“Azərbaycanda ən böyük ekoloji problemləri ermənilər yaradıb” - ŞƏRH EDİLDİ

“Ölkədə bir çox istiqamətlər üzrə ekoloji problemlər mövcuddur. Bəzilərinin həlli istiqamətində artıq müəyyən işlər görülür”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sadiq Qurbanov deyib.

Deputat bildirib ki, rayonlarda məişət tullantılarının təmizlənib, daşınması və emalı məsələsi ilə bağlı problemlər var: “Belə ki, Bakıda Təmiz Şəhər ASC tullantıları təmizləyir, növünə görə ayırır və emalı mümkün olanların emalı prosesini həyata keçirir. Lakin bölgələrdə bu proses həyata keçirilmir və bölgələrdə adətən zibil və tullantılar sadə poliqonlara atılır. Bu zaman isə tullantılar səbəbilə torpaq çirklənir.

Bu gün Azərbaycan ekologiyasının ən böyük problemlərindən biri də suvarma kanallları ilə bağlıdır. Çünki hazırda suvarma kanalları torpaq məcralıdır. Suvarma kanalının torpaq örtüyü üzərində olması isə həm torpağın suyunu canına çəkərək su itkisi yaratmasına, həm də şoranlıq yaranmasına səbəb olur. Buna görə də suvarma kanalının beton örtüyü üzərində olması daha məqsədəuyğundur. Təəssüf ki, hazırda ölkəmizdə cəmi 30 faizə qədər suvarma kanalı beton örtüyü üzərindədir.

Digər mühüm ekoloji məsələlərdən biri də qurumuş Hacıqabul gölünün yenidən bərpa edilməsi ilə bağlıdır.

Azərbaycanda ən böyük ekoloji problemləri ermənilər yaradıblar. Hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan monitorinqlər nəticəsində görürük ki, böyük meşələr talan edilib, dəyərli ağaclar qırılıb və qırılmış ağaclar nəticəsində ermənilər mebel sənayelərini inkişaf etdiriblər. Eyni zamanda 30 il müddətində ərazilərimizə daim mina basdırıblar. Bunun nəticəsidir ki, işğaldan azad eidlmiş ərazilərimizdə 9000 kvadrat kilometr ərazi minalarla çirkləndirilib. Bundan əlavə digər ölkələrdən Azərbaycana axan çaylar da çirklənmiş vəziyyətdə olur və ölkə ərazisindəki çayların da çirklənməsinə səbəb olur.

Sadalananlar kimi daha bir çox ekoloji problemləri vurğulamaq mümkündür. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi hazırda bir çox istiqamətlər üzrə ekologiyanın bərpası üçün işlər görür. Xüsusilə də işğaldan azad olunmuş ərazilərdə ağacların əkilməsi prosesi sürətlə həyata keçirilir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə