Qənirə Paşayeva bütün xalqın sevimlisi idi - REPORTAJ - FOTOLAR

Qənirə Paşayeva bütün xalqın sevimlisi idi - REPORTAJ - FOTOLAR

Bildiyimiz kimi, bu gün Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva artıq son mənzilə yola salındı. O, sentyabrın 28-də vəfat edib. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Q.Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinikanın həkim personalı və Türkiyədən gəlmiş həkim mütəxəssislər tərəfindən görülən bütün zəruri tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, Qənirə Ələsgər qızı Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. Siyasi elmlər üzrə fəlsəfə doktoru, professoru olub.

1998-ci ildən “ANS” televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb. 2005-2012-ci illərdə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri olub, 2012-2015-ci illərdə “Odlar Yurdu” Universitetinin Siyasi elmlər kafedrasına rəhbərlik edib. Üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub, Milli Məclisin Mədəniyyət komitəsinin sədri idi.

SİA Qənirə Paşayevanın son mənzilə yola salınmasında iştirak edərək onu sevənlərin Qənirə xanım haqqında təəssüratlarını öyənib.

Qənirə Paşayevanın əmisi Qəzənfər Paşayev: "Onun ömrü gənclər üçün örnək oldu. Neçə illərdir onun fəaliyyəti haqqında deyirəm. Ancaq xalqının nə qədər ehtiramını qazandığını bu gün bildim. Bu, böyük bir hörmət qazanmaqdır.

Mən ailəmiz adından, Qənirə xanımın anası, qardaşı, bacısı, öz adımdan hamınıza təşəkkür edirəm. 5-6 il əvvələ qədər deyirdilər Qəzənfər müəllimin qardaşı qızı, amma sonra Qənirə xanımın əmisi deyirdilər. Qənirə xanım bir ömür yaşadı, ömrünü dövlətimizə həsr etdi".

Deputat Fazil Mustafa: "Qənirə Paşayeva Azərbaycan cəmiyyətinin elə bir rəğbət və sevgisini qazanıb ki, onun itkisi özü də mənalı bir tarixlə təsadüf etdi. Bu tarix Qarabağın işğaldan azad olunması idi. Onun mübarizə apardığı, hədəf qoyduğu, sevdiyi Azərbaycanın bütövlüyünü görəndən sonra dünyasını dəyişmək Qənirə xanıma nəsib olan bir xoşbəxtlik oldu.

Hesab edirəm ki, onun əməlləri Azərbaycan cəmiyyətində həmişə rəğbətlə xatırlanacaq. Hər zaman xatırlanacaq ki, "Burada Qənirə xanım belə deyərdi", "Qənirə xanım belə mübarizə aparardı".

Qənirə xanımın gördüyü işin yolunu insanlar tez-tez təkrarlayacaqlar. Bu da insanın özündən sonra qalan dəyəridir. Çünki insan dünyada iz və bir dəst-xətt qoyub gedir. Qənirə xanım yaddaşlarda elə bir dəst-xətt qoydu getdi ki, hər zaman və hər addımda onun əziz xatirəsi xatırlanacaq. Allah ruhunu şad etsin".

Filologiya elmləri namizədi, dosent, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov: "Qənirə xanım haqqında keçmişdən danışmaq çox çətin işdir. Çünki bu qədər həyatsevər, enerjili və millətə özünü fəda edən çox az şəxslər tanıyıram.

Onunla bağlı o qədər xatirələrim var ki... Bizim ən azı 25 illik dostuluğumuz var. Ta o vaxtdan bu günə qədər Qənirə ilə biz müxtəlif layihə, tədbir və müzakirələrdə yaxından iştirak etmişik. Hər zaman bir-birimizlə məsləhətləşmişik. Xatirələr sözlərə sığışmaz.

Ən son Rauf Arifoğlunun oğlunun toyunda görüşüb danışdıq. Bu təxminən 10 günə yaxın bir zamanda baş vermişdi. Allah ona rəhmət etsin".

Deputat Elman Nəsirov: "Bu günləri hər birimiz böyük kədər içindəyik. Qənirə xanım elə bir şəxs idi ki, o həyatda daim tələsirdi. Sanki düşünürdü ki, qarşıda duran bütün vəzifələri həll etməlidir. Elə ölümə də tələsdi. Bu xalqımız üçün çox ağır bir itkidir.

Biz dəfələrlə birlikdə tədbirlərdə olmuşuq. Görürdün ki, İstanbulda tədbirdə çıxış edib, tez uçurdu Ankaraya. Deyirdim ki, "Ay Qənirə xanım, maşallah sizin nə qədər bol enerjiniz var". Özünü fəda edirdi. Sözün həqiqi mənasında fədakar bir millət vəkili idi. İnanmaq istəmirik ki, Qənirə xanım bizim sıralarımızda olmayacaq. Bunu qəbul etmək mümkün deyil. Onun əziz xatirəsi hər zaman bizim qəlbimizdə yaşayacaq.

Qənirə kimi deputat olmaq sanki bir ölçü vahidi və nümunədir. Qənirə kimi vətənə, dövlətə və millətə xidmət tamam başqa məsələdir".

Mətbuat Şurasının sədri Rəşad Məcid: "Tanrının lütfü, heyranlarının, onu sevənlərin duası, dövlətin dəstəyi və həkimlərin fədakarlığı sayəsində Qənirə xanımın yenə ictimai həyatımızın ön sıralarına qayıtmasını düşünürdük. Çox təəssüf ki, bu belə olmadı. Biz Qənirə xanımı itirərək böyük ağrı yaşayırıq.

Qənirə xanımın vida mərasiminə Türkiyədən də çoxsaylı qonaqlar gəliblər. Burada iştirak edən İmdat Avşar Qənirə xanımın tərcüməçisi və kitablarının müəllifidir. O, söylədi ki, "Qənirə xanım Qarabağla və Xocalı faciəsi ilə bağlı 40-dan çox universitetdə tədbirlər keçirib".

Qənirə Paşayeva Qarabağ mücahidi idi. Türkiyənin o bölgəsi yox idi ki, Qənirə xanım orada görüş keçirməsin və Qarabağ dərdimizi danışmasın".

"Xalq" qəzetinin baş redaktoru Əflatun Amaşov: "Bura insan axınıdır və düşünrəm ki, hələ çox davam edəcək. Bir müddətdir bütün gündəm Qənirə xanımın səhhəti ilə bağlı idi. Qənirə xanım sanki ölümü ilə insanlara dərs keçdi ki, həyat nədən ibarətdir və insan necə yaşamalıdır ki, yaddaşlarda qalsın.

Sanki onu uca tanrı xeyirxahlıq mücəssəməsi kimi yaratmışdı. O bir çox insanın əlindən tutaraq yardım edib. Ruhu şad olsun. Biz onun xatirəsini unutmayacağıq.

Bəzən görürsən ki, kimsə vəfat edir və onu dəfn etməyə heç adam tapılmır. Hətta qohum-qonşusu da onun dəfnində iştirak etmir".

Deputat Vüqar İskəndərov: "Həm Milli Məclis, həm də Azərbaycan bu gün çox önəmli bir insanı itirir. Qənirə xanım dövlətinə, xalqına və millətinə çox bağlı bir insan idi. O hər kəsə nümunə idi.

Düşünürəm ki, Qənirə Paşayeva hər zaman qəlbimizdə yaşayacaq. Bəlkə fiziki olaraq yanımızda olmayacaq, amma ruhən həmişə bizimlədir.

Xalqın sevgisini qazanmaq hər insana nəsib olmur. Qənirə xanım bunu qazanıb. O hər birimizin xatirində əbədi qalacaq. Allah rəhmət etsin. Qəbri nurla dolsun".

Şəhid anası: "Qənirə xanım həmişə kasıbların yanında olub. Mən də bir şəhid anası kimi onunla qürur duyuram. İstəyirəm ki, bizim oğullarımız cənnətdə Qənirə xanımın yanında olsun.

Əziz Qənirə xanım, bizim oğullarımıza və mənim Sübhanıma salam de. Bizim oğullarımız Qənirə xanıma şəfayətci olacaq. Allah ona qəni-qəni rəhmət etsin".

Deputat Nizami Cəfərov: "Qənirə xanım böyük ziyalı və jurnalist idi.

Qənirə Paşayeva bütün xalqın sevimlisi idi. Hər kəs üçün çox böyük və ağır itkidir. Allah ona rəhmət etsin. Allah ailəsinə səbr versin”.

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə: "Bütün türk dünyasının qızı rəhmətə gedib. Qənirə Paşayeva tək Azərbaycanın deyil, bütün türk dünyasının dəyərli və əziz xanımı idi: “Bu gün burada iştirak edən hamıya Qarabağın alınması əyan oldu. Qənirə xanım tələsdi ki, gedib şəhidlərə Qarabağın azad olunması xəbərini versin. Hamımız üçün çox böyük bir itkidir. Millətimizin başı sağ olsun. Allah ailəsinə səbr versin".

Qənirə Paşayevanın xalası: “Görün, Qənirə hansı gün dəfn olunur! Allaha fəda olum. Qənirə qazandığını qazanıb, apardığını aparıb. Allah anasına, qardaşlarına, bacısına və əzizlərinə kömək olsun. Ələsgər müəllim, gözün aydın olsun. Qənirən dünyadan köç edib”.

Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasını təmsil edən millət vəkili Şamil Ayrım: "Qənirə xanım türk dünyasının sevimlisi idi. Onun ölümü bizim üçün çox kədərlidir.

İkinci Qarabağ müharibəsindəki o həyəcanı, qəlbinin Qarabağla döyünməsi hər kəs üçün nümunədir. O bizim üçün ölməyib, onun əziz xatirəsi hər zaman qəlbimizdə yaşayır və yaşayacaq. Çox sevəni var idi. Türkiyədə kimdən soruşsan hər kəsin onunla bir yaxşı xatirəsi var. Ən son Türkiyədə gəzib bir kitab yazmaq arzusunda idi. Amma ömür vəfa etmədi. Ruhu şad olsun".

Hacı Nuran: "Sonuncu dəfə Qənirə ilə birlikdə uşaq evinə getdik. 25 ildir birlikdə çalışırdıq. Son vaxtlar qulağında, başında çox güclü ağrıları başlamışdı.

Qənirə Paşayeva hər zaman başqalarına nəsihət verirdi ki, sağlamlığınızı qoruyun. Qənirə insanları, xalqı sevirdi. Hər kəsi başına toplayırdı. Müharibə dövründə əsgərlər cəbhədə, o isə siyasi tribunada mübarizə aparırdı. Azərbaycanı dəstəkləyirdi. Onunla birlikdə bir neçə dəfə Şuşada olmuşduq.

Səhhətindən şikayət etmirdi. Yayda bir dəfə narahat olmuşdu. Amma sonra hər şey yaxşı idi. Son günlər gərgin iş rejimində çalışırdı. Güclü baş, qulaq ağrıları başlamışdı. Ağrıkəsici atırdı ki, sakitləşsin. Heç biz də bilmədik, nədən, necə oldu, ağırlaşdı, təcili yardımla Mərkəzi Xəstəxanaya aparıldı. Çox ümid edirdik ki, Vətən qadın ayağa qalxacaq, bizim dualarımız onunla idi. Amma möcüzə olmadı”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə