Neftçalada Zəfər Günü böyük coşqu ilə qeyd olunub

Neftçalada Zəfər Günü böyük coşqu ilə qeyd olunub

44 günlük Vətən müharibəsindəki Qələbəmizin ikinci ilinin tamam olması ilə əlaqədar Neftçala rayonunda keçirilən Zəfər Günü tədbiri böyük coşquyla qeyd olunub. Tədbir Rayon İcra Hakimiyyətinin və Biləsuvar Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və məsul şəxslər, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyəti və qonaqlar iştirak ediblər. Tədbirdən öncə ulu öndər Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan abidəsi və Şəhidlər Xatirə Kompleksi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Şəhidlərin ruhları ehtiramla yad olunub. Zəfər Günü ilə əlaqədar olaraq təşkil olunan sərgiyə qonaqlar tərəfindən baxış keçirilib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Tədbirdə Ümummilli Liderin siyasi yolunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətindən, şəhid və qazilərə olan diqqət və qayğıdan, 44 günlük Vətən müharibəsindəki qələbəmizdən, Ordumuzun gücündən, düşmən işğalından azad olunan Qarabağın abadlaşmasından danışılıb. Vətən müharibəsi dövrünü özündə əks etdirən videorolik izlənilib.

Tədbir Biləsuvar Regional Mədəniyyət İdarəsinin, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılov adına musiqi məktəbinin və digər sənətkarların iştirakı ilə musiqili konsert proqramları ilə davam etdirilib.

Tədbirin sonunda şəhid ailələrinin və qazilərin iştirakı ilə “Qarabağ Azərbaycandır!” şüarı səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə