Azərbaycan bir daha güclü bir dövlət kimi öz qüdrətini bütün dünyaya göstərdi ŞƏRH

Azərbaycan bir daha güclü bir dövlət kimi öz qüdrətini bütün dünyaya göstərdi ŞƏRH

Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı. Həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla Silahlı Qüvvələrimizin hərbi cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi. Dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 30 ilə yaxın işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Nə Ermənistan siyasi rəhbərliyi və xalqı, nə də ki, ölkəmizin daxilində və xaricində olan ermənipərəst, satqın radikallar məsələnin hərb yolu ilə həll olunacağını ağıllarına belə gətirmirdilər. 27 il kağız üzərində qalan beynəlxalq hüquq normalarına uyğun olan BMT qətnamələrinin icrasını Azərbaycan öz təşəbbüsü ilə həyata keçirdi. Dövlət başçımızın ölkəmizə rəhbərlik etdiyi 17 il ərzində cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan bu qələbəyə, necə deyərlər, addım – addım yaxınlaşırdı. Münaqişənin davam etdiyi illərdə cənab Prezident çox böyük uzaqgörənlik və təmkinlə həm diplomatik, həm də ordu quruculuğunda təxirəsalınmaz tədbirlər reallaşdırırdı. İştirakçısı olduğu ən yüksək beynəlxalq mərasimlərin tribunalarından Qarabağ həqiqətlərini dünyaya bəyan edir, aparıcı dövlətlərin rəhbərlərinin diqqətinə bu bölgənin ölkəmizin əzəli torpağı olduğunu və işğaldan azad edilməsinin labüdlüyünü çatdırırdı. Bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun Liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın müddətdə səbir göstərən xalqımız nəhayət qələbəyə çatdı. Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Rəşadətli Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi zəfər Ermənistana masa arxasında oturmağa məcbur etdi. Nəhayət, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu sənəd Ermənistanın məğlubiyyətinin açıq etirafı olaraq yaddaşlara həkk olundu. Əminliklə deyə bilərik ki, imzalanmış bəyanat bizim şanlı qələbəmizdir. Bu qələbə düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunmuşlar. Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızın ailə üzvlərinin, qazilərin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən bu insanların mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər Prezident İlham Əliyevin bu qəbildən olan vətəndaşlarımıza daim xüsusi diqqət və qayğı göstərməsinin bir təzahürüdür.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır. Prezident İlham Əliyevin rəhbərliyi altında, Ordumuzun gücü, xalqımızın birliyi, əsgər və zabitlərimizin qanı-canı bahasına torpaqlarımız işğaldan azad olundu.

Tural Hüseynzadə,
YAP Sabirabad rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə