“Millətin milliliyini saxlayan onun dilidir”
Bu aforizm Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinə sevgisin ifadəsidir
Dil hər bir xalqın milli kimliyinin daşıyıcısıdır. Onu qorumaq, yaşatmaq, əslində, xalqın özünün yaşaması, özünü təsdiq etməsidir. Hər bir xalqın mövcudluğu onun dili ilə ölçülür. K.Uşinski demişdir: “Bir millətin, xalqın varını, dövlətini əlindən alsan, o millət ölməz, yaşayar. Ancaq ana dilini əlindən alsan, həmin millət məhv olar”. “Özümüzün adı var – Azərbaycan.
Özümüzün dili var – Azərbaycan dili və çox da gözəl dilimiz var. Çox belə ləzzətli dilimiz var. Mənim üçün Azərbaycan dili hər şeydən əzizdir. Millətin milliliyini saxlayan onun dilidir”.
Bu fikirlər dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyevə məxsusdur və bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
Bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 100 il keçir. Bu ilin may ayı bir özgə biçimdə gələcək. Buna xalqımız və dövlətimiz ciddi hazırlaşır. Bu yubiley Dünya azərbaycanlılarının da xüsusi hazırlaşdığı bir bayramdır. Prezident İlham Əliyev də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Sərəncam imzalamışdır.
Ümummilli Liderimiz Heydər Əliyev Ana dilimizin dəyərinə çox böyük əhəmiyyət verirdi. İstər sovet dövründə, istərsə də müstəqillik dövrümüzdə dilimizin yaşaması üçün əlindən gələn bütün imkanlardan istifadə edirdi.
Hamımıza məlumdur ki, Sovet dövründə Azərbaycan dili müxtəlif təzyiqlərə məruz qalmışdır. Bu Azərbaycan ziyalılarını həmişə düşündürmüşdür. Böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadə məşhur “Mənim anam” şeirində göstərir ki, dil şairdən ötrü təkcə danışmaq üçün vasitə deyil, həm də bu dildə özünü ifadəetmə, sənətə vaqif olmaq və sənət nümunələri yaratmaq vasitəsidir. Şairin özünün dediyi kimi:
Mən bu dildə hiss etmişəm
Həm sevinci, həm də qəmi,
Bu dil ilə yaratmışam
Hər şeirimi, hər nəğməmi.
Həmçinin, həmişə öz uzaqgörənliyi ilə fərqlənən ümummilli liderimiz dilin əhəmiyyətini həmişə gözəl qiymətləndirib, Azərbaycan dilinin genişləndirilməsi üçün mühüm addımlar atıb. Bu addımlar içərisində ən əhəmiyyətlisi 1978–ci ilə konstitusiyaya Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi idi. Bu mühüm qərardan sonra Azərbaycan dilinin istifadəsində və inkişafında yeni mərhələ başladı. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir.
Ulu öndər hakimiyyətə gəldiyi ilk gündən Azərbaycan dilinin inkişafı və tərəqqisi üçün çox mühüm işlər gördü. Bunlardan ən başlıcası bir dövlət xadimi kimi bütün dövlət tədbirlərində, rəsmi yığıncaqlarda Azərbaycan dilində danışması idi. Bu bütün Sovetlər birliyi üçün bir nümunə idi. Ona edilən təzyiqlərə baxmayaraq ulu öndər Azərbaycan dilinin gözəlliyini, zənginliyini öz natiqlik istedadı ilə bütün dünyaya sərgilədi. Ulu öndər ümumrespublika tədbirlərində azərbaycanca danışmaqdan çəkinmirdi, neçə illər ərzində küncə sıxışdırılan dilimizin sabahına işıq salır, cəsarəti, şəxsi nümunəsi ilə milyonlarla insanın ürəyindən keçənlərin ifadəçisinə çevrilir, haqq sözü deyir, dilimizin ən ali mərtəbəyə layiq olduğunu bəyan edirdi. O zaman üçün adət olunmamış şəkildə dövlət tədbirlərində Azərbaycan dilində danışmaq, Azərbaycan dilinə aid əsərlərə xüsusi diqqət etməklə və onların dövlət mükafatı almasını təmin etmək, Azərbaycan dilli ədəbiyyatı yaradan böyük şəxsiyyətlərə, yazıçılara xüsusi dövlət mükafatının verilməsi üçün mübarizə aparırdı. Bu dövrdə ədəbiyyatımızın inkişafında, həm dilimizin tədrisi məsələlərində, həm də Azərbaycan dilinin ümumtürk dillərin kontekstində araşdırılması sahəsində çox böyük uğurlar qazanılmış oldu.
Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsi ilə bağlı qərarı və bu yubileydəki çıxışı xüsusi qeyd olunmalıdır. 1994-cü ildə Bakı Dövlət Universitetinin 75 illiyinə həsr olunmuş iclasında ulu öndər bu hadisəni belə qiymətləndirirdi: “Xatirimdədir, universitetin 50 illik yubileyində mən çıxış edərkən, şübhəsiz ki, öz ana dilimdə, Azərbaycan dilində danışdım. O vaxt bu böyük sensasiya kimi qəbul olundu. Təəccüb doğurdu ki, respublikanın rəhbəri Azərbaycan dilində çıxış edir və heç də Azərbaycan dilində pis danışmır. Bəziləri məni bu hadisə münasibətilə təbrik etdilər. Dilini sevən, milli ruhla yaşayanlar bunu doğurdan, böyük hadisə kimi qəbul etdilər. Ancaq mən isə onlara dedim ki, qeyri – adi heçnə yoxdur. Bu mənim ana dilimdir və ana dilində çıxış etmək böyük qəhrəmanlıq deyil. Ana dilini bilməmək, onu qiymətləndirməmək, şübhəsiz, xalqın qarşısında qəbahətdir”.
Heydər Əliyevin bu cəsarətli addımı Azərbaycan ziyalılarında ruh yüksəkliyi yaratdı. Heydər Əliyev sənət adamlarının, yazıçı və şairlərin böyük dostu idi. 60-cı illərdə “Gülüstan” poemasına görə Bəxtiyar Vahabzadəni siyasi təqiblərdən qoruması, Xəlil Rza Ulutürkə, Məmməd Araza, digər Azərbaycan yazıçılarına, qayğı göstərməsi, neçə-neçə ustad sənətkarlarımıza SSRİ-nin ən böyük mükafatlarını, fəxri adlarını təqdim etməsi əslində ilk növbədə Azərbaycan dilinə, Azərbaycan ədəbiyyatına göstərilən böyük qayğının parlaq təzahürü idi.
Dövlətçiliyin əsas atributlarından biri kimi dil xalqın milli varlığı, milli sərvətidir. Torpaq, bayraq qədər müqəddəs olan dilin müstəqil inkişafı, zənginləşməsi və nüfuzu bilavasitə dövlətçiliklə bağlıdır. Bu amillər qloballaşma dövrü olan müasir dövrümüzdə dövlət dilinin istifadəsinə və inkişafına yüksək həssaslıq və diqqətlə yanaşmağı tələb edir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin bütün fəaliyyəti dövründə ana dilinə, dövlət dilinə sevgi mühüm yer tutub. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”- deyən dahi rəhbərin fəaliyyətinin birinci mərhələsində, dəqiq desək 1978-ci ildə - sovet ideologiyası şəraitində Azərbaycan dilinin konstitusiyaya dövlət dili kimi daxil edilməsi zamanına görə əsl qəhrəmanlıq və uzaqgörənlik mümunəsi idi. Azərbaycanın milli müstəqilliyini elan etdiyi 1991-ci ildən sonra isə dövlət dil siyasəti xüsusi keyfiyyət qazandı. Müstəqil dövlətin iradəsini ifadə edən bu siyasəti Azərbaycan xalqının Ümummilli lideri həyata keçirdi. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə respublika hərcmərclik mərhələsindən çıxıb həqiqi müstəqillik yoluna qədəm qoydu. Ümummilli liderin Azərbaycan Respublikasına rəhbərliyinin müstəqillik dövrünü əhatə edən ikinci mərhələsində - 2001-ci ildə imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı ilə yeni tarixi mərhələdə dövlət dili siyasətinin miqyası daha da genişləndi.
Ümumiyyətlə, bu dövrdə Heydər Əliyevin təşəbbüsü ilə ədəbi dilimiz sözün əsl mənasında yüksək status qazandı, dövlət dili haqqında qanun qəbul olundu, latın qrafikası bərpa edildi. 2001-ci ilin 9 avqustunda imzalanan möhtəşəm bir fərmanla 1 avqust tarixi ölkəmizdə Ana dili və əlifba günü elan olundu. Azərbaycan əlifbası və ana dili gününün təsis edilməsi ulu öndər Heydər Əliyevin 1969-cu ildən başladığı milli dil siyasətinin, 1993-cü ildən etibarən həyata keçirdiyi milli dövlətçilik siyasətinin davamı və qanunauyğun nəticəsi idi.
Mənim ana dilim! Bu o dildir ki, analarımız bizə beşik başında həyatın ən həzin simfoniyası olan laylanı bu dildə demişdir. Bu o dildir ki, Füzuli eşqi, Nəsimi dözümü, Vurğunun Vətən sevgisi, Üzeyirin musiqi dünyası bu dildə ifadə olunmuş, zaman-zaman qanımıza, canımıza hopmuşdur.
Ana dili bizim müqəddəs sərvətimizdir. Ana dili ömrümüzə məna verən, onu gözəlləşdirən əxlaq dərsliyidir. Ana dili adicə bir ifadə deyil, ürəklərə hərarət gətirən, insanı öz keçmişinə bağlayan, gələcəyə səsləyən mənəvi xəzinədir. Ana dili bizim kökümüz, milli mədəniyyətimiz, milli dəyərimizdir.
İnsan hələ körpə ikən dilin vasitəsilə ana laylasındakı doğmalığı duyur, hiss edir, eşitdiyi nağıllardakı hər sözün, hər ifadənin necə səsləndiyini öyrənməyə cəhd edir. Mənim ana dilim Azərbaycan dilidir. Bu dil məni dünyaya gətirən anamın dilidir, üzərində boy atıb böyüdüyüm Vətənimin dilidir, Azərbaycan Respublikasının dövlət dilidir. Dil xalqın ən böyük mənəvi sərvətidir. Bu elə bir sərvətdir ki, xalqın hər bir fərdi onun vasitəsilə özünüifadə imkanı əldə edir. Dil milli kimliyin sənədsiz təsdiq formasıdır.
Ümummilli Lider Heydər Əliyev gənc nəslin ana dilini düzgün, hərtərəfli və elmi əsaslar zəminində mənimsəməsini tövsiyə etmişdi: “Öz dilini sevməyən adam öz tarixini bilə bilməz. Ana dilini bilməyən gənc Nizamini oxuya bilməz. Füzulini oxuya bilməz. Cəlil Məmmədquluzadəni oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tariximizi bilməyəcək, bizim mədəniyyətimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaq”.
Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən zaman-zaman istifadə olunacaq.
Heydər Əliyevin milli dil siyasəti onun layiqli varisi, ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, Azərbaycan Prezidentinin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramı qəbul edilib. Proqram çərçivəsində dövlət dil siyasəti bütün parametrlər üzrə həyata keçirilir. Dil komissiyası, Terminologiya kommissiyası, Toponimika komissiyası, Orfoqrafiya komissiyası yaradılıb və bu komissiyalar zaman keçdikcə xeyli təkmilləşdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli fərmanı müstəqil ölkəmizdə dövlət dili istiqamətində ardıcıl olaraq aparılan məqsədyönlü siyasətin məntiqi davamı, həyata keçirilən tədbirlərin yeni mərhələsidir.
Qloballaşma dövründə ulu öndər Heydər Əliyevin ideyaları işığında ölkə miqyasında ana dilimizin, Azərbaycan dilinin inkişafında, yeni mərhələ başlanıb. Bu dövrdə dilçilər və ümumiyyətlə ziyalılar qarşısında duran əsas məsələ ana dilinimizn saflığını qorumaqdan, ədəbi dil normalarına riyayət olunmasına nəzarət etməkdən, dili yad ünsürlərdən təmizləməkdən ibarətdir. Ulu öndərin söylədiyi kimi: “Dilimizi qorumaq, daha da inkişaf etdirmək bizim ən müqəddəs vəzifəmizdir”.
Məlumdur ki, XXI əsr Azərbaycan dilinin inkişafında əlamətdar hadisələrlə zəngindir. Xüsusilə dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, ana dilimizin inkişafı, tətbiqi və təsir dairələrinin genişlənməsi ilə bağlı ümummilli liderimiz Heydər Əliyevin fərmanları, sərəncamları, habelə digər hüquqi-normativ aktlar, qanunlar, dilimizin daha da inkişafı üşün əlverişli şərait yaratmışdır. Bu şərait Azərbaycan dilinin tədrisi işinin yüksək səviyyədə aparılmasınaa geniş imkan və perspektivlər açmışdır. Xüsusilə, 2001 – ci ildə "Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” tədbirlər planının həyata keçirilməsi dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir.
Azərbaycan dili 1300 ilə yaxın yaşı olan, türk dilləri ailəsinin oğuz qrupuna daxil olan, böyük inkişaf yolu keçmiş və dünyada 45 milyondan çox insanın danışdığı ədəbi dillərdən biridir. Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Hər bir xalqın varlığının ən əsas təminatçısı da dildir. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Bu dil özündə xalqımızın əsrlərlə yaşı olan tarixini, mədəniyyətini, etnoqrafiyasını, adət-ənənələrini, qəhrəmanlıq salnaməsini yaşadır, qoruyur, gələcək nəsillərə çatdırır. Bu dil qədim Azərbaycan dövlətlərinin saray dili olub, ordu dili olub, poeziya, incəsənət, mədəniyyət dili olub. Məhz bu dildə yaranıb dünya ədəbiyyatı xəzinəsini bəzəyən əsərlər, bu dildə danışıb dünya incəsənətinə möcüzələr bəxş edən sənətkarlar, bu dildə danışıb dünyaya meydan oxuyan Azərbaycan dövlətlərinin liderləri, bu dildə danışıb qılıncının səsi yeri- göyü lərzəyə gətirən sərkərdələr...
Dil həm də dövlətin varlığını sübut edən atributlardan biridir. Azərbaycan dili Azərbaycan xalqının milli dili, eyni zamanda Azərbaycan Respublikasının rəsmi dövlət dilidir. Bu dildən təkcə respublikamızda deyil, həm də xarici ölkələrdə də istifadə olunur. Dünyanın 87 ölkəsində bu dildə danışanlar vardır. Hazırda ölkəmizdə yaşayan bir sıra azsaylı xalqlar lahıc, talış, tat, qrız, saxur və başqaları Azərbaycan dilindən ikinci ana dili kimi istifadə edirlər. Dünyanın ən zəngin milli dillərindən olan Azərbaycan dili özünəməxsus gözəlliyi və ahəngi ilə, xoş avaz yaradan səslər sistemi ilə, zəngin rəngarəng söz ehtiyatları ilə fərqlənir. Hər bir dilin tarixi həmin dildə danışan xalqın tarixi ilə sıx bağlıdır. Azərbaycan dilinin tarixi də xalqımızın tarixi kimi çox qədimdir. Tarixin müxtəlif dövrlərində bir sıra işğalçılarla üz-üzə gələrək, mənfur düşmənlə amansız mübarizə apararaq xalqımızı və dilimizi tarix meydanından çıxarmağa çalışan yadellilərin əksinə olaraq tarix boyu öz varlığını qoruyub saxlamış, yadellilərin təqiblərinə baxmayaraq öz tarixi varlığını sübut etmiş, öz orijinallığı ilə inkişaf edərək XIX əsrdə milli dilə çevrilmişdir.
Mədəni və tarixi hadisə olan dilimizin hərtərəfli inkişafı, dövlət dili səviyyəsinə qalxması, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Bu siyasətin əsası elə bir vaxtda qoyulmuşdu ki, milli dillər sıxışdırılır, "vahid dil” siyasəti təbliğ edilirdi. Belə bir dövrdə ana dili məsələsi çox böyük təqib və təzyiqlərə səbəb olurdu. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildiyi bir dövrdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Ancaq xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyev böyük cəsarət və Vətənə sadiqliyi tələb edən mövqe nümayiş etdirərək bütün bunlara baxmayaraq dil məsələsində öz mövqeyini çox qətiyyətlə bildirmişdir. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır.
Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur. Bu böyük tarixi təşəbbüs idi. Ulu Öndər Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi dilimizin inkişaf tarixinin qızıl hərflərlə yazılmış səhifələrindəndir. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytarmışdır. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.
Ulu Öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə dair imza atıb. Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Ulu Öndərin "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməsi Dövlət dili sahəsində yaşanan problemlərin həllinə xidmət edən siyasətin bir hissəsidir.
2002-ci il 30 sentyabr tarixində "Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Ulu Öndər Heydər Əliyev Azərbaycan dili haqqında deyirdi: "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.
Bu gün Azərbaycan dilini tədris edən və bu işdən şərəf duyan biz müəllimlər qarşısında, çox mühüm, müqəddəs vəzifələr dayanır. İnanırıq ki, Azərbaycan dilinin işlənmə arealının, təsir dairəsinin genişləndiyi, onun tədrisinə böyük əhəmiyyət verildiyi indiki zamanda dilçi alimlərimiz, ziyalılarımız, müəllimlərimiz və bütün ictimaiyyət bu şərəfli missiyanın həyata keçirilməsində var qüvvəsi ilə çalışacaq, ulu öndərin Azərbaycan dilinin inkişafı naminə qəbul etdiyi qərarların, imzaladığı qanunların, fərman və sərəncamların həyata keçirilməsinə nail olacaqlar.
Bu gün müstəqil dövlətimizin müstəqil vətəndaşlarının hər biri öz dili ilə fəxr edir və öz dilini sevirlər. Çünki bu dil "Dəmir yumruq” dilidir, bu dil "Xarı bülbül” dilidir, bu dil dünyanı sülhə, əmin-amanlığa səsləyən dildir. Bu dil 30 illik həsrətə son qoyan igidlərin, Poladları, Cəbrayılları, Xudayarları, neçə-neçə belə qəhrəmanları dünyaya gətirən anaların, qalib və lider dövlətin dilidir.
Pərvanə İsmayılova
Sənaye və texnologiya kollecinin direktor müavini, qabaqcıl təhsil işçisi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB