"12 Noyabrın qeyd olunması çox dəyərlidir" - DEPUTAT DANIŞDI

"12 Noyabrın qeyd olunması çox dəyərlidir" - DEPUTAT DANIŞDI

“Bu gün Konstitusiyamızın qəbul olunması gününü qeyd edirik. Bu gün bizim üçün ən təntənəli günlərdən biridir. Ona görə ki, hər bir xalqın ən böyük əsəri onun dövlətidir, dövlətin də ən böyük əsəri onun konstitusiyasıdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, müstəqil Azərbaycan Respublikasının Kosntitusiyası 1995-ci ildə Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb: “Bu konstitusiyanın necə hazırlanması, hansı müzakirələrdən keçməsi indiyə qədər gözlərimin qarşısındadır.

Bizim üçün bu gün Müstəqil Azərbaycanın konstitusiyasının qəbul olunmasının ildönümüdür. Amma bununla yanaşı biz bu gün konstitusiya yaradıcılığımızın tarixinə də nəzər salmalıyıq. 1978-ci ildə Azərbaycan SSR-nin son konstitusiyası da məhz Ulu Öndər Heydər Əliyevin nəzarəti altında, onun nəzərdə tutduğu prinsiplər əsasında qəbul olunub. Təbiidir ki, hər bir respublikanın konstitusiyası SSRİ-nin konstitusiyasına uyğun olmalı idi. Amma buna baxmayaraq, 1978-ci il Azərbaycan SSR konstitusiyasında da Azərbaycan dili dövlət dili olaraq ayrıca maddə şəklində bura daxil edilmişdir. Bunun üçün Ümummilli Liderimiz Moskva ilə çox ciddi müzakirələr aparmalı olmuşdu.
Bütövlükdə xüsusi olaraq bu günün qeyd olunması çox dəyərlidir. Bu bizim dövlət və xalq olaraq konstitusiyaya, qanunlarımıza verilən əhəmiyyətin göstəricisidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə