"Onlar psixiatrdan müalicə almalıdırlar" - PSİXOLOQ İZAH ETDİ

"Dırnaqyemə davranışı duyğularla bilavasitə olaraq əlaqədardır". Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.

Psixoloq bildirib ki, bəzən təkcə uşaqların deyil, ortayaşlı insanların da dırnaq yediyinin şahidi oluruq: "Dırnaqyemə davranışının altında yatan səbəblərə gərginlik, sevgi və diqqət əksikliyi, basdırılmış, ifadə edilməmiş duyğular səbəb ola bilir. Bu davranışa sahib olan insanlara ailə üzvləri, eləcə də dost-tanışlar tərəfindən davamlı olaraq əlini ağzından çıxar, dırnağını yemə kimi sözlər deyilir. Amma bu davranış şüursuz olaraq edildiyi üçün həmin insanın özündən asılı olmur və o bu sözləri eşitdiyi üçün bu davranışını azaltmaq yerinə daha da artırır.

Bəs saç, qaş, kirpik yolmaq hansı psixoloji problemin əlamətləridir? Necə müalicə etmək olar?

Saç, qaş, kirpikyolma Trixotillomaniya adlanır. Trixotillomaniya psixiatrik bir problemdir. Bu problem elədir ki, insan özündən asılı olmayaraq saçını, qaşını, kipriyini yola bilir. Bu insanlar dəfələrlə onlara xəbərdarlıq edilməsinə baxmayaraq heç cür özləri ilə bacara bilmirlər. Hətta Trixotillomaniya ilə bərabər görünə bilən problemlər var. Trixotillomaniya çox zaman tək rast gəlinmir. Onunla paralel olaraq rast gəlinən başqa problemlər olur. Məsələn, saç yolan insanda təşviş pozuntusu, maddə istifadəsi, siqaret, spirtli içki istifadəsi, oyun asılılığı daha çox rast gəlinən problemlərdəndir. Depressiya da ola bilər".

Onun sözlərinə görə, Trixotillomaniya əsasən yeniyetməlik yaş dönəmində, 12-13 yaşlarda görülür: "Bu problemin başlanğıc yaşı yeniyetməlik dönəmlərinə düşür. Qadınlarda kişilərə görə daha çox rast gəlinir. Hətta təcrübəmdə elə xanımlar olub ki, onlar seanslara gəlməkdən belə imtina ediblər. Həyat yoldaşlarının onlarda belə bir problem olduğunu bilməsini istəməyiblər, ailə üzvlərinə deməkdən belə çəkiniblər. Biz o insanlarla onlayn olaraq işləmişik. Saçlarının, qaşlarının öz-özünə töküldüyünü deyirlər. Ona görə yalan danışırlar ki, etdiklərinin normal olmadığının fərqindədirlər, utanc duyğusu yaşayırlar.

Müalicəsinə gəlincə isə psixiatrdan müalicə almalıdırlar. Sonra paralel olaraq psixoloqla da konsultasiya keçməlidirlər ki, nəticə əldə etsinlər. Müalicəsi mümkündür. Birinci, istəmək lazımdır. Həm dərman müalicəsi, həm də psixoloq dəstəyi ilə bu psixoloji problemdən xilas olmaq olur".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə