"Narsist insanlar çox eqoist olurlar" - İZAH EDİLDİ

"Bəzən insanlar "mən özümü heç zaman sevməmişəm" deyir". Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.

Psixoloq deyib ki, insan özünü sevməyə hər zaman başlaya bilər: "Özünü sevmək eqoistliklə bağlı bir şey deyil. Eqoist insan yalnız və yalnız özünü düşünür. İnsan həm özünü sevir, həm də başqalarını sevir deyə, düşünürsə, deməli, eqoist deyil. Özünü sevməyə başlamaq kiçik addımların böyük dəyişikliklərə apardığına inanmaqdır. İnsan özünü sevdiyi zaman mükəmməlliyyətçilik, səhv etməmək kimi ağır və qeyri-real tələbləri qarşısına qoymur, özünü yükləmir, özünə səhv etməyə icazə verir. Səhv etmək hamı kimi bizim də haqqımızdır və çox normaldır. Səhv etməyən insan heç nəyə cəhd etməmiş insandır. İnsan həyatda cəhdlər etməsə, yaxud yeniliklərə açıq olmasa, irəliləyə bilməz. Bu gün təlqin olunan "özünü sev" kimi fikirlər insanları eqoizmə aparıb insan münasibətlərini pisləşdirə bilərmi?

Narsistlik şəxsiyyət tipi deyilən anlayış var. Narsizm özünü sevmək, özünün fanatı olmaqdır, yəni burada özünü sevmək artıq dərəcədədir. Qarşıdakı insanın duyğularını anlamamaq, özünü onun yerinə qoya bilməməklə xarakterizə olunur. Narsist insanlar tənqidə qapalı olur, heç zaman tənqidi qəbul etmirlər. Kimsə onlarda səhv olduğunu deyəndə bu səhvi qarşı tərəflə əlaqələndirirlər. Hər hərəkətlərinə haqq qazandırırlar. Təbii ki, narsistlik normal hal deyil. İnsan xarakterində insanı uçuruma aparan xarakter tipidir. Əgər bir insan özünü, həm də başqalarını sevirsə, tənqidə, yeniliklərə açıqdırsa, eqoizmə getməyəcək və insan münasibətlərini də pisləşdirməyəcək".

"Şəxsiyyət tipləri içində narsist tipi nümunə göstərməyim təsadüf deyil. Narsist insanlar çox eqoist olurlar. Onlar üçün bu həyatda ancaq özləri olur, qarşı tərəfin duyğularını anlamırlar, empatiya quraraq qarşı tərəfin yerinə özlərini qoya bilmirlər. Onlar üçün başqa insanların arzu, düşüncələri, emosiyaları maraqlı deyil, ancaq bu həyata öz məqsədlərini həyata keçirmək üçün gəlirlər.

Eqoizmlə bərabər altruizmi də misal göstərmək istəyirəm. Düşünürəm ki, eqoistlikdən danışırıqsa, altruizmdən də danışmalıyam. Çünki eqoistlik insanın ancaq özünü sevməsidir. Bunun əksi olaraq altruizm ifadəsindən istifadə olunur. Altruist insanlar da ancaq başqalarını düşünürlər. Özlərini o qədər sevmirlər ki, hətta unudurlar. Onlar qarşı tərəfi düşünür, qarşı tərəf üçün hər bir fədakarlıqları edirlər. Bir gün çox fədakarlıq etdikləri üçün qarşı tərəfin gözündə dəyərsizləşirlər. Altruist insanlar özlərini o qədər dəyərsiz hiss edirlər ki, bir müddət sonra tükənərək insanlararası münasibətlərdən uşaqlaşırlar" -deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə