Pirotexniki vasitələri satmaq qanunidirmi? - AYDINLIQ GƏTİRİLDİ

"Pirotexniki vasitələrin mülki dövriyyədə istifadə olunması, satışı, ölkəyə gətirilməsi qanunla qadağandır". Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

O bildirib ki, həmin məhsulların gömrük sərhədindən keçirilməsi yalnız qaçaqmalçılıq yolu ilə və ya qanunvericilikdə nəzərdə tutulan xüsusi icazə əsasında mümkündür: “”Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanuna əsasən, pirotexniki məmulatlar mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına daxil edilib. Yalnız xüsusi icazə əsasında idxalına yol verilən bu tip qurğu, maddə və məmulatların vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsi, satışı və istifadəsi qanunla qadağan olunub. Pirotexniki məmulatların poçtla və baqajla qanunsuz olaraq göndərilməsi ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilər. Habelə malların gömrük nəzarətindən gizli, eləcə də bəyanetməmə və ya düzgün bəyanetməmə yolu ilə keçirilməsi hallarına qarşı malın dəyərindən asılı olaraq Cinayət və İnzibati Xətalar Məcəllələrində müxtəlif növ cəza və cərimələr nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinə əsasən, malların və nəqliyyat vasitələrinin gömrük nəzarətindən kənar keçirilməsinə, yəni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdən kənar yerdən və ya gömrük rəsmiləşdirilməsi icraatının müəyyən edilmiş vaxtından kənar vaxtda keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir".

"İnzibati Xətalar Məcəlləsinin 306.4-cü maddəsinə əsasən, pirotexniki qurğulardan, yəni fişəng, partlayıcı və.s istifadə etməyə görə 50 manat məbləğində cərimə nəzərdə tutulur. Həmin məcəllənin 517.0.7-ci maddəsinə əsasən, partlayıcı maddələrin gəzdirilməsinin, əldə edilməsinin və satılmasının məhdudlaşdırılmasının və ya qadağan edilməsinin pozulmasına görə - fiziki şəxslər 40 manatdan 80 manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə 15 günədək müddətə inzibati həbs tətbiq olunur. Vəzifəli şəxslər 350 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 yüz manatadək məbləğdə cərimə edilir.

Nəzərə almaq lazımdır ki, tezalışan maddələr və pirotexniki vasitələrdən istifadə bayram əhvali-ruhiyyəsinin, rahatlığın pozulması ilə nəticələnməklə yanaşı, insanların sağlamlığına və ətraf mühit üçün də ciddi təhlükədir. Xüsusilə də uşaqların əyləncə məqsədilə istifadə etdikləri bu vasitələr onlarda ağır göz yaralanmalarına, qalıcı eşitmə qüsurlarına, müxtəlif dərəcəli yanıqlara yol aça bilir. Təbii ki, görmə və eşitmə qabiliyyətlərinin itirilməsi, ani partlayış səsi ilə yaranan qorxudan müxtəlif psixoloji travmaların alınması əgər bu digər şəxsin təqsiri ucbatından baş vermişdirsə inzibati və cinayət məsuliyyətinə səbəb olur. Odur ki, bununla bağlı cəmiyyətdə daimi olaraq maarifləndirici işlər aparılmalı, əyləncədən çox sağlamlıq üçün ciddi təhlükə olduğu izah ediməlidir. Pirotexniki vasitələrdən istifadə başqalarının sağlamlığına və hüquqlarına ziyan vurmadığı və milli adət-ənənələrimizin ruhuna uyğun istifadə edildikdə isə məsuliyyət yaratmır. Məsələn, dənizdəki gəmilərdən saat 00:00-da fişənglərin atılmasını misal göstərə bilərik” - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə