"Kainatda milyardlarla qalaktikalarda milyardlarla ulduzlar var. Əgər biz hər hansı ulduzun, yaxud bürcün milyardlarla insanın taleyinə təsirini düşünsək, astronomik bir rəqəm alınacaq". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
O bildirib ki, hələ ki, bunu hesablayan insan zəkası və süni intellekt yoxdur: "İnsanlar sahəvi elmlərə fikir vermədikcə hələ də xurafata, yalana, nağıla, dini rəvayətlərə, bürclərə inandıqlarına görə öz talelərini yaşayırlar. Əgər siz qarşıdakı partnyorunuza sevgi, hörmət bəsləyirsinizsə, eyni şeyi özünüzə qarşı da ala bilərsiniz. Əks tərəf ən pis adam olsa belə, göndərdiyiniz dalğalara uyğun ondan dalğalar ala bilərsiniz. Əgər siz məqsədli şəkildə bu münasibətlərə girirsinizsə, bir azdan münasibətlər soyuyacaq, əlaqələri kəsmək üçün bəhanələr gətirəcəksiniz. "Bürcümüz üst-üstə düşmür, məni atam verdi, məni anam evləndirdi" kimi bəhanələr ortaya qoyulacaq. Milyardlarla ildir ki, bəşəriyyət müxtəlif cəmiyyətlərdə özünəməxsus milli-mənəvi, psixoloji, sosial, məişət və ictimai dəyərlər sistemi yaradıb ki, insanlarda bu bəhanənin qarşısını alsınlar. Dinin də yaranması, elmi baxışların, ailə və psixoanalitik düşüncə tərzinin də formalaşması insanlara xidmət edir. Gərginliyi azaltmaq üçün fərdlər arasında münasibətləri sivilləşdirmək, bir-birinə hörmət, məşhur qızıl qanunda göstərildiyi kimi "Sənin hüquq və azadlıqların, digərlərinin hüquq və azadlıqlarının sərhədində kəsişir". Əgər qızıl prinsipləri bilsək, həyatımıza tətbiq etsək, bu qədər gərginlik, ailə faciələri olmaz. Təəssüflər olsun ki, təcrübə mənə əminliklə göstərir ki, tərəflər bir-biri ilə maddi sərvətləri bölüşə bilmədiyinə görə müxtəlif bəhanələrlə boşanırlar. Boşanmalar zamanı da müxtəlif fərziyyələr irəli sürürlər. Bəzən bu fərziyyələr peşəkarları belə aldada bilir. Boşanmanın tərəfdarı olmasaq da, əgər ailə münasibətlərində nöqtə qoyulubsa, bunu rəsmiləşdirib sivil formada boşanmaya qədər getmək olar. Azərbaycanda illər boyu nikah mədəniyyəti formalaşdırılsa da, hələ də boşanma mədəniyyəti formalaşmayıb. Hər bir şəxs artıq öz haqlarını gözəl bilir. Dövlətin, konstitusiyanın onlara verdiyi imkanlar daxilində onu qorumağa çalışırlar. Qərb cəmiyyətinin 50-60-cı illərdə keçdiyini biz indi keçirik. Ona görə də, bizə ağrılıdır. Qərb cəmiyyətində olan problemlərin həlli yollarını isə öyrənmək istəmirik.
Ötən əsrin 60-70-ci illərində Avropada, Amerikada hərəkatlar baş qaldırdı. Onlar həddindən artıq azadlıq istədilər. Cəmiyyətin əsas dayaqlarından biri olan ailə institutunu dağıtdılar. Fərdin şəxsiyyət kimi formalaşmasının böhran içində olduğunu gördülər. Ona görə də, onlar dərk etdilər ki, bu cür şəxslər cəmiyyət üçün itir. Fizioloji olaraq həmin insanlar qısır oldular, dünyaya uşaq gətirə bilmədilər. Mənəvi və şəxsiyyət olaraq keçirdikləri böhranlar Qərb cəmiyyətində də yeniliklər axtarmağa səbəb oldu".
Onun sözlərinə görə, Azərbaycanda ailələr pul, sərvət üstündə dağılır: "Eləcə də, ailədaxili münaqişələrin korlanması, tərəflərin bir-birinə hörmət etməməsi, məsuliyyətdən yan qaçmaq, sosial şəbəkələr, internet də səbəbdir. İnsanlar fikirləşdilər ki, tanınmış adamda olursa, onda niyə olmasın? Klub həyatını real ailə həyatına gətirən insanlar ailə institutunun məhvinə gətirib çıxardılar. Bununla bağlı dövlət çox normativ aktlar qəbul edib. Sağlamlıqla bağlı arayış, narkotik yoxlanışı ilə bağlı arayış tələb olunur. Təklif edirik ki, psixoloji sağlamlıqla bağlı arayış təklif olunsun ki, nikaha daxil olanlar ailə həyatının ciddiliyini qəbul etsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə