Nazir rektorun oğluna yeni vəzifə verdi

Ədliyyə naziri Fərid Əhmədov Bələdiyyələrlə İş Baş İdarəsinə yeni rəis müavini təyin edib. SİA-nın məlumatına görə, bu vəzifə Mehdi Abdullayevə həvalə olunub.

Mehdi Abdullayevin özünün sosial şəbəkədə paylaşdığı informasiyada Bələdiyyələrlə İş Baş İdarəsinin rəis müavini olduğu qeyd edilib.

Mehdi Abdullayev Ədliyyə Nazirliyinin ləğv edilən Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb. O, daha əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetində və Dövlət İdarəçilik Akademiyasında prorektor vəzifəsində çalışıb.

M.Abdullayev Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla ilə eks-deputat, AMEA Şərqşünaslıq Gövhər Baxşəliyevanın oğludur.

Qeyd edək ki, bu ilin iyun ayında Ədliyyə Nazirliyində struktur dəyişikliyi həyata keçirilib. Dəyişikliyə əsasən, Bələdiyyələrlə İş Mərkəzi ləğv edilərək, yerində Bələdiyyələrlə İş Baş İdarəsi yaradılıb. Mərkəzin rəhbəri Rəhman Məmmədov vəzifədən azad edilərək Ədliyyə Nazirliyinin sərəncamına götürülüb. Bələdiyyələrlə İş Baş İdarəsinin rəis əvəzi vəzifəsi isə Elmin Həsənova həvalə edilib. O, bir neçə həftə əvvəl həmin idarəsinin rəisi vəzifəsinə gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə