Qorxulu Tehran - ANALİTİKA+PUBLİSİSTİKA

Xeyr, Mürtəza Müşfiq Kazıminin ötən əsrin 20-ci illərində İranın ağır rejimi, siyasi-iqtisadi vəziyyəti, bu mühitdə qadınların cəmiyyətdəki rolu, saraydaxili intriqalar, harınlamış şahzadələrin eyş-işrət dolu həyatı, ədalətsizlikləri, heç bir hüququ olmayan qadınların bazarda sadəcə heyvan kimi satılması fonunda qələmə aqldığı Fərrux və Mehrin adlı iki gəncin bir-birinə olan sevgisi, bu sevgi uğrunda mübarizəsindən bəhs edən “Qorxulu Tehran”dan bəhs etmirəm. Həmin illərdən bizi ayıran ötən 100 ildə, bəli, o “Qorxulu Tehran” da heç nəyin dəyişmədiyindən, əsərdə sadalananların eynilə qaldığından bəhs etmək istəyirəm. Və bütün bunların fonunda isə ötən günlərdə Tehranda Azərbaycan səfirliyinə edilən silahlı basqından, səfirlik rəsmisi, təhlükəsizlik xidmətinin rəisi baş leytenant Orxan Əsgərovun vəhşicəsinə qətlə yetirilməsindən, yaralananlarımızdan danışmaq istəyirəm. Bütün bunlar yeni bir “Qorxulu Tehran”ın mövzusu deyilmi?..

Ötən iki gündə “Qorxulu Tehran”ı yenidən bir də vərəqlədim. Gözlərim qarşısında bugünkü İran, onu baş şəhəri Tehran canlandı. Əsər sanki bu gün yazılıbmış. Sırağa günün, dünənin, bu günün hadisələrindən ibarətdir. Düşünürəm, görəsən aradan 100 il-bir əsr keçməsinə rəğmən dəyişən nə olub? Yəni bu ölkədə heç nə dəyişməyibmi? Burada hər şey sanki 100 illik buzlağa çevrilib, sükütun lallığına uğrayıb. Birdən günəş doğub, əridib o buzlaqları, buzun altından isə 100 il əvvəl boylanmışdır: necə donub qalmışdısa, o cür, necə vardısa, o cür, necə idisə, o cür.

“Qorxulu Tehran”nın giriş hissəsi diqqətimi həmişəkitək daha çox cəlb etdi və aşağıdakı sətirləri göz yaşları ilə oxumalı oldum. Bu göz yaşlarının səbəbi barədə bir qədər sonra…

“Günəş qarşıdakı təpənin dalından süzüb get-gedə enir, hava qaralırdı. Məhin tutqun olduğu üçün bu tutqunluğun üstünə bir də qaranlıq çökməsini istəməyirdi. Ömrünün axır gecəsi olduğunu hiss edirmiş kimi süzgün baxışlarla günəşi süzərək sanki onun eləcə durmasını və qürub etməməsini diləyir, rica edirdi.

Lakin təbiət onun ricasını qəbul edərdimi? Xeyr! O öz hökmünü icra etməkdə idi…

Qar getdikcə şiddətini artırırdı. Dustaqların paltarları islanmış, su bədənlərinə keçməyə başlamışdı. Onların əlləri bir-birinə bağlandığı üçün üst-başlarına düşən qarı silib təmizləməyə imkanları yox idi. Hər biri min zəhmətlə özünü silkələyir, lakin bu silkələmə çox vaxt onların zərəri ilə nəticələnirdi. Qar boyunlarından kürəklərinə tökülüb daha da onlara əziyyət verirdi…

Bəli, bu sətirləri göz yaşları ilə oxudum. Ona görə ki, 100 il sonrakı qorxulu Tehranda baş verənlərə o qədər oxşayırdı ki… Oxuduqca beynimdə Orxanın Şəhid olduğu səhərin sübhü canlanır, səhərin açılması, hadisənin başlanması, gedişi gözlərim qarşısından kino lenti kimi keçirdi. Əlimə qələm alıb, o “Qorxulu Tehran”dan bu qorxulu Tehrana gəldim və Orxanın şəhid olduğu günü belə təsvir etməyə başladım: Sübh çağı idi. Ötən gecə Tehrana yeni bir səhər ərməğan etməkdəydi… Qışın soyuğunun, şaxtasının, sazağının dan yerindən boylanma vaxtını onsuz da gecikdirdiyi günəş hər gün öz zərrin şüaları ilə sanki qışla mübarizə aparırmış kimi boylanmağa, ona hökmranlıq edən qışa öz hökmünü göstərməyə çalışırdısa, lakin bu sübh mübarizəsindən əl götürmüşdü. Elə bil bu səhərin Tehran üçün qorxu ilə açılaçağından ehtiyat edib yeni bir günün işıqlanmasını, yeni bir səhərin açılmasını əngəlləyirdi.

…Tehranda yerləşən Azərbaycan səfirliyinin binası sübhün bu yarıqaranlıq vaxtında, küçələrdə sükutun hökm sürdüyü anda birazdan burada nələrin yaşanacağından xəbərsizcə qürurla dayanmaqdaydı. Qarşısındakı üçrəngli bayrağımız ətrafda bu qürura yoldaşlıq edən yeganə varlıq idi. Həmişəki səfirlik, ölkəmizi təmsil edən həmişəki səfirlik binası. Həmişəki qapılar, pəncərələr, həmişəki işıqlar, həmişəki küçə, küçədəki ağaclar və binadan süzülən işıq seli altında ağacların yarıqaranlıq və yarıişıqlı görüntüsü…

Bir qədər sonra günəş dan yerindən istəsə də, istəməsə də boylanacaq. Yeni bir səhəri Tehrana bəxş edəcək. Yeni səhər bax həmişəki bu səfirlik binasında nələrin şahidi olacaqdı, bundan heç kimin xəbəri yoxdu. Yox, yox, xəbəri olan bir qrup insan vardı. Onlar bax bu açılan səhərdən öncəki gecədə yatmamışlar, səfirlik binasının ətrafında sabahkı qətliam üçün planlar qurmuşlar. Haradan girəcəklər, binaya necə daxil olacaqlar, orada kiminlə qarşılaşacaqlar, qarşılaşanda hansı hərəkətləri edəcəklər…

Bəli, bu səhərin o müdhiş gecəsi qanlı bir səhərə hamilə idi. Saatlar sonar o gecə o səhəri dünyaya gətirəcəkdi və gətirməklə də qədim Azərbaycan torpağında illərin ayırdığı və şimallı-cənublu etdiyi azərbaycanlıların bir nümayəndəsi böyük bir faciənin qurbanı olacaqdı.

***

… Bu xalq-Azərbaycan xalqı nə qurbanlar, nə faciələr, nə soyqırımları, nə deportasiyalar görmüşdür, İlahi! Bax, bu Tehranda, bu qədim Azərbaycan şəhərində nə üçün bizim səfirlik olmalıydı axı? Məgər bura Azərbaycan deyilmi? Bu, zamanın hökmüdürmü? Xeyr, zamanın hökumü deyil. Qəlbi vəhşətlə, dəhşətlə, hökmranlıq eşqi ilə dolu olan, gözü ac, könlü torpaq “sevdalı” insan övladının tarixin səhifələrinə yazdığı adıdır. İnsanların nələrə qadir olduğunu, dünyanın bütün yaranmışlarından fərqli, acgöz, nadan olduğunu sərgiləyən amillərdir. İnsanlığa qara ləkədir.

Bu qara ləkə əsrlərdir ki, bizi o taylı-bu taylı etməyibmi? Qədim, ucsuz-bucaqsız Azərbaycan torpaqları iki imperialist arasında o tərəfə-bu tərəfə dartılıb ikiyə ayrılmayıbmı? Böyük bir qismi o tayda, kiçik bir qismi bu tayda qalmayıbmı Vətənimin? Tək torpağımı dartıb, çəkib, didib-didişdirib bölüblər? Xeyr, burada yaşayan milyonlarla insanın isə dartmaqla, çəkməklə qəlblərini bölüblər. Yarısı o tayda, yarısı bu tayda qalıb. O tayda baba qalıb, bu tayda nəvə. Bir ürəyin yarısı o tayda, yarısı bu tayda. Ata-ana o tayda qalıb, oğul-qız bu tayda. Uzun illər keçib, ata oğlunu görəndə tanımayıb. Ana balasını görəndə onu bağrına basmaq, qoxulamaq, ətrini ciyərlərinə çəkmək əvəzinə onunla yad kimi görüşüb.

1990-cı illərin sərhəd hadisələrində Arazın o tayına yığışanlarla bu tayına yığışanlar bir-birinin adlarını ucadan söyləməklə nəvə-baba, əmiqızı, əmioğlu, xalaqızı, dayıoğlu olduqlarını öyrənməklə o tayda da, bu tayda da sevinc tonqalları yandırırdılar, bilirsinizmi? Görənlər görüb, qoy görməyən gənclərimiz, yeniyetmələrimiz də bilsinlər ki, belə dəhşətli-ürəyin dözə bilmədiyi, Arazın sularını elə oradaca göz yaşına çevirib elə Araza axıdan insanların acı mənzərələri ilə qarşılaşmışıq, hadisələr yaşamışıq…

Azərbaycan… Sən nə qədər ulusan, nə qədər möhtəşəmsən. Sənin üçün ölmək, şəhid olmaq, yaralanıb qazi olmaq, bir ömrü bir qolun, bir ayağın yoxluğu ilə yaşamaq da xoşbəxtlikdir. Düşünəndə ki, sən bizdən yana budur, əsrlərdir ki, bölünmüsən, amma buna dözmüsən, üzərində nə qanlar-qadalar görmüsən, nə qanları ciyərinə çəkmisən, bəzən bitirdiyin-yetirdiyin suyla yox, qanla olub, biz kimik ki, sənin bu böyüklüyün, əyilməzliyin qarşısında əyilək. Əyilmərik də. Çünki biz sənə bənzəyirik. Sənintək qürurla dayanmağı bacarırıq. Başqa cür ola da bilməz ki… Axı biz sənin övladlarınıq…

***

Orxan kimi… Qorxulu Tehranın o səhərinin qurbanı olan Orxan kimi… Orxan çox yox, ikicə il öncəki minlərimizi andırdı mənə yenə də. Qarabağda şəhid olan minlərimizi. Namus, qeyrət savaşına çıxan, torpaq, ərazi bütövlüyümüz uğrunda canını qurban verən, Vətən üçün gözü yolda qalan həyat yoldaşından, övladından, hələ dünyaya gəlməmiş balasından, sevdiyindən, atasından-anasından, ümumilikdə həyatından keçən minlərlə oğullarımızı xatırlatdı. O minlər Qarabağı geri aldılar. Axı torpaq bizdə namusdur, qeyrətdir, iffətdir. Onlar bizim 30 il işğal altında qalan, hər dəfə söhbət açılanda başımızı aşağı dikdiyimiz torpaqlarımızı aldılar, namusumuzu, qeyrətimizi, iffətimizi xilas etdilər. Ali Baş Komandanımız cənab İlham Əliyevin ötən 20 ilədək dövrdə dəmir yumruğu ətrafında birləşən xalq onu düşmənin başına endirə bildi.

Elə iki ildir, nə hadisə baş verirsə, Qarabağ Zəfəri ilə bağlı deyilmi? Səfirliklərimizə hücumlar, terror hadisələri, minalanmış torpaqlarımızda soydaşlarımızın həyatlarını itirmələri, ekologiyamıza vurulan ziyanlar və sair kimi bir-birinin ardınca törədilən hadisələr, bəli, Qarabağ Zəfərini həzm edə bilməyənlərin törətdikləridir.

Orxan Əsgərov da Vətən yolunda şəhid oldu. Ölkəmizin səfirliyi onun bir parçası deməkdir. Səfirliklərin təhlükəsizliyi yerləşdiyi ölkənin yerinə yetirməli öhdəliyi olsa da, amma bunun tamamilə əksi oldu həmin səhər. Əlisilahlı terrorçu əvvəlcədən hazırlanmış plan üzrə səfirliyimizə necə soxula bildi? Axı səfirlik binasının ətrafı qorunmalıdır? Bu qədər qoruyucular içərisindən terrorçu binaya necə daxil oldu? Artıq bunun izaha ehtiyacı yoxdur və məlumdur, həm də gün kimi məlumdur ki, terror hadisəsi əvvəlcədən, həm də bayırda dayananlarla birlikdə planlaşdırılmışdır ki, həmin terrorçi içəriyə çox asanlıqla girə bilmişdir.

Təsəvvür edəndə, adam dəhşətə gəlir: iş otağında oturmusan, işinlə məşğulsan, birdən qapı açılır, əlisilahlı terrorist içəri daxil olur və sən onunla mübarizə aparmalı olursan. Orxan kimi. Orxan bir azərbaycanlı kişisinə məxsus qeyrəti, ərliyi qoydu ortaya həmin gün. Səfirlik əməkdaşları üçün düşmən qarşısına tək çıxdı. Onunla əlbəyaxa, aslan kimi döyüşdü. Bütün səfirlik əməkdaşlarını xilas etdi. Yaralanan yoldaşları ilə birlikdə ölümün gözünə dik baxdılar, məğlub olmadılar. Qədim Azərbaycan torpağına, azərbaycançılığa məxsus qeyrət nümayiş etdirdilər. Azərbaycan dövləti üçün sinələrini ölümə verdilər.

Orxan qorxulu Tehranın yeni açılan bir səhərində beləcə şəhid oldu. Qəhrəmancasına şəhid oldu. Vətəninin o başından bu başına gətirildi, torpağa tapşırıldı. Bu dünyadan bir Vətən fədaisi, qəhrəmanı, igidi kimi xatirələrə köçdü. Minlərlə şəhidlərimizdən biri oldu, heç vaxt yaddaşlardan silinməyən, hər zaman qürur yerimiz olan şəhidlərimizdən birinə…

Qorxulu Tehran isə qədim Azərbaycan torpağında bir şəhər olaraq qalmaqdadır. Nə qədər ki, orada molla rejimi hökm sürür nə ictimai-siyasi vəziyyətdə, nə insanlığa qarşı hörmətdə və sayğıda, nə qadın, nə kişi, nə uşaq hüquqlarında əsla bir dəyişiklik baş verməyəcək. Bu dəyişikliyi isə o tayda yaşayan soydaşlarımız edə bilərlər. Necə ki, ötən ilin sentyabr ayından gənc Mehsanın edam olunması ilə mübarizəyə qaxıblar. Artıq o mübarizə milli azdlıq hərəkatına çevrilib. Bəli, əziz soydaşlarımız, sizin əlinizdədir, o qorxunu Tehranın üzərindən götürmək. Xilas edin bu şəhəri. İzn verməyin bu şəhərdə daha böyük qorxular, faciələr yaşansın.

Əziz soydaşlarımız, bir saniyə də durmayın. Xilas edin Tehranı. Tehranın xilası bütün İranın, İrandakı 30 milyondan artıq azərbaycanlının xilasıdır. Qoy Orxanın qəhrəmanlığı bu xilaskarlıq hərəkatının başlanğıcı olsun. Xilas edin Tehranı. Xilas edin ki, bu azadlıq paytaxtdan bütün əyalətlərə yayılsın. Tehran, qorxulu deyil, qorxusuz-gözəl olsun. Çünki cənublu-şimallı Azərbaycan gözəlliyi, azadlığı, bir də bütövlüyü haqq edir.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə