Bayramqabağı bazarlarda vəziyyət NECƏDİR? - SORĞU

Bayramqabağı bazarlarda vəziyyət NECƏDİR? - SORĞU

Yeni İlin gəlməsinə artıq bir neçə gün qalıb. Amma bayram ərəfəsində bazarlarda əhalinin istehlak səbətində əsas yer tutan məhsullara tələbatın artması fonunda qiymətlərin də artdığı müşahidə olunur. Bəs, gılin görək, Nəsimi bazarı ətrafında meyvə-tərəvəzlərin qiymətləri alıcıları qane edirmi? SİA olaraq Nəsimi bazarı ətrafında alıcı və satıcılardan alış-verişlə bağlı sorğu keçirmək qərarına gəldik.

Satıcı Əli Tarverdiyev: "Satışlar normaldır, pis demək olmaz, amma yüksək səviyyədə də deyil. Orta səviyyədən aşağıdır. Qiymətlər bahadır, hər yerdə olduğu kimi. Alış-veriş qiymətlərə görə bir az zəifdir. Alış-veriş bir neçə il əvvəl ayın 20-dən başlayırdı. Artıq 25-dir, səs-soraq yoxdur. Bazarlıq çox zəifdir".

Satıcı Seymur Qasımov: "Əsas tələbat kartof və soğanadır. Bayram üçün məhsulların sifarişini etmişik, tələbat yoxdur. Alış-veriş zəifdir. Əvvəl məhsul gələn kimi gəlib ləpədən, qozdan alırdılar. İndi isə gündə işlənən tərəvəzləri-kartofu, soğanı daha çox alırlar. Və uşaqlar üçün də meyvə alırlar. Qiymətlərimiz normaldır. Əslində hər yerdə qiymətlər bahadır. Biz "Meyvəli"dən alırıq, üzərinə qəpik qoyub satırıq. Çox baha qiymət qoymuruq. Sadəcə tələbat yoxdur".

Satıcı Aidə Abdullayeva: "Alver həmişəkinə baxanda çox zəifdir. Qiymətlər də bahadır, məhsul almağa pul tapa bilmirik. Daha çox göyərti satılır. Pomidor, xiyar isə bahadır. Almaların hər qiymətə olanı var. İran portağalı var ki, digərlərinə nisbətən ucuzdur. Türkiyədən gələn portağallar isə bahadır".

Alıcı Elnarə Hüseynova: "Qiymətlər fərqlidir, ucuzu da var, bahası da. Hamının büdcəsinə uyğun məhsul var. Biz çalışırıq ki, öz büdcəmizə uyğun alaq. Biz aşağı təbəqəyə aid olduğumuz üçün çalışırıq ki, daha ucuzunu alaq".

Alıcı Sərdar Mürsəlov: "Qiymətlər burada normaldır, pis, yaxşı dolanırıq. Yeni illə bağlı ümumi çətinlik var. Dünən bir az bayram alış-verişi etdim. Hələ kifayət qədər deyil, yenə də etmək lazım gələcək. Tərəvəzin qiyməti daha bahadır. Məsələn, brokoli 4 manatdır, gül kələmi 2.50 manatdır. Əvvəl balığı 5 manata almaq olurdu, indi isə 7, 12 manata almaq olur".

Alıcı Şəlalə Qurbanova: "Qiymətlərdə çox da dəyişiklik yoxdur, həmişəki kimidir. Satan baha satmaq istəyir, alan isə ucuz almaq istəyir. Yenə də pis deyil, başqa ölkələrə baxanda bizdə hər şey normaldır. Meyvə-tərəvəzi ala bilirik, hələ bayram alış-verişi etməmişik".

Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə