Qısqanclıq, yoxsa paranoya? - PSİXOLOQ AÇIQLADI

"Qısqanclıq və paranoya fərqli duyğular və düşüncə formalarıdır, lakin bəzən bir-biri ilə qarışdırıla bilər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

Onun sözlərinə görə, qısqanclıq, adətən, birinin dəyər verdiyi insan və ya münasibət üzərində başqasından qaynaqlanan təhlükə hissindən yaranır: "Bu, müəyyən hallarda təbii və idarəolunan bir emosiyadır. Məsələn, partnyorun diqqətini başqasına yönəltməsi insanda qısqanclıq yarada bilər. Əsas məqam odur ki, qısqanclıq real bir səbəbə əsaslanır və idarə oluna bilər.

Paranoya isə daha dərindir və adətən əsassız şübhələrlə müşayiət olunur. Paranoyada insan real bir təhdid olmadan başqalarının ona zərər verməyə çalışdığını düşünə bilər. Bu, yalnız münasibətlərdə deyil, ümumi həyat baxışlarında da özünü göstərə bilər. Paranoya ağır psixoloji problemlərin, məsələn, paranoyak şəxsiyyət pozuntusu və ya şizofreniyanın bir hissəsi ola bilər".

Zeynəb Eyyubova sözlərinə belə cavab edib: "Qısqanclıqla paranoya arasındakı fərqi anlamaq üçün insanın düşüncə və davranışlarını analiz etmək vacibdir. Qısqanclıq real və spesifik bir situasiyadan qaynaqlanırsa, paranoya heç bir konkret əsas olmadan hər şeydə təhlükə görməklə bağlıdır. Əgər bu hallar insanın gündəlik həyatını və münasibətlərini ciddi şəkildə pozursa, mütləq psixoloq dəstəyi almaq tövsiyə olunur. Belə hallarda, duyğuların altında yatan səbəbləri anlamaq və düzgün yanaşma tətbiq etmək üçün mütəxəssisə müraciət etmək vacibdir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə