Uşaqlara ad seçərkən nələrə diqqət etməliyik? - PSİXOLOQ İZAH ETDİ

"Uşaqlara ad vermək bir az məsuliyyətli işdir. Çünki belə bir düşüncə var ki, ad uşaqların taleyinə də çox təsir edir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

O bildirib ki, psixoloji tərəfdən baxanda isə biz daha çox uşaqlara verilən qəribə adlar və müxtəlif məna daşıyan adlar gələcəkdə onların sinif yoldaşları tərəfindən, həyətdə oynayanda dostları tərəfindən bullinqə məruz qalmasına səbəb olur: "Valideynlər bəzən uşaqlara müxtəlif səbəblərdən hansısa gülməli adlar qoyurlar. Yaxud da, mənası çox pis olan adlar qoyurlar. Elə adlar da qoyurlar ki, onlardan uşaqlar özləri başqa mənalı sözlər quraşdırıb yoldaşlarını lağa qoyurlar, onları gülüş obyekti edirlər. Bütün uşaqlar da buna dayanıqlı olmur. Valideynlərə tövsiyə bu olardı ki, uşağa ad verəndə bunu düşünsünlər, çox qədim, gülməli, iki mənalı adlar qoyanda, çox düşünsünlər. Uşağın gələcəyini düşünsünlər, hansı cəmiyyət, mühitdə böyüdüyünü nəzərə alsınlar. Uşaqlardan hansılar ki, belə adlara məhkum olublar, valideynləri, uşaqlar da bullinqə dayanıqlığı öncə öyrənməlidirlər, sonra isə belə bir şey varsa, susmamalıdırlar. Valideynlər həmin uşaqların valideynlərinə bildirə bilərlər ki, birincisi, etik deyil, ikincisi, psixoloji şiddətdir. Uşaq ətrafa aqressiya, nifrətlə ilə böyüyə bilər. Buna görə gələcəkdə digər uşaqlara fiziki şiddət göstərə bilər, aralarında dava yarana bilər və sair kimi müxtəlif fəsadlara gətirib çıxarır".

"Bəzən valideynlər ad məsələsini o qədər ciddiyə almır ki, istədiyi adı vermək istəyərək eqoist yanaşırlar. Uşağa ad vermədə ancaq özlərini və qohumları düşünməli deyillər. Ad uşağın gələcəyinə o adla böyüməsinə təsir edir, o adı gələcəkdə haradasa yazıb altına imza atanda utanmamalıdır. Uşaq öz adına görə utanc hissi ilə böyüməməlidir. Bütün utanc hissi, gizlətmək kimi duyğular sonradan daha aqressiv, şiddət dolu davranışlara çevrilir. Birinci aqressiya valideynlərə qarşı yaranır ki, hansı ağılla mənə bu adı vermisiniz, ikinci, ətrafına, üçüncü, özünə yönəlir ki, niyə belə adım var. Düzdür, müəyyən yaşdan sonra ad dəyişmək mümkündür. Bu da böyük prosesdir. Ətraf artıq əvvəlki ada öyrəşir, ad dəyişmək həmin insan üçün böyük travmadır. Ona görə ada çox sadə yanaşmağın tərəfdarı deyiləm. İnsana ad vermək çox ciddi, məsuliyyətli işdir. Hansısa addan xoşumuz gəlir deyə, yalnız özümüzü düşünməyək. O adın cəmiyyət, ictimaiyyət tərəfindən necə qarşılanacağı və uşağın nələrə məruz qalacağını ciddi şəkildə ailəlikcə götür-qoy etməyi tövsiyə edərdim" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə