“Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi” - YENİLƏNİB - FOTOLAR

Qoşulmama Hərəkatının “Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi” mövzusunda Bakı şəhərində ilk konfransı keçirilib. SİA xəbər verir ki, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iyul ayında nazirlər səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elan etdiyi təşəbbüs çərçivəsində 20-21 noyabr 2023-cü il tarixlərində Bakı şəhərində Hərəkatın “Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi” mövzusunda ilk yüksək səviyyəli konfransı keçirilib.

Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, Hərəkatın növbəti sədrləri olacaq Uqanda və Özbəkistan Respublikaları ilə birgə təşkil edilib.

Konfrans çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi üzrə Konfransında iştirakçılara müraciət ünvanlayıb. Dövlət başçısının müraciətini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova oxuyub.

Bahar Muradova çıxış edərək bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etməyə başladığı vaxtdan onun institusional inkişafına təkan verən ideya və təşəbbüslərlə çıxış edib: "Pezident İlham Əliyevin liderliyi ilə Hərəkat öz fəaliyyətinin yeni mərhələsinə qədəm qoyub. Ölkəmiz COVID 19-la mübarizədə qlobal səylərin birləşməsində mühüm rol oynayıb.

Bahar Muradova bu konfransın da Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun cari ilin iyulunda nazirlər səviyyəsində keçirilmiş iclasında Prezident İlham Əliyevin elan etdiyi təşəbbüs çərçivəsində keçirildiyini vurğulayıb. O bu konfransın üzv ölkələrdə qadın və qızların hüquqların qorunması, ən yaxşı təcrübələrin öyrənilməsində, beynəlxaq arenada ortaq maraqların qorunması istiqamətində əhəmiyyətini qeyd edib: “Dünyada hələ də neokolonyalizm siyasəti yürüdən ölkələr var. Özlərini beynəlxalq hüququn müdafiəcisi qismində təqdim edən həmin ölkələrə qarşı qadın və uşaqların hüquqlarınln qorunması istiqamətində birgə çalışa bilərik”.

Daha sonra Uqandanın gender, əmək və sosial inkişaf naziri Amongi Betty Ongom çıxış edib: "Xanım nazirlər olaraq anlamalıyıq ki, biz hələ öz məqsədimizə çox uzağıq. Bir çox maneələr var ki, qadınlar əksər məsələlərdə iştirak edə bilmirlər. Həmçinin, əksər ölkələrdə qadınlara ailə həyatında ortaq hüquqlar verilmir. Belə çətinliklər bir çox ölkələrdə hələ də mövcuddur.

Qadınlar arasında erkən yaşda ailə həyatına vadar edilmə və qadın sünnəti hələ də aktualdır: “5 qadından biri erkən nikaha cəlb edilir. Bu da qlobal problemdir. Mülkiyyət haqları da əksər qadınlara mülkiyyətə sahib olmaq imkan vermir. Qadınların bir çox hüquqları pozulur. Onlar öz valideynlərinin mirasını əldə edə bilmirlər. Bəzi ölkələrdə qadınlar bank hesabı belə aça bilmirlər.

Dünyada 3 qadından biri zorakılıqla üzləşir. 58 faiz qadınlar öz həyat yoldaşları tərəfindən qətlə yetirilir. 650 milyon qadın 14-16 yaş arasında ailə həyatı qurur. Bu ölkələrdə 2-3 milyon qadın zorakılığa məruz qalır.

Qadınlar arasında yoxsulluq səviyyəsi çox yüksəkdir. Onlara qarşı ədalətli məvacib verilmir. Qadınlar kişilərə nisbətən iki qat daha çox ev işi görürlər. Onlar kişilərlə əməyinə görə eyni qiymətləndirilmir. Qadınlar öz uşaqlarına baxdıqları zaman onlar lazımi dəstəyi almırlar. Bunlar aktual problem olaraq qalır.

Bu səbəbdən biz burada olan lider qadınlar olaraq əmin olmalıyıq ki, yekun sənəd reallığı əks etdirsin. 27 faiz qadından yalnız 10 faizi nazirdir. Masada əyləşən 10 nəfərdən yalnız biri qadındır. Bu səbəbdən qadınların problemi öz həllini tapa bilmir. Ədliyyə sistemi qadınların problemini həll eməyə kifayət etmir. Onlara yaxşı rəftar olunmur. Qadınlar polisə və məhkəməyə müraciət etdikləri zaman onlarla qeyri-bərabər rəftar olunur. Bu ayrı-seçkiliklər hələ də davam edir”.

Konfransda fasilə zamanı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlama verib: "Qoşulmama Hərəkatı Prezidentin təşəbbüsü ilə istər parlamentlərarası məsələlərdə, istərsə də qadınlarla bağlı mövzularda önəmli yanaşma ortaya qoyur.

Azərbaycan qadın və uşaqların hüquqlarının müdafiəsi sahəsində bir çox ölkələrə nümunədir: "Bunlar göstərir ki, Azərbaycan bu təşkilata çox yaxşı liderlik edir. Bu gün dünyada ən vacib problemlərdən biri qadınların, uşaqlarının hüquqlarının müdafiəsidir. Belə bir tədbirin keçirilməsi imkan yaradır ki, gələcək üçün bir çox istiqamətlərdə vahid sistem yaransın, məlumatların toplanması istiqamətində önəmli işlər görülsün. Azərbaycan qadın və uşaqların hüquqlarının müdafiəsi sahəsində bir çox ölkələrə nümunədir, çünki bizdə bunu qanun dəstəkləyir. Ona görə də bu toplantının əhəmiyyəti böyükdür, gələcək üçün töhfəsi var, burada vacib sənədlər qəbul olunacaq".

Özbəkistan Baş nazirinin müavini Zulayho Mahkamova da jurnalistlərə açıqlama verib: "Özbəkistan qadınların hüquqlarının inkişaf etdirilməsi missiyasına qoşulub. Ölkəmiz bu məqsədə çatmaq üçün bir sıra mühüm addımlar atıb. Belə ki, 100-ə yaxın hüquqi sənəd qəbul edilib, bu məsələ ilə bağlı bir sıra beynəlxalq sənədlər ratifikasiya olunub. Qadın sahibkarlığını dəstəkləmək üçün Özbəkistan güzəştli sistemlə kreditlər verməyə başlayıb. Bu konfrans Özbəkistanla Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edəcək. Bu tədbir iki ölkə arasında bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün çox vacibdir. Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə 210 müəssisə fəaliyyət göstərir və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün potensial mövcuddur".

Nepalın qadınlar, uşaqlar və qocalar naziri Surendra Raj Açarya: "Bu olduqca vaxtında keçirilən bir konfransdır. Təşkilatçıların hər birinə təşəkkür edir və burada olmaqdan məmnunluq duyuram. Nepal tərəfindən bir sıra nəaliyyətləri diqqətinizə çatdırmaq istəyirdim. Qadın və uşaqlar ən həssas təbəqə olduğundan bir çox məsələdə necə zərbə aldıqlarını bilirik. Bu mənada Nepal konstitusiyasında fundamental qadın və uşaq hüquqları tanınıb. Qadınların bərabər şəkildə ailə, mülkiyyət və ictimai həyatda iştirakı tam mənada təmin olunub.

Qadınlar 2022-ci ildə keçirilən seçkilərdə 21 faiz olmuşdur. Milli parlamentdə isə 42.7 və 47.7 faiz olmuşdur. Qadınların səlahiyyətləndirilməsi istiqamətində Nepalda bir sıra addımlar atılıb. Bu sistem bütün dövlət idarəçilik sturukturlarında təşəkkül tapmaqdadır.

2019-cu ildə 27 faizə qədər qadınların idarəedici və qərarverici orqanlarda iştirakı yüksəlmişdir. Qətnamənin əsas prinsiplərinə uyğun olaraq bizdə qadın hüquqlarının təmin olunması üçün ayrıca komitə təşkil olunub. Nepal Qoşulmama Hərəkatında qadın, qız və cinsi azlıqların hüquqlarına öz töhfəsini verməkdədir.

Nepal Respublikası gender baxımından ayrı-seçkiliyə yol verən qanunvericilik aktlarını islah etmişdir. Gender məsələsi bütün ayrı-seçkiliklərin aradan qaldırılması ilə təşəkkül tapmaqdadır. Nepal Cənub Şərqi Asiyada genderyönümlü büdcənin formalaşması ilə diqqət çəkir. Artıq 40.25 faiz artım büdcədə gender əsasında müşahidə olunur. Son olaraq qeyd edim ki, qadınların hüquq və səlahiyyətləri baxımından əməkdaşlıq bütün səviyyələrdə vacibdir".

Mərakeşin həmrəylik, sosial inteqrasiya və ailə naziri Hayar Avatif: "Bu konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycana və digər təşkilatçı ölkələrə təşəkkür edirəm. Bu görüş bizim üçün çox böyük fürsətdir, fikir mübadiləsi aparmaq, yaxından əməkdaşlıq etmək baxımdan olduqca əhəmiyyətlidir.

O, Mərakeş Krallığında qadın, uşaq və ailə məsələləri istiqamətində həyata keçirilən işlərdən bəhs edib: “Mövcud sahədə bir sıra irəliləyişlər əldə edilib. Qadınlara qarşı zorakılığın qarşısının alınması baxımından dövlət tərəfindın lazımi addımlar atılır. Mərakeşin inkişafında qadınlar böyük pay sahibi olmalıdır. Bütün sahələrdə qadınların fəaliyyəti təqdirəlayiq və danılmazdır.

2023-cü ilin sonları ərəfəsində dövlət səviyyəsində ailə və qadınların bir çox problemlərinin həllində praktiki addımlar atılıb. On səkkiz milyona yaxın ailə bu fürsətdən yararlanıb. Qadın bütün sahələrdə tam hüquqlu şəxs kimi qəbul edilməli olduğunu deyən Hayar Avatif, ölkəsindəki deputatların 24 faizinin qadınlar təşkil etdiyini söyləyib. Qeyd edib ki, qadınlar üçün bütün sahələrdə layiqli şərait yaradılıb".

BMT-nin Azərbaycandakı prezident əlaqələndiricisi Vladanka Andreyeva: "Qadın hüquqlarının təmin edilməsi məsələsi BMT-nin gündəliyinin ayrılmaz hissəsidir.

BMT Azərbaycanda qadın hüquqlarının qorunması və inkişaf etdirilməsi ideyasını fəal şəkildə dəstəkləyir: “Bu gün biz gender bərabərliyi məsələsində dialoq üçün hər cür platformadan istifadə etməliyik. Gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması sahəsində müsbət nəticələr gələcəkdə bu istiqamətdə yeni təşəbbüslərə ilham verə bilər".

Küveyt Ailə Məsələləri üzrə ali şuranın baş katibi Maryam Alazemi: "Qadınların hüquq və səlahiyyətlərini nəzərdən keçirmək üçün toplaşdığımız vaxtda xatırlatmaq istəyirəm ki, Fələstin ərazisi acınacaqlı vəziyyətdədir. Burada insanların hüquqları ciddi şəkildə pozulmaqdadır.

Küveytdə qadınların qazancları ildən-ilə artır. Özəl sektorda onların payı 48, dövlət sektorunda isə 66 faizə çatıb.

Küveyt Müdaifə Nazirliyində rəhbər və nəzarətin 47 faizini qadınlar tutur. Küveyt dövlətinin müsbət göstəricilərini müşahidə edirik. Bizim planlarımızdan biri 2023-cü ilə qədər qadınların hüquqlarının təmin olunmasıdır. Bütün bunlar qadınlara olan diqqət və qayğının bariz nümunəsidir. Qadın ölkənin inkişafında əsas element kimi iştirak edir. Qadının qərar icrasında iştirakı bizim konstitusiyamızda dərc olunmuş prioritetlərdəndir”.

İraq baş nazirinin qadın işləri üzrə müşaviri Ala Tahsin Habib Talabani: "Qadınların səlahiyətləndirilməsi məsələsi olduqca əhəmiyyətlidir. İraq parlamentinin bir qismində xanım deputatlar yer tuturlar. Onlar insan və qadın hüquqları məsələlərində önəmli addımlar atırlar. İraqda qəbul edilmiş 2020-2023-cü illər Dövlət Proqramında qadınların səlahiyətləndirilməsi məsələsi əksini tapıb.

Qadınlara qarşı zorakılığın qarşısının alınması məsələsinin mühüm əhəmiyyətini qeyd edən İraq baş nazirinin müşaviri bildirib. Qadın və kişi arasında gender bərabərliyini bütün gücümüzlə dəstəkləyirik. Bu məsələ ilə bağlı İraqda 75 dən artıq dövlət sənədi qəbul edilib. Qadınlara qarşı zorakılığın qarşısının alınması istiqamətində qətiyyətli addımlar atılıb”.

Konfrans əsnasında Qoşulmama Hərəkatı çərçivəsində qadın hüquqlarının irəlilədilməsi, qadınların səlahiyyətləndirilməsi, habelə onların dayanıqlı inkişaf, iqtisadi artım, sülh və təhlükəsizlik məsələləri və digər sahələrdəki önəmli rolu kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə Qoşulmama Hərəkatının üzv dövlətləri, Hərəkat yanında müşahidəçi statusuna malik dövlətlər, beynəlxalq təşkilatlar və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların yüksək vəzifəli rəsmiləri daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyətinin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, sabah isə Fransa Respublikası ilə kolonializm mövzusuna dair iki yan tədbir keçiriləcək.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə