Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar faciəsi xalqımızın azadlıq səsini ucaltdığı kədərli, həm də məğrur tariximizdir. Xalqın vətənpərvərlik hisslərinin coşduğu, birlik nümayiş etdirdiyi, şəhid olduğu bu tarix bizim üçün şərəflidir. Şükürlər olsun ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı azad etdik. Müstəqilliyimizin ilk addımı olan 20 Yanvar Azərbaycan xalqı üçün unutmayacağı və unutdurmayacağı bir tarix oldu. İndi - 2024-cü ildə 20 Yanvar faciəsinin 34-cü ildönümüdür. SİA olaraq vətəndaşlar arasında "Qalib xalqın qalib nümayəndəsi kimi 20 Yanvar faciəsini hansı hisslərlə qarşılayırsınız?" mövzusunda sorğu etdik.

Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi Zemfira Səlimova: "Biz işdən çıxanda başımızın üstündən güllə keçirdi. "Bakıxanov prospekti"ndə yaşayırdıq. Nə qədər gəncimiz öldürüldü. Xanızadə, Ceyhun Mirzəyevi yad etmək lazımdır. O yara unudulmaz. İndi isə qalib ölkə kimi başımız ucadır. Allah Prezidentimizin canını sağ eləsin, başımızı uca edib. 7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar prezident seçkisinə həvəslə gedirik. Prezidentimiz xalqın dili ilə danışır, xalqla bərabərdir. Böyüklə böyük, kiçiklə kiçikdir. Allah onu bizə çox görməsin".

Şəhər sakini Cəlal Hüseynov: "20 Yanvar vaxtında mən rayonda idim. Öz kəndimizi qoruyurduq. Mənim xatirimdə o qalıb ki, Bakını televiziyada göstərdilər. İndi isə xoş hisslər keçirirəm ki, qalib ölkə olmuşuq. Erməni və havadarlarına qalib gəldik. Qalib olduqdan sonra 20 Yanvar fərqli keçir. Həmişə 10-20 gün əvvəldən hər yer güllərlə bəzənirdi. Amma indi o ab-hava yoxdur, çünki qalib gəlmişik. Bununla fəxr etməliyik".

Şəhər sakini Əli Şəfiyev: "20 Yanvar hadisələrini çox yaxşı xatırlayıram. Sahil qəsəbəsinin yanında sement zavodu var. Deyirdilər ki, oradan tanklar gələcək. Səhər saat 5-6-da tankların qarşısını kəsməli idik. Çox əzablı hadisə idi. Azadlıq radiosunun müxbiri Mirzə Xəzər hadisə ilə bağlı məlumatlar verirdi. İnsanın əlindən heç nə gəlməyəndə qəfəsdəki quş kimi çırpınır. Biz torpaqlarımızı itirəndə ləyaqətimizi, şərəfimizi, mənliyimizi itirmişdik. Yaşamaq haqqımız yox idi. Yusif Şəfi deyirdi:
Vətən təhlükədə, namus ləkəli,
Yaşamaq da haram, ölmək də haram.
Sonsuz şükürlər olsun. Allah Prezident İlham Əliyevi, ailəsini qorusun. Allah şəhidlərimizə rəhmət eləsin. Şükür ki, ləyaqətimiz geri qayıtdı. Mənim doğum günüm Şuşanın azad edildiyi tarixdədir. Belə torpaqları düşmənə verib yaşamaq olmazdı".

Şəhər sakini Natəvan Kazımova: "Uşaq idim, tankların, güllələrin səsi bu günə kimi yadımdadır. Qardaşım da küçəyə çıxmışdı, çox qorxurdum. Sevinirik ki, şəhidlərimizin qanı yerdə qalmadı".

Şəhər sakini Aidə Hüseynzadə: "Çox dəhşətli xatırlayıram. Şəhərdə mitinqlər var idi, vəziyyət qarışıq idi, Topxana meşəsindən söhbət gedirdi. Hamı Prezident sarayının qarşısına yığışırdı, vətənpərvərlik hissləri oyanmışdı, millətimizin dərdini çəkirdik. Evə gələndən sonra, gecə saat 10-da mənə zəng gəldi ki, pəncərəyə yaxın dayanma, vururlar. Çöldən tikiş maşınının səsi kimi səslər gəlirdi. Sonra başa düşdüm ki, avtomatla atəş açırlar. Səhər şəhəri tanımadıq. 40 gün radio və televizor səsi eşitmədik, matəm havası oldu. Biz bunlara necə dözdük, indi də bilmirəm. Qızım məktəbli idi, hər gün məktəbdən gələndə evdəki əşyalara qara lent bağlayırdı. Qərar gəldi ki, şəhidlər Dağüstü parkda dəfn olunsunlar. Birdən-birə yüzdən çox qəbir qazılmalı idi, amma adam çatışmırdı. Maşının sürücüsü də onlara köməyə getdi. Başımızın üstündə vertolyotlar uçur, nə etdiyimizə baxırdılar. Camaat küçələrdə idi, heç kim evinə getmirdi. Həlak olanların yerinə qərənfillər düzürdülər. O vaxta kimi qərənfili şad günlərdə bir-birimizə bağışlayırdıq. 20 Yanvardan sonra şəhid gülü oldu. İndi haqq-ədalət yerini tutub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB