QHT-lər üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi elan edilib

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsini elan edib. Nazirlikdən SİA-ya bildirilib ki, müsabiqənin əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının icrası istiqamətində mədəni və yaradıcı sənayelərin, həmçinin mədəni və innovativ cəmiyyətin inkişafı üçün müasir, dayanıqlı və çoxtərəfli əməkdaşlıqları özündə ehtiva edən, müasir dövrün çağırışlarına cavab verən layihələrin həyata keçirilməsi və bu prosesdə vətəndaş cəmiyyəti təşkilatlarının rolunun artırılmasıdır.

Müsabiqə iştirakçısı Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatı olmalıdır. Layihə təklifi maksimum 3 ay müddəti əhatə etməklə, Azərbaycan ərazisində həyata keçirilməlidir. Bir layihə təklifinə maksimum 30000 manat maliyyə vəsaiti ayrıla bilər.

Müsabiqəyə avqustun 2-dək grants.culture.az resursu üzərindən elektron formada müraciət etmək olar.

Qrant müsabiqəsi ilə bağlı suallarla projects@culture.gov.az elektron ünvanına və ya Mədəniyyət Nazirliyinin Qaynar xəttinə (Tel: 147) müraciət etmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə