İşsizliyə görə sığorta kimlərə verilir? - VƏKİL AÇIQLADI

İşsizliyə görə sığorta kimlərə verilir? - VƏKİL AÇIQLADI

"İşsizlikdən sığortanın subyektləri arasındakı münasibətləri "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu tənzimləyir". Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Onun sözlərinə görə, bu qanunun məqsədi sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir: "Bu qanun siyasi vəzifə tutan şəxslərə şamil edilmir.

İşsizlikdən sığorta ödənişi dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi, habelə əmək müqaviləsinin müddəti qurtarması nəticəsində əmək münasibətlərinə xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində işsiz kimi qeydiyyata alınmış şəxslərə şamil olunur.

Yəni, sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər:

1) dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə
2) işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə
3) əmək müqaviləsinin müddəti qurtardıqda

Sığorta ödənişi almaq hüququ əldə etmiş şəxs ilkin mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzlərində qeydiyyata alınmalıdır. 5 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı müraciət edən vətəndaşa münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, sığorta ödənişi təyinatı üzrə qərar qəbul edir. Bundan sonra şəxs sığorta ödənişi almaq üçün ərizə və ərizəyə tikilməli olan sənədləri təqdim edir və sığorta ödənişi təyin edilir.

Sığorta ödənişi sığorta stajından asılı olmayaraq, onların itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə