“Ramazan ayında oruc tutmaq ilk növbədə dini baxımdan borcumuzdur. Lakin bir çox insanlar orucu çəki atmaq üçün tuturlar. Bilmək lazımdır ki, bu yolverilməzdir. Bu cür insanlar ilk növbədə baş ağrısından şikayət edirlər. Bu problem orqanizmdə yetərli qədər maye olmamasından qaynaqlanır. Buna görə də oruc tutan şəxs mütləq şəkildə bu məqamı nəzərə almalıdır. İftar və imsak arasındakı zamanda mütləq şəkildə yetərli maye qəbulu olmalıdır. Əks halda orucluqdan sonra bədəndə toksinlərin yığılması ilə xoşagəlməz proseslər baş verəcək”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə baş mütəxəssis Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, Ramazan ayında orqanizm 16, bəzi fəsillərdə isə 18 saat ac qalır: “Buna görə də qəbul edilən qidalar balanslaşdırılmalı və orqanizmin sağlamlığını qorumalıdır. Orqanizm gün ərzində 40-dan 70-ə qədər makro və mikro elementləri qəbul etməlidir. Yerli və mövsümi meyvə-tərəvəzlərdən istifadə etmək lazımdır. İmsakda mütləq şəkildə süd məhsulları qəbul edilməlidir. Eyni zamanda yumurta da əvəzolunmaz hesab edilən qidalardandır. Zeytun, əncir qurusu da zəngin tərkibi ilə insan orqanizmi üçün əhəmiyyət kəsb edir.
Çərəzlər yedikdə də miqdarı aşmamaq şərti ilə, gün ərzində bir ovuc qəbul etmək olar. Yeməyə ilk olaraq iluq su ilə başlamaq lazımdır. Ac mədəni yeməklərlə doldurmaq düzgün deyil. Su içdikdən 15 dəqiqə sonra qidaların qəbuluna keçmək olar.
İftar süfrəsində şorba olması da məsləhət görülür. Lakin kifayət qədər maye və tərəvəz qəbulu olubsa, bu zaman şorbasız da qidalanmaq mümkündür. İftardan sonra 30 dəqiqə açıq havada gəzmək lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB