Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Ürəyinizi qoruyun” layihəsi çərçivəsində maarifləndirmə aksiyası keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Çıxış edən ETKİ-nin direktoru, professor Gülnaz Dadaşova müasir dövrdə sağlam həyat tərzinin təbliği və ürək xəstəliklərinin artması baxımından layihənin əhəmiyyətindən danışıb.
Tədbirdə “Ürəyinizi qoruyun” adlı layihə çərçivəsində ürək-damar xəstəliklərinə qarşı mübarizə aparmaq məqsədilə tələbələr üçün sağlam həyat tərzi və zərərli vərdişlərdən qorunma haqqında videoçarxlar nümayiş olunub, maarifləndirici bukletlər paylanılıb və aparıcı mütəxəssislər tərəfindən “Sağlam genofonda addım ataq” mövzusunda mühazirələr oxunub.
Aksiya çərçivəsində ETKİ tərəfindən həyata keçirilən “Tələbə ürək sağlığı layihəsi” çərçivəsində iştirakçılar ilkin müayinələrə (boy, çəki, təzyiq və nəbzin ölçülməsi) dəvət edilib, onlara ürək-damar xəstəliklərinin əsas risk amilləri barədə məlumat verilib. Layihə ilkin olaraq Qarabağ Universitetində başlayıb və digər ali təhsil müəssisələrində həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə