"Soçi görüşü də Azərbaycan üçün uğurlu keçdi" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"Soçi görüşü də Azərbaycan üçün uğurlu keçdi" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"Bütün üçtərəfli görüşlər kimi, Soçi görüşü də Azərbaycan üçün uğurlu keçdi. Çünki Ermənistandan fərqli olaraq Azərbaycanın mövqeyi dəyişilməzdir və sabitdir". Bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov bildirib.

Onun sözlərinə görə, Ermənistan 10 Noyabr sazişini imzaladığı andan Qarabağ münaqişəsi bitmiş hesab olunur: "Qarabağda erməni əhalisinin yaşaması onu deməyə əsas vermir ki, biz hələ də Qarabağ və onun statusu haqqında müzakirə aparmalıyıq, müzakirə olunası o qədər məsələ var ki, hansından Ermənistan boyun qaçırır. Bura sülh müqaviləsinin əsas şərtləri, sərhədlərin demarkasiya və delimmitasiyası, kommunikasiyaların açılması, Zəngəzur dəhlizi və sair. Azərbaycan Prezidenti İlham Əliyevin də Soçi görüşündə mövqeyi məhz bundan ibarət olub, konkret olaraq bildirdi ki, bu gün vasitəçilər səylərini Ermənistanla Azərbaycan arasında normmallaşma prosesinə yönəltməlidir. Hesab edirəm ki, indiki mərhələdə ən vacibi budur və ümid edək ki, vasitəçilər bundan doğru nəticə çıxaracaqlar. Soçi görüşündə imzalanan bəyənatda fikrimcə ən diqqət çəkən məqam Rusiyanın Azərbaycanla Ermənistan arasında etimad mühiti yaradan tədbirlər həyata keçirməsini öz üzərində götürməsi və hər iki ölkənin parlament nümayəndələri, ictimaiyyət və dini xadimlər arasında dialoqun təşkilinə dəstək verməsidir.

Ümid edək ki, Rusiya bu istiqamətdə hansısa addımlar atacaq. Əslində üçtərəfli bəyənnamənin vasitəçisi rolunda çıxış edən Rusiya çoxdan bu istiqamətdə tədbirlərə başlamalı idi. Ümid edək ki, Rusiyanın bölgədəki sülhməramlı fəaliyyəti yalnız sözdə deyil, əməldə özünü göstərəcək və qəbul edən sənəd yalnız kağız üzərində qalmayacaq. Çünki tərəflər arasında etimad mühitinin qurulması sülhyaratma prosesinin ən vacib komponentlərindən biridir. Əlbəttə ki, biz bu istiqamətdə tək Rusiyanın deyil, Qərbin də təşəbbüslərinə açıq olmalıyıq".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə