NAXÇIVAN: 30 illik yubileyə 30 min yaşıl töhfə TƏHLİL

Ötən şənbə Naxçıvanda keçirilən iməciliyin Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinə həsr olunması və bu münasibətlə 30 min ağac və gül kolunun əkilməsi ilə bağlı xəbəri oxumaqla vaxtilə yol verilən səhvlər üzündən məxsus olduğu ölkədən uzaqda qalan bu qədim diyarın 30 il əvvəlinə qayıtmalı oldum. 30 ildən hələ bir neçə il də əvvəl qonşuluqdan kənar olmuşlarımız üzündən blokada vəziyyətinə salınmış Naxçıvanın o illərinə qayıtdım. O illər haqqında hər kəs danışa bilməz. O illəri görənlər, yaşayanlar və şahidi olanlar, o acıları gündəlik həyatında hiss edənlər danışa, blokadanın ilk illərinin mənzərəsini canlandıra bilərlər.

Həyat naxçıvanlıları ağacları kəsməyə vadar etmişdi İnsanlar ata-babalarının əlləri ilə əkdiyi, hər ilin nübarı, qidası olan, məhsulunu satıb-sovub, necə deyərlər, bir dərdinə verdiyi barlı ağacları kəsib sobalarda yanacağa çevirirdi. Ölməmək, yaşamaq üçün evlərini həyətlərin, meşələrin, yol kənarlarının, parkların ağacları ilə isidirdi. Çünki Naxçıvanın nə qazı, nə işığı vardı. Kəsmişdilər hamısını. Onsuz da anası Azərbaycanın qoynundan uzaqlara düşən bu diyarın yeganə quru yolunu da kəsmişdilər.

İnsanlar blokadanın əzabları içərisində inləyirdi. Yüzlərlə iş yeri bağlanmışdı. Ölkə sosial-iqtisadi tənəzzül içərisində, həm də torpaqları satıb əvəzində vəzifə kürsülərinə sarılmaq məqsədində olanların idarəçiliyində məhvə doğru yola çıxmışdı. Belə bir dövrdə heç Naxçıvan yada da düşmürdü. Burada insanların hansı vəziyyətdə yaşaması, nə ilə qidalanması, evlərini nə ilə qızdırması əsla yada düşməyən məsələlərdən idi.

Naxçıvanlıların həmin illərdə tək bir ümidi vardi. O, böyük Heydər Əliyev idi. Həmin dövrdə bu çətinlikləri naxçıvanlılarla birlikdə yaşayan, çıraq işığında fəaliyyət göstərən və Naxçıvanın taleyin ümidinə buraxılmış tənha adanı xatırlatdığını vurğulayan ulu öndərimiz. Qayıdışı ilə öncə naxçıvanlıların, daha sonra isə ümumilikdə Azərbaycanın xilaskarı olan ümummilli liderimiz...

Təbiət qəbiristanlığı...

Bəli, 30 il əvvəl Naxçıvan əsl təbiət qəbiristanlığına çevrilmişdi. Burada yaşıllıqdan əsər-əlamət belə qalmamışdı. Yadımdadır, blokadanın 10-cu illərində insanlar meyvəyə həsrət qalmışdılar. Çünki həyətlərdəki bar ağacları doğranıb çoxdan sobalarda yandırılmış, külü göyə sovrulmuşdu.

Naxçıvana kənardan gətirilən meyvə-tərəvəz ehtiyacı ödəyə bilmirdi. Gözlərimin önündəcə şahidi olmuşam ki, alma, armud arzulayan uşaqlara anaları xiyar dilimləyib verməklə onları ovudub.

Naxçıvanda ağaca həmişə müqəddəs nemət kimi baxıblar. Buranın zəhmətkeş insanları yayın quraqlığında su növbələri günləri gecə səhərədək yuxusuz qalıb ağacların suvarılması ilə məşğul olublar ki, onlar qurumasın. Çünki gözünü dünyaya açanların hamısının tərbiyəsi bu müqəddəslik üzərində verilib. Hələ İkinci Cahan Müharibəsi illərində insanlar görüblər ki, ağacların cəviz, ərik, tut, gilənar barı onların xilaskarı olub. Ərik, alça, tut qurusu zaman-zaman evin ununa, qəndinə, çayına, yağına çevrilib. Müharibənin ən yoxsul günlərində ərik və tut qurusu qəndi əvəz edib, camaatın çay içmək üçün nemətinə çevrilib.

Bütün bunları sadalamaqda məqsədim Naxçıvanda həm bəzək, həm də bar ağaclarına olan müqəddəs yanaşmanı vurğulamaq və bunun fonunda ağac kəsməyin nə dərəcədə ağır bir məsələ olduğunu anlatmaqdır.

Lakin 90-cı illərdə insanlar gərgin psixoloji vəziyyətlə üzləşə-üzləşə ağacları kəsir, kəsə-kəsə də göz yaşı axıdır, lakin yenə də kəsirdilər. Biləklərini kəsmiş kimi olsalar da, yenə də kəsirdilər. Çünki övladlarının soyuqdan donmaq, ölmək qorxusu var idi. Nəticədə isə...

Naxçıvan bozlaşmışdı

O vaxtlar kəndlərdən, rayon mərkəzindən Naxçıvan şəhərinə gələrkən yol kənarında sıralanan torpaqdan azca boylanan ağac gövdələri adamın ürəyinə neştər sancırdı. Onların yuxarı hissəsi blokadanın qurbanı olmuşdu. Bu mənzərələr qarşısında düşüncələrə dalır və düşünrdüm ki, bu ağacların, təbiətin günahı nədir? Nə üçün onlar da blokadaya məruz qalmalı, bizlərin yaşamaq haqqına çevrilməli idilər? Bizim həyatda qalmağımız üçün onlar məhv olmalı idilər? Naxçıvanın həmin illərini çox tez-tez xatırlamamaq olmur. Axı onlar gözlərimiz onundə olub.

Sonrakı illərdə ulu öndərimiz Naxçıvanda iməciliklərə start verdi. Onun təbiətini özünə qaytarmaq üçün hər kəsin bir ağac əkməli olduğunu bildirdi. Ulu öndərin Naxçıvanda başladığı bütün işlərin, təməlini qoyduğu bütün ənənələrin davamı kimi, iməciliklər da davam etdirildi. Naxçıvan yavaş-yavaş özünə gəlməyə başladı. Naxçıvanlılar öz əlləri ilə məhv etdikləri təbiəti öz əlləri ilə bərpa etməyə başladılar.

Təbii qaza, elektrik enerjisinə illərlə bu diyar möhtac qalsa da, məhv olan ağaclar kimi, yüzlərlə uşaq, qoca, xəstə soyuqdan aldığı xəsarətlərlə soyuq xəstəxanaların soyuq otaqlarında dünyaya əlvida desələr də, həyat davam etməkdə idi. Əsrlərlə erməni kimi murdar qonşu ilə mübarizə aparan, elə həmin illərdə Sədərəkdə yenə də o nankorların qurbanına çevrilib ata evlərinə gətirilən yüzlərlə şəhid və qazisi olan Naxçıvan ayaqları üzərində həmişəkitək durmağı bacardı. Bacardı ki, var oldu. Yaşadı və bu günlərə gəlib çıxa bildi.

30 illiyə 30 min töhfə

30 il əvvəl bu diyarda iməcilik keçirməklə ağac əkmənin təməli bu partiyanı yaradan, ona rəhbərlik edən ulu öndərimiz tərəfindən qoyulmuşdu. Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə Naxçıvanda 30 min ağac və gül kolunun əkilməsinin rəmzi mənası da ölkəmizin inkişafında, müstəqilliyində, torpaqlarımızın işğaldan azad edilməsində müstəsna rolu olan partiyaya, onun liderinə hörmət və sayğı idi.

Ağacəkmə Naxçıvanda artıq bir ənənə şəklini alıb. Sanki illər öncə kəsilən ağacların haqqı hər il bir daha ödənilməkdədir. Bir kəsilən ağacın yerinə min ağac əkilsə də, yenə də azmış kimi həmin illərin acısını unutması üçün təbiətə qayğıdır ki, göstərilir.

Naxçıvan bu gün onsuz da yaşıllıqlar diyarına çevrilib. O, bozlaşmış görüntülərdən əsər-əlamət qalmayıb. İndi Naxçıvanda park, xiyabanlarda gəzəndə, yol ilə ötəndə əlini uzadıb ağaclardan meyvə dərə bilirsən. Bütün şəhər, rayon və kəndlər bar üstündə olan ağaclarla əhatələnib.

Elə Naxçıvanda təbiətə qayğının bir nümunəsi də təbii resurslardan istifadə etməklə elektrik enerjisi istehsal etməkdir. Çünki bu, bir tərəfdən hələ də blokadada olan Naxçıvanın elektrik enerjisinə olan tələbatının ödənilməsidirsə, digər tərəfdən bu növ enerjinin təbətə heç bir ziyan vurmamasıdır. Prezident İlham Əliyevin də dediyi kimi: “Yollarla, elektrik təchizatı, qazlaşdırma ilə bağlı – bütün istiqamətlər üzrə muxtar respublikada görülən işlər məni çox sevindirir. Təkcə onu demək kifayətdir ki, qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb. Elektrik enerjisi ilə təchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb. Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir”.

Və dövlətimizin başçısının şanlı qələbəmizdən sonra Naxçıvana səfəri zamanı bölgənin sürətlə inkişaf etdiyini və bütün sahələr üzrə işlərin müsbət istiqamətdə getdiyini vurğulayaraq söylədiyi və Naxçıvanın ümumi mənzərəsini əks etdirən dəyərli fikirləri: “Sənaye potensialı inkişaf edir, artır. Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmendir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb”.

Bəli, bu gün Naxçıvan ümummilli liderimizin başladığı uğurlu siyasətin dövlətimiz tərəfindən uğurla davam etdirilməsinin təntənəsi, çox yaxında anası Azərbaycana qovuşacağı reallaşacaq bir diyardır. Azərbaycanın qədim, tarixi diyarı...

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə