Dövlət Komitəsində müharibə veteranları ilə görüş keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin struktur bölmələrində və tabeliyindəki təşkilatlarda, ümumilikdə 37 nəfər Qarabağ müharibə veteranı çalışır.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə 8 Noyabr – Zəfər günü ilə bağlı Dövlət Komitəsində keçirilən görüşdə məlumat verilib. Tədbirdə torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası uğrunda canından keçən şəhidlərimizin xatirəsini yad edilib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı böyük qələbənin xalqımızın qəhrəmanlıq tarixində xüsusi yer tutduğunu deyən Komitə sədrinin müavini Fuad Hüseynov bu qələbəyə şəxsi töhfə verən hər bir həmvətənimizin yüksək hörmət və ehtirama layiq olduğunu vurğulayıb.

Bildirilib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hər zaman şəhid ailələrinə və müharibə veteranlarına diqqət, qayğı göstərirlər.

Qeyd olunub ki, 44 günlük möhtəşəm Zəfər uzun illər yurd həsrəti çəkmiş məcburi köçkünlərin öz ata-baba ocaqlarına geri dönüşünə imkan yaradıb. Qələbədən ötən dörd il ərzində Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı quruculuq işləri aparılıb. Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində yenidən salınan və bərpa edilən yaşayış məntəqələrində keçmiş məcbur köçkünlərin məskunlaşdırılması davam etdirilir. Dövlət Komitəsində çalışan müharibə veteranları da bu prosesin uğurla həyata keçirilməsində iştirak edirlər.

Keçmiş döyüşçülərdən Amil Əbilov, Xanlar Məmmədəliyev, Bayram Vəliyev, Nicat Cəlilov və digərləri çıxışlarında dövlətimizin onlara göstərdikləri diqqət və qayğıdan danışıblar.Onlar işğaldan azad edilmiş ərazilərdə Azərbaycan bayrağının dalğalanmasından qürur hissi keçirdiklərini, məcburi köçkünlərin qayıdışı nəticəsində doğma yurd yerlərimizin yenidən canlanmasına ürəkdən sevindiklərini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə