Məişət zəminində baş verən mübahisələr niyə cinayətə çevrilir? - SOSİOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Son zamanlarda məişət zəminində müxtəlif münaqişələr baş verir ki, bunlar müəyyən müddət keçdikdən sonra bəzən cinayət hadisələrinə gətirib çıxarır. Bu münaqişə və mübahisələr məişət zəminində baş verdiyinə görə adətən onların statistikasını tam dolğunluğu ilə ifadə etmək olmur. Çünki bu münaqişələr ailə daxilində, qapalı mühitdə baş verir. Amma cinayətlə sonlanan ailədaxili problemlərlə bağlı hüquq mühafizə orqanları bu sahədə əməliyyatlar aparır. Bu əməliyyatlar nəticəsində həmin münaqişələr artıq rəsmi olaraq qeydiyyata alınır, müəyyən cinayət işləri başlanır və öz göstəriciləri ilə statistikada öz ifadəsini tapmış olur”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Rəşad Əsgərov deyib.

Onun sözlərinə görə, məişət zəminində baş vermiş münaqişələrin cinayətə çevrilməsinin səbəbləri də müxtəlifdir: “Bu kimi hallar xüsusilə, gənc ailələr arasında daha çox üstünlük təşkil edir. Ailədaxili qısqanclıq, ailənin müəyyən qədər tələbatlarının ödənilməməsi, cütlüklərin bir-birinə güzəştə gedə bilməməsi və hətta güzəştə getmək istəməməsi bu münaqişlərə səbəb olur. Bəzi ailələrdə isə bu münaqişələrin yaranmasına üçüncü tərəflərin təsir dinamikasının getdikcə artması da öz töhfəsini verir. Bu mübahisələr ağır zədə yetirmələrinə, fiziki və ya digər formada cinayətlərə gətirib çıxara bilir”.

Sosioloq sözlərinə davam edərək qeyd edib ki, bu ailə münaqişələrinin cinayətə çevrilməməsi üçün müxtəlif formatda sosioloqlar, psixoloqlar, ictimai elmin digər sahələrinin nümayəndələri variantlar təklif edirlər: “Ən vacib həll yollarından biri də maarifləndirmə işlərinin aparılmasıdır. İnsanlar nə qədər bilikli, məlumatlı olarsa, onlar münaqişələrdən yayınmağa bir o qədər meyilli olarlar. Amma biz son dövr statistikasında görürük ki, cəmiyyətimizdə bu sahə ilə bağlı nə qədər maarifləndirici verilişlər, roliklər, yazılar və əyani nümunələr göstərilsə də, bu mövzuda dönüş yaratmaq qeyri-mümkündür. Bu baxımdan başqa bir məsələ ortaya çıxır. Ailə qurmazdan öncə cütlüklərin bir-birini yaxşı tanıması üçün geniş şərait yaradılmalıdır. İkinci bir məsələ isə odur ki, ailə qarşılıqlı razılaşma əsasında qurulduğuna görə ailə üzvlərinin bir-birini təsiri altında saxlamaq, bir tərəfin daha basqın olmasından daha çox birgə qərar nəticəsində ailənin idarə olunması yönündə meyillər artırılmalıdır. Digər bir məsələ isə ailə üzvünün şiddətə məruz qaldığı zaman hara müraciət etməsi barədə bütün ailə üzvlərinin məlumatlı olmasıdır. Belə olduqda ailə daxilində baş verən münaqişə zamanı ailə üzvləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, müvafiq icmalara müraciət edərək münaqişə vəziyyətinin cinayətə çevrilməsinin qarşısını ala bilər. Eyni zamanda, ailə böyükləri də öz təcrübələrinə dayanaraq məsləhətlər verə və cütlüklər arasında yaranmış münaqişələrin sona çatmasında müsbət rol oynaya bilərlər".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə