İnsanların Novruz bayramına olan laqeydliyi nədən qaynaqlanır? - AYDINLIQ GƏTİRİLDİ

“Əvvəllər Novruz bayramında el-oba yığışaraq kimsəsiz bir adama toy edərdi. Buna el arasında “mürvət toyu” deyilirdi. Bayramda itkisi olan bir ailəni yasdan çıxarmaq məqsədi ilə həmin evə səməni xonçası aparılırdı. Xonçanı aparan adamın boynundan sallanan torbada müxtəlif şirniyyatlar, meyvə və çərəzlər olurdu. Novruz təamları həyətdə oynayan uşaqlara bəxşiş kimi paylanardı. Təəssüf ki, bu gün bayram adət-ənənələri unudulur”. Bu sözləri SİA-ya folklorşünas Sevinc Qasımova deyib.

O təəssüflə qeyd edib ki, indi səməni cücərtmək, səməni halvası bişirmək kimi adətlər artıq unudulub: “Əvvəllər insanlar bir yerə yığışardılar. Hamı bir-biri ilə köməkləşib, şirniyyat hazırlayardı. Evdə bayram əhval-ruhiyyəsi duyulardı. İndi isə hər şey hazır edilir. Şirniyyatlar hazır alınır və süfrəyə qoyulur. Bayram vaxtı yalnız bir açıqca və ya təbrik mesajı göndərirlər, vəssalam. Bu da ünsiyyətin azalmasından irəli gəlir”.

“Novruz bayramı ulu əcdadlarımızdan bizə yadigardır. Qədim ənənələri qorumağın yolu uşaqlara aşılamaqdan keçir. Hər birimiz milli adət-ənənələri gələcək nəsillərə ötürmək üçün məsuliyyət daşıyırıq”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə