29 il bundan qabaq yəni oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri, əslində, öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarının özü də xilas üçün sonda Heydər Əliyevdən imdad istədi.
Xalqın tələbi və təkidi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Bu, həm də xilaskarlıq missiyası idi.
“Dahi şəxsiyyət Heydər Əliyev hər zaman deyirdi ki, “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, əbədi olması ondan da çətindir”. O bu çətinliyi hər kəsdən daha aydın görür və dərk edirdi. Dünyanın siyasi xəritəsindən silinmək üzrə olan Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması üçün bütün imkanlardan istifadə etdi. Ümummilli Lider, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Onun prezident seçilməsi ilə ölkəmiz özünün yeni inkişaf mərhələsinə qədəm qoyaraq, dövlət quruculuğu, iqtisadi, sosial və mədəni həyatda demokratiyanın, qanunvericiliyin formalaşması üçün geniş imkanlar yarandı. Müstəqillik illərində Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatlarına üzv qəbul edildi, faydalı əməkdaşlıqlar quruldu. Həyata keçirilən regional və qlobal layihələr Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı. Müxtəlif sahələrdə baş verən yeniliklər, xarici dövlətlərlə yaradılan dostluq və əməkdaşlıq münasibətləri, iqtisadi göstəricilər müstəqillik illərinin uğurlarıdır”.
Dahi şəxsiyyət ölkədə formalaşan siyasi sabitliyin davamlılığını təmin etmək üçün özünün elmi əsaslara söykənən sosial-iqtisadi inkişaf strategiyasını irəli sürüb və mərhələlərlə onun icrasına nail olub. Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkə iqtisadiyyatında tənəzzül prosesinin qarşısı alınıb, büdcə, vergi və pul-kredit siyasətində tarazlıq əldə olunub, inflyasiyanın səviyyəsi minimal həddə endirilib. Ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması, vaxtilə çoxlarının əfsanə hesab etdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinin reallaşdırılması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verib. Ulu Öndərimizin 1969-cu ildən başladığı quruculuq xəttini 1993-cü ildən sonra davam etdirməsi hərtərəfli inkişaf edən, müasir, demokratik, regionda lider ölkəyə çevrilən Azərbaycan dövlətinin yaradılmasına səbəb olub.
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri də ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilib. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir.
Bir sözlə, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin tarixində mühüm və əlamətdar hadisədir. Məhz bu tarixdən sonra müstəqil dövlətçiliyimizin qorunması, ölkəmizin sürətli inkişafı, xalqın rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər davamlı xarakter alıb, respublikamız yerləşdiyi regionda və dünyada söz sahibinə çevrilib. Bu gün əldə etdiyimiz bütün nailiyyətlərin əsası da məhz 1993-cü il oktyabr 3-dən qoyulub.
“Bütün ömrünü Azərbaycanın inkişafına həsr edən Ümummilli Liderin bu gün ruhu şaddır. Çünki bu gün onun arzuladığı Azərbaycan var. Torpaqlarımız işğaldan azad olunub, iqtisadi və siyasi gücü artır, hüquqi və siyasi islahatlar ölkənin daha da yekdil olmasına imkan yaradır. Bu ölkə daha da inkişaf edəcək, nüfuzu daha da artacaqdır. Bizim hər birimiz fəxr edir və qürur duyuruq ki, Ulu Öndərin yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən böyük dövlət xadimi İlham Əliyev ləyaqətlə davam etdirir. Xalqımızın sonsuz məhəbbətini qazanmış ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaq”.
Günel Bayramova
Xəzər rayonu, 121№li məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB