"Hər gün təcrübəsiz sürücülərin sayının artdığını müşahidə edirik" - EKSPERTLƏ MÜSAHİBƏ
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərovun SİA-ya verdiyi müsahibəni təqdim edirik:
- Baş verən yol qəzalarında günah daha çox kimdədir? Piyada yoxsa sürücüdə?
- Yola çıxan hər bir şəxs məsuliyyət daşıyır və hər kəs yol qaydalarına uyğun şəkildə davranmalıdır. Lakin ölkəmizdə sürücülərlə maarifləndirmə işi daha çox aparılıb, piyadalarla isə bu istiqamətdə ləngimələr var. Bunun əsas səbəbi isə “Yol hərəkəti haqqında” qanunda piyadalara daha çox üstünlük verilib və bu başadüşüləndir. Lakin bəzi piyadalar bundan sui-istifadə edir, bu isə ağır yol qəzalarına səbəb olur. Buna görə də hər kəs yola çıxdığı zaman məsuliyyət daşıyır və yol hərəkəti qaydalarını pozan piyadalarla bağlı cərimələr yüksəldilməlidir.
- Ümumiyyətlə piyadalar onlar üçün nəzərdə tutulan yerdən deyil, digər yerlərdən yol keçməyə cəhd göstərirlər. Bu məsələyə necə baxırsınız?
- Ölkəmizdə qəzalara görə yalnız sürücülərin cavabdeh olmasını “Yol hərəkəti haqqında qanun” belə tələb edir. Piyadaları məsuliyyətə cəlb etmək istəyiriksə, müvafiq qanunvericilikdə dəyişiklik etməliyik. Əks təqdirdə bizim üçün çox çətin olacaq.
- Qəza şəraiti yaradan sürücülərin içərisində gənclər yoxsa daha təcrübəli sürücülər çoxluq təşkil edir?
- Buna konkret olaraq cavab vermək çətindir. Təcrübəli olsa belə bilərəkdən qaydaları pozan sürücülər çoxdur. İki ilə qədər avtomobil idarə edən şəxslər təcrübəsiz hesab edilir. Onlar bilməyərək qaydaları poza bilərlər, lakin bu da onlara bəraət qazandırmır. Təəssüf doğuran məqam isə təcrübəli sürücülərin bilərək qayda pozmasıdır. Bu gün təhlükəsizlik kəməri taxmayan sürücülər taxan sürücülərə gülürlər. Bu biabırçılıqdır. Bu məqamlar birbaşa olaraq ictimai məsuliyyət məsələsidir.
– Son vaxtlar qadın sürücülərin sayı çoxalıb. Həmin sürücülər yola çıxarkən ən çox nələrə diqqət etməlidir? Onlara nə kimi məsləhətləriniz var?
- Sürücüləri heç bir halda qadın və ya kişi olaraq ayırd etmirəm, bunu doğru da hesab etmirəm. Yola çıxan hər bir kəs cinsindən, statusundan asılı olmayaraq bərabərhüquqludur. Qadın sürücülərin daha çox qəzaya səbəb olması fikri ilə də razılaşmıram. Burada problem qadın-kişi məsələsi deyil. Problem sürücülük mədəniyyətinin aşağı olmasıdır. Ölkəmizdə fəaliyyət göstərən bir çox sürücülük kursları formal xarakter daşıyır, burada kifayət qədər sürücülük dərsləri keçirilmir və sürücülük mədəniyyəti aşılanmır. Buna görə də hər gün təcrübəsiz sürücülərin sayının artdığını müşahidə edirik.
– Bizim avtomobil yolları ilə bağlı təcrübəmiz də var. Bir müddət öncə yollar genişləndirildi, körpülər, yolötürücüləri və sair inşa edildi. Ancaq yenə də tıxaclardan qurtula bilmədik, əksinə, daha da artdı. Bu onu göstərir ki, yolları genişləndirmək problemin həlli deyil. Bəs nə edək?
- Tıxacın köklü şəkildə həllini tapması məsələsi çətindir, bu yalnız mərhələli şəkildə baş tuta bilər. Eyni zamanda bu problem yol infrastrukturu ilə bağlıdır, maşın sayı ilə əlaqədar deyil. Şəhər mobilliyi prosesinə yeni başlamışıq. Bunun əsas səbəblərindən biri də iqlim dəyişmələri ilə bağlıdır. Bununla atmosferə buraxılan zərərli CO2 karbon qazının emissiyası azaldılsın. Bunun üçün də şəhər mobilliyi həyata keçirilir və bu beynəlxalq təcrübədir.
Bütün xəbərlər Facebook səhifəmizdə