Qələbə tariximizin yazıldığı günlər TƏHLİL

Qələbə tariximizin yazıldığı günlər TƏHLİL

"Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!». Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 4 noyabr 2020-ci il tarixində özünün "Twitter" hesabında bildirmişdi. Zəfərimizə tarixi günlər qalmışdır. 44 günlük Vətən müharibəsində qısa bir zamanda uğurlu əməliyyatlar nəticəsində düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad olunurdu. Hər dəfə qələbə sevincini bizlərə yaşadan Ali Baş Komandanın xalqa müraciətləri zamanı işğaldan azad olunan şəhər, kənd, qəsəbələrin xəbərini bizə çatdırması qələbəmizin lap yaxında olmasından xəbər verirdi. İki il bundan əvvəl bu və ya digər ərazilərin işğaldan azad olunması Azərbaycanın güclü və qüdrətli bir ölkə olduğunu dünyaya təqdim edirdi. Hər gün qələbə soraqlı yeni xəbərlər eşidirdik.

"DÖYÜŞ MEYDANINDA QAZANILMIŞ QƏLƏBƏLƏR SİYASİ MÜSTƏVİDƏ DƏ QƏLƏBƏNİN QAZANILMASINI ŞƏRTLƏNDİRDİ"

Bu, 44 gün bizim daş yaddaşımıza əbədi olaraq köçdü. Bu tarixi günləri həyəcansız yaşamamaq mümkün deyildi. Bu sevinci bizlərə nəsib edən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və güclü və şanlı Müzəffər Ordumuz idi. Ötən ilin bu günündə müharibənin bitməsinə sayılı günlər qalmışdı. Bir neçə gündən sonra artıq Qələbə xəbərini eşidəcəydik. Qələbəmiz bir addımlıqda idi. 30 ilə yaxın gözlədiyimiz tarixi Zəfər sevincimizin lap astanasında idik. Cənab Prezident böyük xalqımıza bu Qələbə xəbərini verəcəkdi. Hər gün torpağımız şəhidlər verirdi. Vətənin mərd, igid övladları Vətən, deyib düşmən üzərinə hücum edirdilər. Xocalı qisası alınırdı, 30 il torpaq nisgili ilə yaşayan insanların qisası alınırdı, mübarizlərin, poladların qisası alınırdı, bir ovuc torpaq nisgili ilə dünyasını dəyişən insanların qisası alınırdı. Qisas qiyamətə qalmadı. Qisas almaq və torpaqların hər qarışı uğrunda mübarizəyə qalxan övladlarımız ölümün gözünə dik baxdılar. Hələ uşaqlıqdan torpaqlarımızdan erməniləri qovmağa və onlara dərs verməyə hazır yetişmişdilər. Gerçəkliyə çevrilən bu günü sanki hər gün xəyallarında qurmuşdurlar. İki il bundan əvvəl hələ də qızğın döyüşlər davam edirdi. Hələ neçə-neçə Vətən övladı can fəda edəcəkdir. Şəhadətə qovuşacaqdı, Şəhidlik zirvəsinə yüksələcəkdir. Bu gün ən yüksək zirvədə duran şəhidlərimiz ölümsüzlüyə qovuşublar, adları gələn yerdə vüqarlı bir xalq olduğumuzla qürurlanırıq. Azərbaycan tarixinə silinməz tarixi həkk edən şəhidlərimiz. Ali Baş Komandanın gücü və qətiyyətli iradəsi, siyasəti nəticəsində Azərbaycan Ordusu müharibədə Zəfər qazandı. Cənab Prezident İlham Əliyevin bildirdiyi kimi, "İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi".

AZƏRBAYCAN ƏSGƏRİ DÜŞMƏNİN TİKDİYİ İSTEHKAM MANEƏLƏRİNİ YARIR, QURDUĞU PUSQULARI DAĞIDIR VƏ HƏDƏFƏ YAXINLAŞIRDI

Qanlı döyüşlər davam etdiyi günlərdə Azərbaycan vətəndaşları, eləcə də xaricdə yaşayan soydaşlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar göndərməkdə davam edirlər. Onlar rəşadətli ordumuzun uğurlu əməliyyatları, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı sevinc hisslərini bölüşür, dövlətimizin başçısına minnətdarlıqlarını bildirirdilər. Xaricdə yaşayan soydaşlarımızdan biri belə yazırdı: "Çox hörmətli cənab Prezident, bu gün dünyanın harasında olmasından asılı olmayaraq, bütün dünya azərbaycanlılarının diqqəti Sizə yönəlib. Müzəffər Ali Baş Komandan kimi xalqımızın torpaqlarımızın bütövlüyü, haqq və ədalət uğrunda mübarizəsinə rəhbərlik edirsiniz. Bu gün ölkəmizə qarşı şər və böhtan kampaniyalarına külli miqdarda vəsait xərclənir. Azərbaycanın dünyaya açıq və aydın mesajları təhrif olunur. İndi ən mühüm işlərdən biri Azərbaycanın həqiqətlərini və hədəflərini dünyaya çatdırmaq üçün informasiya hücumlarını dəf etməkdir. Bu hər bir vətənpərvər insanın ümumi vəzifəsidir. ...Biz həmişə Sizinləyik. Sizin müdrikliyinizə, xoşməramlılığınıza, qətiyyətinizə əminik. Daim xalqımızın, dövlətimizin mənafelərini qorumaq üçün davamlı səy göstərdiyinizə inanırıq. Uca Allah qətiyyətinizi, gücünüzü yüz qat artırsın və Sizin vasitənizlə xalqımızı gücləndirsin. Müzəffər Ali Baş Komandanın əmri ilə Azərbaycan əsgəri düşmənin işğal edilmiş ərazilərdə 30 il müddətində tikdiyi istehkam maneələrini yarır, qurduğu pusquları dağıdır və hədəfə yaxınlaşırdı. Əks-hücum əməliyyatında ordumuzun qarşısında duran əsas tapşırıq çətin relyef və iqlim şəraitində mütəşəkkil qaydada irəliləmək və işğal altında olan torpaqlarımızı cinayətkar ordu qruplaşmasından xilas etmək idi.

BU QƏLƏBƏDƏ VƏTƏN TORPAĞINI QANI, CANI BAHASINA AZAD EDƏN MİNLƏRLƏ VƏTƏN ÖVLADININ PAYI VAR

Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin birgə bəyanatı imzalandı. Dəmir yumruğun gücünə imzalanan bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Artıq 30 ilə yaxın həsrətlə gözlədiyimiz torpaqlarımız bu gün dirçəlir. O yerlərə yeni nəfəs gəlib. Xarı bülbülümüz nigaran baxışlarını yollardan çəkib, hər gəlib-gedən əzəli sakinlərinə "Xoş gəldin", - deyir. Təbiət də oyanıb. Bu oyanış böyük bir müjdəyə susuz idi. 44 gün davam edən Vətən müharibəsində qəhrəmanlıq göstərən vətən oğullarının şücaəti, mücadiləsi milyonlarla insanlara QƏLƏBƏ sevincini yaşatdı. Gözün aydın, AZƏRBAYCAN! - deyirik bir daha. Bu, elə bir gündür ki, zaman-zaman Azərbaycan xalqının torpaq uğrunda savaşını, böyüklüyünü, bütövlüyünü, lazım gələndə bir yumruq olaraq birləşməsini yetişən nəsillərə illər, qərinələr, əsrlər sonra belə təqdim edəcək. Bu qələbədə minlərlə azərbaycanlı gəncin payı var. Azərbaycanın qələbə sorağı dünyaya yayıldı. Zəfər günümüzü yaşadıq. Xalqımız üçün bundan sevincli gün nə ola bilərdi ki? Artıq bu gün tarixiləşdi. Müstəqil Azərbaycan dövlətinin vətənpərvər gəncləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması yolunda vuruşdular. Hər qarış torpağın müdafiəsində dayandılar və Şəhid də oldular, qazi də. Azərbaycan tarixi ədaləti bərpa etdi. Şərəfli yol seçərək, şəhidlik zirvəsinə yüksələn oğullar Vətən savaşında şücaət göstərərək, düşmənə dönməzliyini sübut edərək vətən qarşısında öz borclarını vermiş oldular. Hərb meydanında igidlik göstərən, vətən torpağını düşməndən qanı, canı bahasına azad edən Azərbaycan bayrağını uca tutan vətən oğullarının bu qələbənin qazanılmasında rolu danılmazdır. Onların hər biri ilə qürurlanır, onlara borcluyuq. Ölkəmizin tarixi qələbəsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionun yenidən çiçəklənməsinə böyük stimuldur. Cənab Prezidentin də qeyd etdiyi kimi, bizə maksimum sərf edən sənəd imzalanıb. Bu nəticənin əldə olunmasında başda Müzəffər Ali Baş Komandan olmaqla, bütün ordumuzun və hərbi əməliyyatlar dövründə birlik, həmrəylik nümayiş etdirən xalqımızın hər bir nümayəndəsinin rolu oldu. Biz böyük bir nailiyyəti ZƏFƏRİ əldə etdik.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə