Yeni strateji inkişaf proqramı türk xalqının bayram əhval-ruhiyyəsini zirvələrə qaldırıb
Türkiyə Respublikasının milli bayramı – Respublika Günü qardaş ölkədə böyük təntənə ilə qeyd olunur. Bu münasibətlə ölkədə rəsmi bayram tətilidir. Bütün küçə və meydanlar bayramsayağı bəzədilib. Milli bayram münasibətilə rəsmi və ictimai tədbirlər gün ərzində davam edəcək.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana milli bayramı – Respublika Günü münasibətilə ünvanlandığı təbrik məktubunda diqqətə çatdırıb ki, Türkiyə gündən-günə güclənən, sürətlə inkişaf edən, beynəlxalq aləmdə söz sahibi olan ən qüdrətli ölkələrdən birinə çevrilib. Bu gün siyasi, iqtisadi, hərbi, texnoloji və digər sahələrdə əldə etdiyi mühüm nailiyyətləri ilə qardaş Türkiyə ən qabaqcıl ölkələr sırasındadır. Eyni zamanda, son dərəcə mürəkkəb proseslərin cərəyan etdiyi dünyada və regionda sülhün və sabitliyin bərqərar olması, haqqın və ədalətin müdafiəsi naminə ardıcıl və qətiyyətli mövqeyi ilə ölkəniz beynəlxalq müstəvidə yüksək nüfuz və hörmət qazanmışdır. SİA xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri, Prezident Rəcəb Tayyib Ərdoğanın oktyabrın 28-də Ankarada “Türkiyənin yüz ili” (Türkiyənin əsri, Türkiyənin qarşıdakı yüz ili və s.) şüarı altında təqdimat etdiyi strateji inkişaf proqramı xalqın bayram əhval-ruhiyyəsini zirvələrə qaldırıb.
Xatırladaq ki, xarici ölkələrdən yalnız Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə keçirilən “Türkiyənin yüz ili” toplantısına Türkiyədə fəaliyyət göstərən siyasi partiyalardan cəmi 11-i dəvət olunmuşdu.
Oktyabrın 29-da milli bayram münasibətlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə rəsmi heyət Cümhuriyyətin banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət edib.
Qazi Mustafa Kamal Atatürkün əziz xatirəsi ehtiramla yad olunub, məzarı önünə əklil qoyulub.
Sonra Türkiyənin dövlət himni səsləndirilib.
Prezident Rəcəb Tayyib Ərdoğan Anıtqəbrin xatirə kitabına ürək sözlərini yazıb.
Ötən 99 il ərzində qardaş Türkiyə böyük bir inkişaf yolu keçərək modern dövlətə çevrilib. İnsan haqlarının və ədalətin qorunması, demokratik inkişaf, söz və mətbuat azadlığı, əhalinin rifahının yüksəlişi, güclü və nümunəvi ordu quruculuğu müasir Türkiyənin ən əsas dövlətçilik hədəflərindəndir.
“Türkiyənin yüz ili bacarığın yüz ilidir!”, “Türkiyənin yüz ili inamın və sabitliyin yüz ilidir!”, “Türkiyənin yüz ili, elimin yüz ilidir!”, “Türkiyənin yüz ili ictimai münasibətlər ilidir!”, “Türkiyənin yüz ili rəqəmsal inkişafın yüz ilidir!”, “Türkiyənin yüz ili qüdrətin yüz ilidir!” və digər şüarlar altında elan olunan inkişaf proqramı dövlətin və xalqın qarşısına mühüm milli vəzifələr qoyub.
Prezident Rəcəb Tayyib Ərdoğanın xalqa ünvanlandığı bayram təbrikində vurğulayıb ki, məruz qaldığımız haqsızlıqlara baxmayaraq 2053 və 2071-ci illərdə istiqamətlənmiş inkişaf proqramlarının təməlini atır və Türkiyənin növbəti yüz ilini inşa etməkdə qərarlıyıq.
Cümhuriyyət sevinci qardaş türk xalqının ən ülvi hisslərindən biri kimi bütün dünyaya nümunədir. Türkiyənin dövlət kimi qüdrətlənməsi, xalqın rifahı, Azərbaycanla qardaşlıq münasibətləri həyatın bütün sahələrində özünü göstərməkdədir. Türkiyənin milli bayramı – Respublika Günü Azərbaycanda da qardaş ölkədə olduğu sevgi ilə qarşılanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB