Bu günlərdə qonşuya keçmək istədim. Qapıya çatanda evdən gələn gurultulu səsi qulaqlarımı dəldi. Qapının zəngini basdım, ha gözlə ki, açan olacaq. Sonra qapını döyməyə başladım, ha döy ki, açan olacaq. Əlacsız qalıb gəldim evə, telefonda yazdım ki, ay qonşu, sizə gəlmək istəyirdim, bəs qapını açmırsınız. O da cavab verdi ki, bizim qapının nə zəngi çalıb, nə də qapı döyülüb. Yoxsa evdəyəm, haradayam ki?.. Ta durum nə deyim? Dedim evdəsən, lap yaxşı, bir zəhmət qapını aç.

Çıxdım qapıya, gördüm qapını açdı, şükür, deyib, içəri girdim. İçəri də nə içəri. İnanın Allaha, səsdən ev dağılırdı. Elə bil müharibə gedirdi. Güllə-baran səsi, qışqırıq, gup-gup və sair. Elə bildim bu dəqiqə tavan uçub töküləcək başıma. Dedim ay qız, bu nə səsdir? Buna başın-qulağın necə dözür sənin? Cavab verdi ki, əşi, narahat olma, nə səs olacaq ki, uşaqdır da, plesteyşin oynayır.

Ana:

-Ay bala, o televizorun səsini bir az azalt.

Ananı məgər eşidən oldu? Bu qədər səsin içərisində uşaq səsi necə eşidə bilərdi ki, ana bu otaqdan o otağa çığırırdı.

Ana səsin azalmadığını görüb qalxıb uşaq olan otağa keçdi. Yəqin ki, dedi ki, ay bala, televizorun səsini bir qədər azalt.

Ana qayıtdı, lakin səs aşağı enmədi. Ana da "indinin uşaqları söz eşitmir ki",- deyib özünə təsəlli verdi. Vəssalam.

Nə isə, qonşuya sözüm vardı. Onu bu qışqırığın, səs-küyün, guppultunun içərisində birtəhər deyib, qaçıb buradan uzaqlaşmaq üçün qısa etdim. Orada 2-5 dəqiqə arası qaldım, lakin elə bildim illərdir, bir guppultu içindəyəm.

***

Üç-dörd gün sonra marketə getmişdim. Qonşu ana-bala da orada idilər. Salamlaşdıq. Onlardan bir az aralıda da mən dayanmışdım. Başım səbətə ərzaq yığmağa qarışmışdı. Vallah bilmədim, bu ana-balanın arasında nə söz-söhbət oldu, yəni marketdə uşaqla ana arasında nə söhbət ola bilər ki... Uşaq nə isə istəyər, ana almaz, söhbət bu olar da. Qonşunun bu 7-8 yaşlarında olan oğlu anasını təpikləyir, çığırır, ağlayır, səbətdən ərzaqları götürüb yerə atmaq istəyirdi. Eynilə onlarda olarkən qonşu otaqdan gələn oyun səsini uşaq marketdə çıxarırdı.

Düzü, qorxudan yaxına gedə bilmədim. Fikirləşdim ki, uşaq əsəbiləşib, mənə də təpik atar. Kənardanca baxa-baxa qaldım. Ana da xəcalətindən bilmirdi nə etsin. "Yaxşı, yaxşı, alacam" deyirdi. Bu sözü eşidəndə bildim ki, uşaq nə isə istəyib, anası "yox" deyib ki, bu qədər əsəbiləşib.

Lakin nə olsun ki, "yox" deyib. Uşaqlarımıza o qədər "yox" demişik ki. Məgər bizə marketdə təpik atıb, səslərini də başlarına qaldırıblar...

***

Marketdən çıxdım, evə qədər öz-özümə deyinə-deyinə getdim: hələ bu oyunlar bizim başımıza nə oyunlar açacaq, gözləyin, görün. Ay qardaş, ay bacı, uşaq nə istəyir alırıq, qoyuruq qarşısına, özümüz də keçirik mətbəxə. Ta nəzarət etmirik ki, görək, uşaq bu oyunlardan nəyi əxz edir. Bəlkə elə uşaqlarımızın tərbiyəsini, xarakterini pozmaq üçündür bu oyunlar. Bəlkə gələcəyimizi məhv etmək üçündür bu oyunlar. Kim bunları araşdırıb sonra uşağının oynamasını məsləhət görür?

Hə, nə qədər ki, uşaqlarımızdan xəbərsizik, onlar bizi təpikləmək nədir, hələ başqasından aldığı bu kimi tərbiyələrlə gör nələr edəcəklər...

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə