"Prezidentin səfərləri “Böyük Qayıdış”ın sürətlə həyata keçirildiyini təsdiqləyir" - DEPUTAT ŞƏRH ETDİ
“Azərbaycan 44 günlük şanlı Zəfərdən sonra cənab Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinin aparılması, öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışının təmin olunması, həmin ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulması və digər məqsədyönlü tədbirləri sürətlə davam etdirməkdədir. Prezident, Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Qarabağda başlanmış yeni quruculuq salnaməsinə öz zəngin töhfələrini verməkdədirlər. Müzəffər Ali Baş Komandan işğaldan azad edilmiş bölgələrdə tikinti-quruculuq işlərinin ahəngdarlığını şəxsən özü təmin edir və nəzarətdə saxlayır. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına səfərləri bu baxımdan çox mühüm sosial-iqtisadi əhəmiyyət daşıyır. “Böyük Qayıdış” proqramının sürətlənməsini təmin edir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov bildirib.
Millət vəkili qeyd edib ki, Prezidentin səfəri zamanı yeni layihələrin əsasının qoyulması təsdiqləyir ki, Azərbaycan hökuməti heç bir xarici maliyyə almadan, özünün güclü iqtisadi qüdrəti və maliyyə ehtiyatları hesabına Qarabağda geniş qurucluq işləri aparmağa qadirdir. Eyni zamanda, ölkəmiz nəzərdə tutulan bütün iqtisadi-sosial hədəflərini, bütün regionlarda nəqliyyat və sosial infrastrukturların yenidən qurulmasını ardıcıl davam etdirməklə bərabər, Qarabağda iri nəqliyyat kommunikasiyalarının, beynəlxalq tipli qovşaqların icra olunmasında heç bir maliyyə çatışmazlığı ilə üzləşmir, əksinə artan strateji valyuta rezervləri hesabına bu nəhəng quruculuğun miqyasını daha da genişləndirir. Prezidentin də vurğuladığı kimi biz qarşıya qoyduğumuz bütün hədəfləri tam vaxtında yerinə yetiriririk.
Zəngilan, Qubadlı və Cəbrayıl həm də zəngin iqtisadi resurslara malikdir. Dövlət başçısının səfərləri zamanı əsasını qoyduğu yeni infrastrukturlar, yeni layihələr ərazidəki zəngin iqtisadi resursların işlənməsində və bura sərmayə qoyuluşlarında xarici investorların axını üçün stimullar verəcək. Çünki xarici investorlar üçün hansısa bölgənin nəqliyyat rabitəsi, logistika əlverişliliyi mühüm əhəmiyyət daşıyır. Bu mənada ötən gün əsası qoyulan infrastrukturlar, açılışı edilən mühüm obyektlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafında mühüm rol oynayacaq.
A.Hüseynov qeyd edib ki, bu səfərlər həm də sosial əhəmiyyəti ilə fərqlənir. Burada yüzlərlə insanın iş yerləri ilə təmin edilməsi məşğulluğun həllində və bu bölgədə məskunlaşacaq insanların layiqli sosial yaşayışı üçün xüsusi əhəmiyyət daşıyacaq. Azad edilmiş bölgələrdə, o cümlədən Qubadlı, Cəbrayıl, Zəngilanda iri sənaye, ticarət, xidmət və digər sosial və iqtisadi layihələrin icrası və yük daşınmaları potensiallarının artması sayəsində böyükhəcmli iş yerləri yaranmış olacaqdır. Nəticədə bu bölgədə minlərlə insan dayanıqlı işlərlə təmin olunacaq. İşğaldan azad olunmuş bölgələr cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevriləcək, dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılacaqdır.
Azad edilmiş ərazilər cəlbedici turizm potensialının dünyaya təqdim edilməsində, bu ərazilərin turizm xəritəsinin ən əhəmiyyətli hissəsində yer almasında və bölgəyə xarici turistlərin axınında açar-qapı rolunu oynayacaq. Zəngilan və Qubadlının turizm baxımından böyük potensialı vardır və ölkəmizə səyahət edəcək turistlərin əsas axını da bu regiona yönələcək.
Millət vəkili Zəngilan Beynəlxalq Hava Limanının əhəmiyyəti haqqında da danışıb. Bildirib ki, hava limanı Zəngəzur dəhlizinin giriş qapısı adlanır və Zəngəzur dəhlizi ilə Naxçıvanı, oradan da İstanbula gedən beynəlxalq magistralla birləşdirilməsini nəzərdə tutur. “Bu dəhliz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanı quru yolu ilə bərpa edir. Azərbaycanla Naxçıvan arasında birbaşa nəqliyyat bağlantısı yaradır və tarixi torpaqlarımızın birləşdirilməsini təmin edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB