"Həyat yoldaşını ailəsinə əzdirən kişilərə pis baxırıq" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

"Həyat yoldaşını ailəsinə əzdirən kişilərə pis baxırıq" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

"Ailə qurmaq asan olsa da, onu qoruyub saxlamaq çox çətindir. Əgər belə olmasaydı, son ildə qurulan hər üç ailədən ən azı biri dağılmazdı". Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Onun sözlərinə görə, təəssüf ki, Azərbaycanda ailə institutu tənəzzülə uğrayıb: "Belə ki, indi ailə qurmaq da, dağıtmaq da oyuncağa çevrilib. Ailə ilə bağlı məsuliyyət arxa plana keçib. Ölkə dağılmış və nizamı pozulmuş ailələrlə doludur. Əlbəttə, bunun obyektiv və subyektiv səbəbləri var. Bir səbəb də kişilərin öz həyat yoldaşlarına lazımincə qiymət verməmələri, onları ailənin digər şəxslərinin ayağına verməsidir. Ailədə atanın, ananın, bacının, qardaşın və uşaqların öz yeri var. Heç kim başqasından üstün və ya aşağı deyil. Ailə başçısı bütün fərdlərə eyni gözlə baxmalı, hamının hüquqlarının eyni dərəcədə qorunmasının qeydinə qalmalıdır".

Seymur Verdizadə sözlərinə belə davam edib: "Biz həyat yoldaşını ailəsinə əzdirən kişilərə pis baxırıq. Biz həm də ata-anasını ailəsinin ayağına verən kişilərə pis baxırıq. Ailəsinə yaxşı baxmayan, onun qeydinə qalmayan, həyat yoldaşının və uşaqlarının problemlərini düşünməyən, onların gələcəkləri haqqında fikirləşməyən kişilərə də münasibətimiz mənfidir. Amma nədənsə bu cür hallar ölkəmizdə çox geniş yayılıb və anoloji faktların sayı sürətlə artmaqdadır.

Qadın kişinin namusu və başının tacıdır. Kişi xanımının həmişə başının üstündə olmasına, onun ən ali dəyərlərlə yaşamasına çalışmalıdır.

Ata-ananı həyat yoldaşının ayağına vermək nə qədər əbləh hərəkətdirsə, qadını da ailə fərdlərinin ayağına vermək, onun əzilməsinə göz yummaq o qədər axmaqlıqdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə