Vətən satqınlarına ar olsun! ŞƏRH

Vətən satqınlarına ar olsun! ŞƏRH

3000 şəhiddən biri olan oğlum Anar peşəkar hərbçi idi. Anar cismən bizdən ayrıldı, amma həmişə qəlbimizdədi və bizə çoxlu dost qazandırdı öz əməli ilə.

Şübhəsiz ki, bizim qələbəmizi gözü götürməyən qüvvələr də mövcuddur. Biz daima xəbərlərə qulaq asırıq, sosail şəbəkələrdə eşidirik. Azərbaycanın çörəyini yeyib, ona nankor olan övladlar görürük. Bu gün xaricə qaçıb orada qarayaxmalar kampaniyası təşkil edən vətəndaşlara mən çox təəssüf edirəm. Əlbəttə, qələbə qurbansız olmur. Neçə yüz illik işğala son qoydu 44 günlük müharibə. Bizim torpaqlarımız işğaldan azad oldu. Və yenə də azad olunmaqdadı. Bu qələbələrin yanında qarayaxmalar təşkil edənlərin sapı öz baltamızdadı, öz vətəndaşlarımızdı. Mənim fikrimcə, Əli Kərimli, Arif Hacılı, Gültəkin Hacıbəyli, Qənimət Zahid, Altay Göyüşov, Tural Sadıqlı, Qubad İbadoğlu, Süleyman Süleymanlı kimi ünsürlər ölkəmizdə daxili sabitliyi pozmağa cəhd göstərənlərdir.

Anarın bir sözü var idi: "Mən istəyirəm ki, bu tarixi bir hadisə, torpaqlarımızın işğaldan azad olması övladlarımıza qalmasın. Babalarımız müəyyən vaxtlarda torpaqlarımızı itirə-itirə gəlib. Ancaq biz torpaqlarımızı azad edək ki, bu gələcək nəsillərə qalmasın, gələcək nəsillər bizi qınamasın". Ali Baş Komandanımızın uzaqgörən siyasəti və türk qardaşlarımızın bizə böyük dəstəyi nəticəsində torpaqlarımız işğaldan azad oldu. Bu danılmazdır. Müzəffər Ali Baş Komandanımız möhtərəm prezidentimiz Ulu Öndərin məzarını ziyarət edərkən demişdir: "Mən bu gün çox sevinirəm ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdim". Mən hər zaman demişəm bu gün də deyirəm ki, 1993-cü ildə döyüşən, itkin düşən oğullar heç də bu gün qəhrəman olan oğullardan geri qalan oğullar deyildi. Onlar da çox cəsarətli və cəngavər idi. Ancaq o vaxt ağız birliyi yox idi, dövlətdə boşluq var idi. Ölkədə vəzifə davası, anarxiya hökm sürdüyü üçün torpaqlarımızı itirdik. O zaman da çox şəhidimiz oldu, lakin heç nə əldə edə bilmədik. Ancaq indi ona sevinirəm ki, indiki şəhidlərimizin qanı yerdə qalmadı. Mən bir şəhid anası kimi hər bir vətəndaşımızı Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməyə və ölkəmizə qarşı qarayaxmalar kampaniyası təşkil edənlərə qarşı birgə mübarizə aparmağa çağırıram.

Səkinə Bayramova

Vətən müharibəsi qəhrəmanı polkovnik-leytenant şəhid Anar Əliyevin anası

Göndərdi: YAP Kəlbəcər rayon təşkilatının sədr müavini Qənaət Əsgərov

Bütün xəbərlər Facebook səhifəmizdə