Keşikçidağda elmi arxeoloji qazıntılar və “Yay məktəbi-4” layihəsi davam edir - FOTOLAR

Ağstafa rayonu ərazisində yerləşən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisindəki Kurqanlar vadisində çoxlu sayda qəbir abidəsi mövcuddur. Qoruq yarandığı gündən etibarən burada elmi tədqiqat və arxeoloji qazıntı işləri aparılır. SİA xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitunun birgə təşkilatçılığı ilə institun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfovun rəhbərliyi ilə Karvan dərəsi kurqanlarında “Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay məktəbi-4” adlı layihə həyata keçirilir.

Ərazi düzənlik sahə olub, az hündürlüklü sıx çöl bitkiləri ilə, açlaq maili təpəliklərlə və bəzi yerlərdə yağış və sel sularının gur axması səbəbindən yaranmış az dərinlikli yarğanlarla müşahidə olunur. Ərazidə arxeoloji abidələri (əsasən kurqanları) uzaqdan müşahidə etmək mümkündür. Sahə səthi relyef quruluşuna malikdir. Qazıntılar 3 kurqan abiəsində paralel olaraq həyata keçirilir. Ərazidə bir-birinə yaxın məsafədə 4 kurqan abidəsi qeydə alınıb. Onlardan birinin qazıntısı əvvəlki illərdə həyata keçirilib. Qalan 3 kurqan abidəsinin qazıntısı isə bu il aparılır. Kurqanlar bir-birinə təxminən 10-40 metr aralı yerləşir.

Kurqan örtüyü götürüldükdən sonra mərkəzdə qəbir kamerası aşkarlanıb. Qəbir kamerasının üzərinə 20-30 santimetr qalınlığa malik, 1,5-2 metr uzunluğa çatan ağır çəkili qaya daşlarından qismən yonularaq forma verilmiş plitə daşlar düzülüb.

Layihədə gənc könüllülər, tarix müəllimləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qarabağ Universitetinin, ADA Universitetinin Qazax Mərkəzinin tələbə və magistrları, Qazax Dövlət Sosial-İqtisad Kollecinin tələbələri, abidə mühafizləri, Tarix-Diyarşünaslıq muzeylərinin əməkdaşları iştirak edirlər.

Karvan dərəsi kurqanlarında aparılan arxeoloji qazıntılarda skif ox ucluğu, balıqqulağı və pasta muncuqlar, saxsı nümunələri, bişmiş heyvan sümükləri aşkarlanıb. Bu tapıntılar içərisində Tuncdan olan və Xocalı-Gədəbəy mədəniyyətinə aid olduğu ehtimal edilən keramika məmulatları və e.ə. VII əsrə aid skif ox ucluğu xüsusilə maraq kəsb edir.

Bundan sonra da layihənin uğurla davam etdiriləcəyi və qiymətli nəticələr əldə olunacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə