Soçi görüşü nə ilə yadda qaldı? - SİYASİ EKSPERT ŞƏRH ETDİ

Soçi görüşü nə ilə yadda qaldı? - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"Soçidə Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin keçirilmiş görüşü post-müharibə proseslərinin içərisində diqqəti cəlb edən hadisələrdən biridir. Qafqazda sülhün və təhlükəsizliyin maraqları üçün narahatlıq keçirən bütün dairələr bu görüşün nə ilə nəticələnəcəyini izləyirdilər. Çünki bu görüşdən əvvəl Ermənistanın təqsiri üzündən Azərbaycan-Ermənistan sərhədlərində gərginlik xeyli artmışdı və Ermənistan əvvəlki dövrlərdə imzalanmış sənədlərdəki maddələrin icrası ilə məşğul olmaqdan daha çox bu maddələrin pozulmasına yönəlik hərəkətlərə yol verirdi. Ermənistan sülh prosesinin real məzmun almasının qarşısını almağa çalışırdı". Bu sözləri SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin Baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, belə şəraitdə Soçidə keçiriləcək görüşdən ekspertlərin və sadə insanların böyük bir hissəsi müəyyən gözləntilərə malik idi: "Ən azı gözlənilirdi ki, burada Ermənistanın pozuculuq hərəkətlərinin qarşısını almaq üçün konkret təkliflər olacaq və bu da sonrakı proseslərdə öz təsirini göstərəcək.

Qəbul olunmuş ümumi bəyənnamə Ermənistanın bir sıra məsələləri gündəmə gətirmək cəhdlərinə baxmayaraq, Ermənistanın siyasi kursuna uyğun olmadı. Dəqiq desək, qəbul olunmuş ümumi bəyannamə müharibədən sonrakı sülh gündəminin Azərbaycan tərəfindən təklif olunmuş tezislərinə demək olar ki, uyğun oldu.

Hamı bilir ki, müharibədən sonra sülh gündəminin demək olar ki, bütün əhəmiyyətli və nəzərəçarpan tezislərini məhz Azərbaycan müəyyənləşdirib. Bu tezislər ondan ibarətdir ki, əgər münaqişə bitdisə, deməli bundan sonrakı vacib işlər, sərhədlərin dəqiqləşdirilməsi və iki ölkə arasında münasibətlərin normallaşmasını özündə ehtiva edən sülh sazişinin imzalanmasıdır".

Aydın Quliyev sözlərinə belə davam edib: "Doğurdan da qəbul olunmuş ümumi bəyannamədə Dağlıq Qarabağ münaqişəsi kimi terminlərin olmaması belə qənaətə gəlmək əsası verir ki, bu bəyanatın arxasında iştirak edən subyektlər Qarabağ münaqişəsinin tarixdə qalması fikri ilə razılaşdılar. Çünki cənab İlham Əliyev də Rusiya prezidenti ilə danışdıqda Qarabağ münaqişəsinin tarixdə qalmasını bir daha təkrarladı. Əslində, bu qabaqlayıcı addımla Ermənistanın qəbul olunacaq ümumi bəyannaməyə başqa tezislərin salmasının qarşısını aldı və Ermənistanın ziyankar hərəkətlərini neytrallaşdırdı.

Sülh sazişinin imzalanması və bu sazişin Azərbaycanın təklif etdiyi prinsiplərə uyğun hazırlanması bəyannamədə öz əksini tapdı ki, bu da müharibədən sonrakı sülh gündəminin müəyyənləşməsində Azərbaycanın təşəbbüs göstərdiyi tezislərə tamamilə uyğundur. Çünki Azərbaycan müharibədən sonra Ermənistana bir neçə prinsipi özündə əks etdirən və sülh sazişinin məhz bu prinsiplər əsasında hazırlanmasını müəyyənləşdirən bir təşəbbüs irəli sürüb. Soçidə sonuncu qəbul olunan bəyənnamədə aydın göstərildi ki, sülh sazişinin dövlətlərin ərazi bütövlüyü nəzərə alınmaq şərti ilə BMT nizamnaməsi və 1992-ci il Almata sənədinə uyğun hazırlanması hazırki şəraitdə ən vacib vəzifələrdən biri olmalıdır. Bu onu bir daha təsdiqlədi ki, həqiqətən qəbul olunmuş bəyannamə müharibədən sonrakı sülh gündəmini müəyyənləşdirən Azərbaycanın tezislərinin Rusiya tərəfindən qəbul olunduğunu söyləmək olar. Bundan başqa Soçidə qəbul olunmuş bəyannamədə kommunikasiyaların açılması, sülh danışıqlarının davam etdirilməsi, gərginlik yaradan hərəkətlərdən çəkinmək kimi çağırışlar da məhz Azərbaycanın post-müharibə dövründə ortaya qoyduğu sülh tezislərinə uyğun mövqedir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə