"Zəfər Günü Azərbaycan tarixinin ən şərəfli səhifəsidir" - MÜNASİBƏT BİLDİRİLDİ
"30 illik işğal tarixinə malik Ermənistan keçən əsrin sonlarından başlayaraq həm Azərbaycanın 20% ərazisini işğal etmişdi, həm də milyondan artıq vətəndaşımızı yalnız azərbaycanlı olduqları üçün doğma yurdlarından didərgin salmışdı". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O bildirib ki, BMT-nin dörd qətnaməsi olmasına baxmayaraq Ermənistan ard-arda Azərbaycana qarşı təxribatçı bəyanatlar verib və danışıqlar prosesini məqsədyönlü şəkildə darmadağın etmişdi: "Fasiləsiz olaraq Azərbaycana qarşı hərbi təxribatlar davam edirdi. Təmas xəttində gərginliyi Ermənistan durmadan artırırdı. Cəbhə xəttinə yaxın ərazilərimizdə hücum silahları və əlavə qoşunlar cəmləşdirirdi. Böyük həcmdə silah-sursatın Azərbaycan ordusunun mövqelərinə yaxın ərazidə yerləşdirilməsi Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını sübut edirdi. Azərbaycan tərəfindən səslənən bəyanatları Ermənistan diqqətə almadı. BMT Təhlükəsizlik Şurasının qərarları, Azərbaycan torpaqlarının işğaldan istənilən yolla azad edilməsinə dair bəyanatlar Ermənistan tərəfindən qətiyyən diqqətə alınmırdı. Növbəti təxribatların birində Azərbaycan Vətən müharibəsinə başladı. Cəmi 44 gün ərzində ərazilərimizin böyük əksəriyyətini erməni silahlılarından təmizlədi. Ümumilikdə 300-dən çox yaşayış məntəqəsi Azərbaycanın nəzarətinə keçdi.
Ermənistanın Azərbaycan ərazilərində yaratmış olduğu "Ohanyan xətti" kimi tanınan mühəndis-istehkam sistemləri bir neçə saat içində qəhrəman əsgər və zabitlərimiz tərəfindən darmadağın edildi. Ard-arda qələbə xəbərləri Şuşanın azad edildiyi günə qədər davam etdi. Ardınca isə Qarabağ iqtisadi rayonunda Azərbaycan Rus kontingentinin müvəqqəti nəzarətində olan ərazilərdə bir çox əməliyyatlar həyata keçirdi. Sonuncu antiterror əməliyyatı ilə ərazilərimizdə seperatizmə birdəfəlik və əbədi son qoyuldu".
"Artıq Azərbaycan xalqı dördüncü ildir ki, Zəfər Gününü qeyd edir. Zəfər Günü Azərbaycan tarixinin ən şərəfli səhifəsidir. Bu gün Azərbaycan xalqı Ali Baş Komandan və qəhrəman ordumuzun sayəsində dördüncü ildir ki, Zəfər bayramını qeyd edir. Bu gün Azərbaycan 21-ci əsrin tək qalib ölkəsidir. Ermənistan isə iki dəfə kapitulyasiya aktını imzalamış fərari orduya malik ölkədir. Bu gün bütün dünya Azərbaycan xalqının nəyə qadir olduğunu, Azərbaycan ordusunun qəhrəmanlıq salnaməsinin şahididir. Azərbaycan işğalçı ölkə üzərində tarixi zəfər qazanmaqla adını qalib ölkələr sırasına yazdırdı. Zəfər Günü bundan sonra da Azərbaycan tarixində misilsiz bir qələbənin simvolu olaraq daim qeyd ediləcək" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə