"Uşaqların məktəb yaşı hər bir cəmiyyət, ölkə üçün eyni olmaya bilər" - PSİXOLOQ İZAH ETDİ

"Uşaqların məktəb yaşı hər bir cəmiyyət, ölkə üçün eyni olmaya bilər" - PSİXOLOQ İZAH ETDİ

“İlk olaraq bildirməliyəm ki, valideynlərdən gələn suallar, mövzular içərisində uşaqların nə zaman məktəbə getməsi, məktəb yaşının neçə yaş olması və bunun hansı faktorlara əsasən təyin edilməsi kimi fikirlər tez-tez ifadə edilir. Qeyd edim ki, uşaqların məktəb yaşı hər bir cəmiyyət, ölkə üçün eyni olmaya bilər və burada onların emosional, psixoloji vəziyyəti nəzərə alınmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman-klinik psixoloq Narınc Rüstəmova deyib.

Onun sözlərinə görə, cəmiyyətimizdə istər nitq, istər emosional, istərsə də psixi inkişafı normal gedən uşaqlarda məktəb yaşı 6-7 yaş arası təyin olunub: “Ancaq elə ölkələr var ki, orda uşaqların məktəb yaşı daha az, məsələn, 5 yaş kimi təyin edilib. Ancaq uşaq gec danışmağa başlayıbsa, burada 4-5 yaş aralığını misal çəkə bilərik və ya nitqində hər hansısa qüsur varsa, eyni zamanda əqli, psixo-emosional inkişafı normal getmirsə belə uşaqların nəinki 5 yaşında, hətta 6-7 yaşlarında məktəbə getmələri tövsiyə edilmir. Çünki bilirik ki, psixi və nitq inkişafı bir-biri ilə əlaqəlidir, yəni nitq inkişafı passiv olan, vaxtında danışa bilməyən uşaqlarda paralel olaraq diqqət yayınmaları, qavrama çətinliyi və s. kimi problemlər də meydana çıxa bilir.

Əvvəldə də qeyd etdiyim kimi, əgər uşağın nitq, əqli və s. inkişaf sferalarında problem yoxdursa, normal olaraq yaş yarımından sonra danışmağa başlayıbsa belə uşaqlar 6 yaşında ən gec isə 7 yaşından məktəbə başlamalıdırlar.

Bəzən valideynlərdən bu tip suallar da alırıq: “Övladımın inkişafı normaldır, heç bir problemi yoxdur biz onu 6 yaşından tez məktəbə qoymaq istəyirik. Bu onun psixologiyasına necə təsir edəcək və bu addım nə dərəcədə düzgündür?”. Burada uşağın sosial inkişafı ən vacib faktorlardan biridir. Yəni uşaqda əqli və nitqi inkişafda problem yoxdursa bu hələ onun məktəbə tam hazır olması demək deyildir, uşaq həm də sosial cəhətdən hazır olmalıdır. Bu mövzuda ən çox problem yaşayan uşaqlar bağçaya getməyən uşaqlardır. Belə ki, onlar gələcəkdə özlərini məktəbə hazır hiss etmir, hətta məktəb fobiyası yarana bilir və uzun müddət adaptasiya problemi yaşayırlar. Ona görə də bağça uşaqların həyatında önəmli yerə sahibdir. Ancaq, bəli bəzən biz istisna halların da şahidi ola bilirik. Belə ki, bağçaya gedib problem yaşayan sonradan bu problemləri məktəbdə də yaşayan, adaptasiya ola bilməyən və ya çəkingən uşaqlar da müşahidə edirik. Belə halda da yaxşı olar ki, valideynlər övladlarını peşəkar psixoloqa yönəltsin. Psixoloq zamanında belə uşaqlarla məşğul olur və problemin kökünə enib onu korreksiya edə bilər".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə