Niyə yaşlılar və uşaqlar eyni psixologiyada olurlar? - PSİXOLOQ ŞƏRH ETDİ

"Ümumiyyətlə, insan doğulduğu andan qocalana qədər yaşam prosesindən keçir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

O bildirib ki, insan yaşam prosesində yaşına uyğun inkişaf dinamikası yaşayır: "İnkişaf dinamikası odur ki, çağalıq dönəmindən tutmuş körpəlik, məktəbəqədər, kiçik məktəbli, ilkin yeniyetməlik, yeniyetməlik, ilkin gənclik, gənclik, yaşlılıq, yetkin yaş, qocalıq və ahıl yaşından keçir. Ahıl yaşına çatır ki, bu yaşda artıq insan kövrək olur, fiziki, psixoloji cəhətdən onun bir çox idrak proseslərində ləngimələr baş verir. Bunun fərqinə varan yaşlı insanlar sanki qocaldıqca fizioloji cəhətdən özlərində müəyyən çöküşlər hiss etdiyi üçün sanki cavan insanlara möhtac olurlar. Ona görə qeyd olunur ki, yaşlılar getdikcə uşaqlaşır. Çünki insan öz yaşam limitini qismən bilir deyə, nə vaxt öləcəyi günü bilmir. Amma yaşam limitini təxmin edir. Ona doğru gedən insan da çarəsiz, fizioloji cəhətdən özünü köməksiz və sığınmaq üçün sevgi axtarır, gərəkli, vacib olduğunu hiss etmək istəyir. Bu aspektdən də insanlarda yaşlaşdıqca qəribə uşaqlıq simptomları yaranır. Ona görə biz əlaqələndiririk ki, uşaqlarla yaşlıların psixologiyası çox üst-üstə düşür. Sanki onlar da uşaqlaşırlar. Amma onların uşaqlaşmasına səbəb körpənin necə ki, böyüyə ehtiyacı olmasıdırsa, qocalan insanın da ayaqda dayanan daha sağlam, təfəkkürlü, fizioloji cəhətdən sağlam insana ehtiyacı olmasıdır. Biz yaşlandıqca bədən müvazinətimizi itirmiş oluruq. Bir çox idrak proseslərində qeyd etdiyim kimi müəyyən ləngimələr və pozulmalar da ola bilir. Diqqət, təfəkkür, qavramamız əvvəlki kimi olmur. Buna görə biz tabe oluruq. Artıq özümüzdən yaşca kiçiklərə tabe oluruq. Burada qəribə balans yaranır. Uşaq ikən böyüklərə tabe olduğun təqdirdə, qocaldıqca daha cavanlara tabe olursan".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə