanını yalamışdı. Bundan sonra anam 6 dəfə əməliyyat oldu, ondan 6 kiloqram qurd çıxardılar. O Elçinin qanını sovurmuşdu.

Bizim bir cəmiyyətimiz var. Mənə Maral Qocamanlı kömək edib. Bizimlə daim maraqlanıb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə