Hansı yollarla qida çirklənməsi baş verir? - MÜTƏXƏSSİS DANIŞDI

“Bazarstore" marketlər şəbəkəsində aksiyaya düşmüş yuyucu vasitələr kassa aparatının yanında satışa çıxarılır. Eyni zamanda, ora qida məhsullarını da qoyurlar. Yuyucu tozun ora qoyulması düzgün deyil. Bu, qidanın kimyəvi çirklənməsi deməkdir. Bu da qida zəncirinin sonunda istehlakçıların ya “mikrobioloji” ya da ” kimyəvi” zəhərlənmələrinə səbəb olur. Düşünürəm ki, marketlər bu barədə ciddi göstəriş verməlidir”. Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, həmçinin, AQTA da yoxlama keçirməli, maarifləndirici işlər aparmalıdır: “Özüm də bu halın şahidi olmuşam. Marketdən alış-veriş edib kassaya yaxınlaşdıqda yuyucu vasitələrin də satış üçün ora qoyulduğunu gördüm. Çörək, şirniyyat, ağartı məhsulları və s. yuyulmadan istehlak edilir. Bu kimyəvi maddələrlə yanaşı həmin məhsulların qoyulması istehlakçılar üçün təhlükəlidir”.

Mütəxəssis sözlərinə davam edərək bildirib ki, qidanın çirklənməsi 3 yolla baş verir: “İlk növbədə bu, mikrobioloji çirklənmə yolu ilə baş verir. Otaq temperaturunda qalan riskli qidalar (toyuq, ət, balıq və s.) düzgün şərtlər altında mühafizə edilmədikdə mikrobioloji çirklənmə baş verir. Yəni, mikrobioloji bakteriyaların çoxalması nəticəsində qidalar çirklənir. İkincisi, fiziki çirklənmədir. Hansı ki bir qidanı alırsınız, içindən tük, daş, şüşə qırıntısı və s. çıxır. Bir sözlə, qidanın içindən gözlə görünən, ağızda hiss olunan maddələrin çıxması fiziki çirklənmə nəticəsində baş verir. Kimyəvi çirklənmə isə bu cür yuyucu tozlar vasitəsilə, dərmanlanma prosesi keçmiş qidalar düzgün yuyulmadıqda həyata keçir. Həmin o marketlərdə qidaların, xüsusilə də yuyulmayan qidaların qoyulduğu dəzgaha yuyucu vasitələrin qoyulması kimyəvi çirklənməyə gətirib çıxarır. Bu kimi hallar mütləq şəkildə aradan qalxmalıdır”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə