Faiq Ağayev: "Yalançı “pasifist” çıxışlar etməyin"

Xalq artisti Faiq Ağayev neçə gündür cəbhə bölgəsində davam edən döyüşlərdən danışıb. SİA-nın verdiyi xəbərə görə, şəhid ailələrinə başsağlığı verən müğənni sülh çağırışı edən bəzi həmkarlarını sərt tənqid edib: "Mən bəzi insanlara müraciət etmək istəyirəm: Dırnaqarası sülh çağırışları edəndə canlarını itirmiş şəhidləri düşünün. Sülh barədə o vaxt danışarıq ki, Azərbaycan torpaqları qayıtsın, ərazi bütövlüyü təmin olunsun, daha sonra Azərbaycan vətəndaşı olan digər millətlərin nümayəndələri ilə söhbət edərik ki, sabahkı həyatımız necə olacaq.

Təbii ki, hər bir müharibənin sonu sülhdür. Təbii ki, bir torpaqda yaşamaq məcburiyyətində olacağıq. Amma bunu indidən etməyi vətənini, torpağını satmaq kimi qiymətləndirirəm. Yalançı "pasifist" çıxışlar etməyin. Əfsus ki, bəzi həmkarlarım arasında da belə çıxış edənlər var.

Yəqin cavandırlar, anlamırlar, 90-cı illərdən sonra anadan olublar, o dəhşətləri görməyiblər. Heç bir hadisədən xəbərləri yoxdur, dünyaya guya tolerantlıq, sülhpərvərlik nümayiş etdirirlər".

Qeyd edək ki, müğənni Eldar Qasımov açıqlamasında tərəfləri silahı yerə qoymağa çağırmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə