“"Böyük Qayıdış" konsepsiyası uğurla icra olunur“ - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan Vətən müharibəsindəki böyük və şanlı qələbəsi və bir günlük anti-terror tədbirləri ilə öz ərazi bütövlüyü və suverenliyini bərpa etdi. Otuz ilə yaxın düşmən tapdağında olan müqəddəs ərazilərimizi geri qaytardıq. Dünyanın ən çox mina ilə çirklənmiş ərazisi olmasına baxmayaraq işğaldan azad edilmiş ərazilərimiz Azərbaycanın məhz öz gücünə minalardan təmizlənir və paralel olaraq sürətli şəkildə böyük quruculuq, bərpa işləri həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, sözün əsl mənasında qısa zaman ərzində işğaldan azad olunmuş torpaqlarımızda hava limanları, inzibati dövlət binaları, yaşayış məskənləri, ağıllı kənd və şəhər konsepsiyasının, yaşıl zona sisteminin formalaşdırılması üçün çox mühüm işlər görülür: “Artıq bir çox ərazilərdə insanların qayıdışı və orada firəvan həyat sürmələri təmin olunub. Məhz ilk olaraq da qarşımızda duran məsələ həmin ərazilərin bərpası və məcburi köçkünlərin öz doğma yurdlarına geri qayıdışının təmin edilməsidir.

"Böyük Qayıdış" konsepsiyası hazırda uğurla icra olunur. Füzuli, Zəngilan, Laçın və digər ərazilərə insanların qayıdışı həyata keçirilir. Həmin ərazilərdə yaşayış üçün vacib bütün infrastruktur yaradılaraq, istifadəyə verilib. İşğaldan azad edilmiş ərazilərdə yeni iş yerlərinin açılması məsələsi də gündəmdə olan ən vacib məqamlardan biridir. Ümumilikdə qarşıdakı illərdə bütün şəhər və kəndlərə insanların qayıdışı təmin olunacaq. Paralel olaraq həmin ərazilərdə, yəni Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonasında ağıllı kənd və şəhər konsepsiyası daha da inkişaf etdiriləcək. Xüsusilə də həmin torpaqların yaşıl zona kimi inkişafına xüsusi diqqət ayrılır. Burada diqqəti çəkən əsas məsələsi isə bütün bu işlərin sırf Azərbaycanın öz gücü və potensialı hesabına həyata keçirilməsidir. Bu da birbaşa olaraq respublikamızın qüdrətindən xəbər verir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə