Uşaqların tərbiyəsində diqqət yetirilməli məqamlar BUNLARDIR - RƏYLƏR

“Uşaqların tərbiyəsi bütün zamanlarda aktual məsələ olub. İnsanlar həmişə düşünüb ki, cəmiyyətin gələcəyi olan uşaqlar düzgün tərbiyə alsın, sosiallaşsın, pis və neqativ təsirlərdən uzaq olsun deyə yollar və bəzən isə yaxşı pedaqoqlar axtarıblar. Pedaqoq sözü "paydaqoq" sözündən əmələ gəlib yaxşı tərbiyələndirmə deməkdir. Valideynlər isə yaxşı pedaqoqlar axtarıblar ki, uşaqlar gələcəkdə faydalı bir şəxs olsun. Bu baxımdan ilk növbədə uşaqların tərbiyəsi üçün ailə mühiti, psixologiyası sağlam olmalıdır, münaqişəsiz ailə olmalıdır. Ailələr konfliktdən uzaq olmalıdır ki, onlar stressiz, gərgin həyatdan uzaq olsunlar və cəmiyyətə orta statistik normal şəxs kimi töhfə verə bilsin”. Bu sözləri sosioloq Üzeyir Şəfiyev SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, bağçalar, orta və Ali məktəblərin tərbiyə çağırışları müasir tələblərə cavab verməlidir ki, ikinci evi sağlam mühitdə olsun: "Bundan heç az əhəmiyyət kəsb etməyən kütləvi informasiya vasitələri də sağlam mühitdə fəaliyyət göstərməlidir. Müasir nəslin uşaqları körpəlikdən internet resursları və sosial şəbəkələrlə birbaşa əlaqəli olur. Sosial şəbəkə platformaları ailədən və məktəbdən də güclü təsirə malikdir, ona görə də bunlar sağlam olmalıdır. Sosial şəbəkələrdə sarı mətbuata aid yazıların yayılmasının qarşısını almağa çalışmalıyıq. Sosial şəbəkələrdə süzgəc mexanizmini tətbiq etmək lazımdır ki, uşaqlar üçün dağıdıcı məlumatlar paylaşılmasın”.

Sosioloq həmçinin qeyd edib ki, ölkə başçımız 2017-ci ildə uşaqların və yeniyetmələrin zərərli məlumatlardan qorunması ilə bağlı mühüm sənədə imza atıb: “Eyni zamanda bu "Media haqqında" qanunda sosial şəbəkə seqmentində nəzərə alınıb. Cinayət Məcəlləsinə ayrıca 147.1 maddəsinə əlavə olundu ki, sosial şəbəkə üzərindən hüquqa zidd paylaşımların qarşısı alınsın. Bütün bu qanunlar o deməkdir ki, sosial media platformaları sağlam olmalıdır ki, uşaqlar da normal mühitdə böyüyə bilsinlər. Biz cəmiyyətdə sosial anemiyaların azalmasını istəyiriksə, ilk növbədə uşaqların tərbiyə mühitini sağlam etməliyik, yəni ailə, məktəb, sosial media mühiti normal olmalıdır. Kütləvi informasiya vasitələrinin kontent təhlilini edərkən görürük ki, kriminal aləmin insanları qəhrəmanlaşdırılır, bu da yolverilməzdir. "Media haqqında" qanuna və jurnalistlərin prinsiplərinə zidd gəlir. Hesab edirəm ki, mətbuat orqanlarının monitorinq aparılması zamanı paylaşımlar edən, "qəhrəmanları" önə çəkən, onlara yazılar həsr edən belə məqalələr yolverilməzdir. Həmçinin bunlara ölçülər götürülməlidir”

Bununla yanaşı məsələyə psixoloq Zeynəb Eyyubova da fikirlərini bildirib. Onun sözlərinə görə, müasir dövrdə uşaq tərbiyəsində ən vacib amillərdən biri onların fərdiliyinə və emosional ehtiyaclarına hörmət etməkdir: “Uşaqların fiziki, psixoloji və sosial inkişafını dəstəkləmək üçün valideynlər və müəllimlər tərbiyə yanaşmalarında yenilikçi və elmi əsaslara söykənən metodlardan istifadə etməlidirlər.

Empatiya və hörmət: Uşağın hisslərini anlamaq və onlara hörmətlə yanaşmaq, güclü valideyn-uşaq münasibətlərinin əsasını təşkil edir.

Tənqid və cəza əvəzinə uşağı yaxşı davranışa təşviq etmək və nümunə göstərmək.

Hər bir uşağın unikal olduğunu qəbul edərək, tərbiyəni onun ehtiyaclarına uyğunlaşdırmaq.

Uşağın müsbət davranışlarını mükafatlandıraraq, onları ruhlandırmaq.

Uşağın hisslərini tanımasına və idarə etməsinə kömək etmək.

Uşağın qərarvermə bacarıqlarını inkişaf etdirmək və gündəlik tapşırıqlar üçün məsuliyyət öyrətmək.

Texnologiya uşaqların təhsilində mühüm rol oynasa da, onun istifadəsinə nəzarət edilməlidir. Ekran vaxtını məhdudlaşdırmaq və faydalı tədris resurslarına üstünlük vermək tövsiyə olunur.

• Uşaqlarla keyfiyyətli vaxt keçirmək.

• Tənqid və müqayisədən uzaq duraraq, uşağın fərdi bacarıqlarını inkişaf etdirmək.

Uşaq tərbiyəsində müasir yanaşmalar uşaqların xoşbəxt, balanslı və özünəinamlı fərdlər kimi yetişməsinə şərait yaradır. Valideynlər və tərbiyəçilər bu prinsiplərə əməl edərək daha sağlam cəmiyyətin formalaşmasına töhfə verə bilərlər”.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə