Azərbaycanda hansı qatillər mühakimə olunmur? - MÜNASİBƏT BİLDİRİLDİ
"Əməlin cinayət olmasını aradan qaldıran hallar Azərbaycan Respublikası Cinayət qanununun 8-ci fəslində konkret olaraq göstərilmişdir". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Xanlar Sətullayev deyib.

O bildirib ki, qanunda göstərilir ki, zəruri müdafiə, cinayət törətmiş şəxs tutularkən, son zərurət, əsaslı risk və əmr və ya sərəncamın yerinə yetirilməsi zamanı törədilmiş əməl cinayət sayılmır: "Cinayət Məcəlləsinin 36-cı maddəsinə görə, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. Lakin qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir.
Həmin Məcəllənin 37-ci maddəsinə görə, cinayət törətmiş şəxsin səlahiyyətli dövlət hakimiyyəti orqanlarına gətirilməsi və ya yeni cinayətlər törətməsinin qarşısının alınması məqsədi ilə tutulduğu zaman ona zərər yetirilməsi, əgər həmin məqsəd üçün bütün digər təsir imkanlarından istifadə lazımi nəticə verməmişsə və bunun üçün zəruri olan tədbirlərin həddi aşılmamışdırsa, cinayət sayılmır. Cinayət törətmiş şəxsin tutulması üçün tətbiq edilən vasitələrin və üsulların törədilmiş əməlin və həmin əməli törətmiş şəxsin ictimai təhlükəlilik dərəcəsinə, habelə tutulmanın hallarına aşkar surətdə uyğun gəlməməsi və zərurət olmadan şəxsə açıq-aşkar həddən artıq zərər vurulması şəxsin tutulması üçün zəruri olan tədbirlərin həddini aşmaq hesab olunur. Həddi bu qaydada aşma, yalnız qəsdən zərər vurulduqda cinayət məsuliyyətinə səbəb olur.
Həmin Məcəllənin 38-ci maddəsinin tələbinə görə, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxslərin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini bilavasitə qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün bu Məcəllə ilə qorunan obyektlərə zərər vurmaq yolu ilə törədilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni başqa vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, cinayət sayılmır. Baş vermiş təhlükənin xarakterinə və dərəcəsinə, habelə həmin təhlükənin aradan qaldırılması şəraitinə aşkar surətdə uyğun olmayan zərər vurulması və vurulmuş zərərin qarşısı alınmış zərərə bərabər və ya ondan artıq olması son zərurət həddini aşma sayılır. Son zərurət həddini bu qaydada aşma, yalnız qəsdən zərər vurulduqda cinayət məsuliyyətinə səbəb olur".
"Cinayət Məcəlləsinin 39-cu maddəsinə görə, İctimai faydalı məqsədə nail olmaq üçün əsaslı risk nəticəsində bu Məcəllə ilə qorunan obyektlərə zərər vurulması cinayət sayılmır. Göstərilən məqsədə risk ilə əlaqədar olmayan hərəkətlə (hərəkətsizliklə) nail olmaq mümkün deyildirsə və risk edən şəxs bu Məcəllə ilə qorunan obyektlərə zərər dəyməsini aradan qaldırmaq üçün zəruri tədbirləri görmüşdürsə, risk əsaslı hesab edilir. Bilə-bilə insanların həyatı üçün təhlükə ilə, ekoloji və ya digər fəlakət təhlükəsi ilə müşayiət olunan risk əsaslı hesab edilmir.
Cinayət qanununun 40-cı maddəsinə görə, müəyyən edilmiş qaydada verilmiş və icrası şəxs üçün məcburi olan əmr və ya sərəncamı yerinə yetirərkən həmin şəxs tərəfindən bu Məcəllə ilə qorunan obyektlərə zərər vurulması cinayət sayılmır. Belə zərərə görə qanunsuz əmr və ya sərəncam vermiş şəxs cinayət məsuliyyəti daşıyır. Bilə-bilə qanunsuz əmri və ya sərəncamı yerinə yetirməklə qəsdən cinayət törətmiş şəxs ümumi əsaslarla cinayət məsuliyyətinə cəlb olunur. Qanunsuz əmr və ya sərəncamın yerinə yetirilməməsi cinayət məsuliyyətinə səbəb olmur.
Zəruri müdafiə dedikdə, hücum edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qanuni olaraq özünü müdafiə etmək başa düşülür. Zəruri müdafiə vəziyyətində edilmiş hərəkətlər dövlət mənafeyini, ictimai mənafeyi, vətəndaşların şəxsiyyəti və hüquqlarını ictimai təhlükəli qəsddən müdafiə etmək olduğu üçün cinayət deyil, əksinə, ictimai faydalı hərəkətlər hesab edilir. Zəruri müdafiə vətəndaşın subyektiv hüququdur, lakin bir nüansa diqqət etmək lazımdır ki, zəruri müdafiə və son zərurət halında törədilən hərəkət adekvat olmalı, müdafiə həddi aşılmamalıdır. Məsələn oğurluq edən zaman şəxsin mənzil sahibi tərəfindən tutulub döyülərək öldürülməsi zəruri müdafiə kimi qiymətləndirilə bilməz" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB