Müəllim-şagird münasibətlərinə CƏMİYYƏTİN BAXIŞI - SORĞU

Təhsil müəssisələrində müəllim uşaqların psixi və somatik sağlamlığına təsir göstərən əsas fiqurlardan birincisidir. Təhsildə sağlam mühitin yaradılmasında müəllimin həm dərs zamanı, həm də dərsdən əlavə fəaliyyət zamanı şagirdləri ilə konstruktiv qarşılıqlı əlaqələr qurmaq bacarığı əsas rol oynayır. Təhsil müəssisələrində müəllim tərəfindən edilən psixoloji zorakılıq faktlarının müxtəlif formalarına rast gəlinir: şagirdə hədsiz tələblər qoymaq, yaşa uyğun olmayan münasibət göstərmək, şagirdi təhqir etmək və s. Bəs görək şəhər sakinləri müəllim və şagird münasibətləri barəsində hansı fikirdədir. SİA mövzu ilə əlaqədar şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Sehranə Cəfərova: “Uşaq sakit olduqdan, dərslərini oxuduqdan sonra müəllim uşağa heç bir şiddət tətbiq edə bilməz. Ona görə uşaqlardan çox şey asılıdır. Eyni zamanda, valideynlər də anlayışla qarşılamalıdır. İndiki zəmanədə valideynlər belə çox çətin xarakterdədir. Valideyn özü də əsəbləşəndə övladını danlaya və ya döyə bilir. O cümlədən, müəllim də insan olduğu üçün qismən bu kimi hallar baş verə bilir. Uşaq evin güzgüsüdür. Valideynlərin verdiyi tərbiyədən çox şey asılıdır”.

Şəhər sakini İdris Qocayev: “Düşünürəm ki, müəllimlərin uşağı təhqir etməsi və ya ona qarşı şiddət tətbiq etməsi doğru deyil. İndi sosial şəbəkələrdə paylaşılan videolardan da müəllimlərin şagirdlərlə münasibətini açıq-aşkar görürük. Mən müəllimlərimdən heç vaxt belə rəftar görməmişəm. Ona görə də bu cür münasibəti qəbul edə bilmirəm”.

Şəhər sakini Əminə Mustafayeva: “İndiki dövrdə müəllimlər hər hərəkətinə görə qınaq obyektinə çevrilir. Uşaq müəllimdən qorxmalıdır. Müəllim uşağı danlaya da bilər, bu problem halına gəlməməlidir. Məktəbdə olan məktəbdə qalmalıdır. Valideynlərin hər şeyə görə məktəbə getməyinə ehtiyac yoxdur”.

Şəhər sakini Fuad Hüseynov: “Mən özüm də məktəbli olmuşam. Yeri gəlib müəllim məni döyüb, yeri gəlib acıqlanıb. Valideynlərimiz heç bundan xəbər tutmayıblar. İndi valideynlər həmin dəqiqə müəllimi topa tuturlar. Valideynlər məktəbə bilik öyrənməklə yanaşı, uşaqlarını müəllimdən tərbiyə alsın deyə göndərirlər. Sonra isə müəllimin verdiyi tərbiyədən narazılıq edirlər”.

Şəhər sakini Cəmilə Əmikişiyeva: “Müəllimin uşağa heç bir halda əl qaldırmağa haqqı yoxdur. Uşaqlar müəllimdən qorxmamalıdır, ona hörmət etməlidir. Bir valideyn olaraq müəllimlərin belə davranışlarla uşaqların psixologiyasına təsir etməsi düzgün deyil”.

Şəhər sakini Fərid Əliyev: “Mən özüm də müəlliməm. Amma əksər müəllimlərin dərskeçmə metodunu düzgün hesab etmirəm. Müəllimlər şiddətə əl atmamalıdır. Çünki bu halda uşaqların dərsi öyrənmək üçün motivasiyası qalmır. Onları həvəsləndirmək üçün müxtəlif metodlar tətbiq edilməlidir. Müxtəlif yarışlar, hədiyyələrlə dərsi maraqlı etmək olar”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə