"İsti yay aylarında riskli qidalardan ehtiyatlı olmaq lazımdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Hər mövsümə uyğun qida ilə müəyyən davranma mədəniyyəti var. Lakin birmənalı şəkildə bütün qidalar istehsalçıdan və ya tarladan, firmadan istehlakçının masasına qədər "soyuq zəncir" üzrə gətirilməlidir. Bu" Qida Təhlükəsizliyi Agentliyinin əsas işlərindən biridir". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, bu "soyuq zəncir" prinsipini saxlamaq üçün Qida Təhlükəsizliyi Agentliyi artıq 4 ildir ki, iş aparır: "Lakin biz bəzən ən müasir supermarketlərə gedib görürük ki, pis qoxu gəlir. O deməkdir ki, gecələr işığa qənaət üçün soyuducuları ayırıblar, qida artıq çirklənibdir. Mən Qida Təhlükəsizliyi Agentliyində ictimai şuranın üzvü olan zaman daim rəhbərlik qarşısında məsələ qaldırırdım ki, biz dükanlarda monitorinq aparaq, görək, soyuducuların temperatur rejimi qidanın saxlanma şəraitinə uyğundur, yoxsa, yox. Adətən soyuducuların da temperatur rejimini yuxarı qoyurlar ki, elektrikə qənaət olunsun. Bütün bu kimi məsələlər, eləcə də ev şəraitində hazırlanan qidalar, Azərbaycanın qida mədəniyyətinin mühüm komponenti olan şorabalar zəhərlənmələrə, tədrici, qəfl zəhərlənmələrə gətirib çıxarır".

Toylar, əlbəttə, qidaların insanların tədricən, yaxud qəfl zəhərləndiyi yerlərdən biridir. Əksər hallarda regionlarda toyxanalar sənədlərlə icarəyə verilir. Toy sahibləri özlərinə sərf edən bir neçə malı özlərinə götürür, Qida Təhlükəsizliyi Agentliyinin şöbəsinə aparır, bir kağız alıb gətirir, sonra toyxana sahibi onlara icazə verir. Lakin 20-30 cür qidanın hamısında ekspertiza götürülmür. İsti yay şəraitində cəmi saxlanma müddəti 5-6 saat olan bəzi mallar, məsələn mayonezlər xarab olur. Bütün bunlar hamısı Azərbaycanda insanların xəstələnməsinə gətirib çıxarır. Təsadüfi deyil ki, Azərbaycan uzunömürlülər sırasında dünya ölkələri içində 190 ölkə arasında 115-ci yerdədir. Təəssüflər olsun ki, qida zəhərlənmələri Azərbaycanda ciddi cəhdlə gizlədilir. Statistikasi düzgün aparılmır, yaxud da, apara bilmirlər. Məsələn, statistika ümumdünya göstəricisindən 700 dəfə az göstərilir. Bu, yolverilməzdir. Düşünürəm ki, bu statistika mütləq düzəlməlidir.

Bir sözlə, isti yay ayları istənilən kimyəvi reaksiyanın katalizatoru rolunu oynayır. İnsanlar yay aylarında xüsusisən riskli qidalardan, yeni göbələk, balıq, tez xarab olan mallardan, toyuq ətlərindən çox ehtiyatlı olmalıdırlar. Yalnız "soyuq zəncir" istehlakçıya çatdırılmalıdır. İnsanlar bunu bilməlidir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə