Təhsil tələbə kreditlərindən hansı tələbələr yararlana bilər? - ARAŞDIRMA

Hər bir vətəndaşın təhsil almaq hüququ var. Lakin bəzi hallarda bu hüquq hər kəs üçün əlçatan olmaya bilər. Ən əsası da aztəminatlı olan gənclərin bu problem ilə üzləşməyi qaçılmazdır.

Belə halların yaşanmaması üçün isə yeni layihələr ərsəyə gətirilir. Bu layihələrdən biri də günümüzdə Tələbə Təhsil kreditləridir.

Təhsili maliyyələşdirməyin ən geniş yayılmış yollarından biri tələbə kreditidir. Dünyanın 61 ölkəsində tələbə kreditləri verilir.

Təhsil Tələbə Kreditləri Azərbaycan Respublikasının ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatlara təhsil haqqını və təhsil aldığı müddətdə təhsillə əlaqədar xərclərin tam ödənilməsi (yaşayış yerinin kirayəsi, yemək, tədris materialları, nəqliyyat xərcləri və s) üçün verilir.

Bəs tələbə kreditlərindən kimlər yararlana bilər?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Təhsil müddətində əlaçı olmuş, təhsildə bir il itirməyən tələbələrə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadə etdiyi təhsil kreditini və ya onun bir hissəsini ödəmək öhdəliyindən azad edilir. Beynəlxalq olimpiada, müsabiqə (incəsənətə aid ixtisaslar üzrə təhsil aldıqda) və yarışlarda (idman sahəsində təhsil aldıqda) ilk üç yerdən birini qazanan, təhsil müddətində davamlı olaraq əla, ümumi uğur qazanmış, bu qanunla müəyyən edilmiş şərtlər daxilində son dərəcə istedadlı təhsilalanlara təhsil kreditləri əvəzsiz verilir.

Elm və Təhsil Nazirliyi tabeliyində, Təhsil Tələbə Krediti Fondunun Vətəndaş müraciətləri üzrə mütəxəssis Fatimə Abdullayeva: "Təhsil tələbə krediti Universitetlərin, bakalavriat, magistratura (rezidentura), səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyələrində əyani və ödənişli əsaslarla təhsil alan tələbələr kreditdən yararlana bilərlər. Həmçinin aztəminatlı ailələrin ovladlarının ödənişli fakültəyə qəbul olsa belə, təhsildən yayınmadan TTK-dən istifadə edib təhsil almağına, təhsilin əhatə dairəsinin genişlənməsinə, orta yaş insanların da təhsil haqqı xərcini düşünmədən təhsil almağa meyillənmələrinə, xüsusən, regionallarda yaşayan qadınların təhsillərin davam etmələrinə şərait yaradır.

Təhsil Tələbə Kreditləri tələbənin hər semestr üzrə müraciəti əsasında yarımillik təhsil haqlarının ödənilməsi şəklində verilir. Təhsil Tələbə Kreditlərinin iki növü var.

illik 2 % dərəcəsi ilə verilən sosial TTK və illik 6% dərəcəsi ilə verilən standart TTK.

Aşağıdakı tələbələr SOSİAL TTK-dən istifadə etmək hüququna malikdirlər:

ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;

3-cü dərəcə əlilliyi olanlar;

hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olanlar:

a.1-ci və ya 2-ci dərəcə əlilliyi olanlar;

b.işsiz kimi rəsmi qeydiyyatda olanlar;

c.yaşa görə əmək pensiyası alanlar;

d.yaşa görə sosial müavinət alanlar.

Qeyd edək ki, Sosial TTK almaq hüququ olmayan aşağıdakı tələbələr təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) etibarən standart TTK almaq hüququna malikdirlər:

Yəni yuxarıda göstərilən kateqoriyalardan birinə cavab verirsinizsə TTK-dən yararlana bilərsiniz.

Əlavə olaraq qeyd edirik ki, Təhsil müddətində əldə etdiyiniz TTK-a faiz hesablanmır və sizdən kredit geri qaytarılması tələb olunmur. Krediti təhsil müddətini başa vurduqdan sonra 10 il ərzində qaytara bilərsiniz. Təhsil müddətindən göstəriciləriniz yüksək olarsa TTK-dan güzəştlər əldə edə bilərsiniz.

Sosial TTK üzrə aşağıdakı güzəştlər tətbiq olunur:

ÜOMG-si 71 bal və yuxarı olan tələbənin həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır;

Təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan tələbənin təhsilin normativ müddətində aldığı TTK-nin 50 faizi hissəsinin ödənişindən azad olunur. Standart TTK üzrə aşağıdakı GÜZƏŞTLƏR tətbiq edilir:

ÜOMG-si 91 bal və yuxarı olan tələbənin həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır; təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan tələbənin təhsilin normativ müddətində aldığı TTK-nin 25 faizi hissəsinin ödənişindən azad olunur".

Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə