"Vaşinqton Pelosinin erməni ehtirası arasında seçim etməli olacaq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
Bildiyimiz kimi, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfər edib. SİA mövzu ilə bağlı deputat Bəhruz Məhərrəmovun fikirlərini öyrənib.
O, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri və verdiyi bəyanatlara dair bir neçə qeydləri vurğulayıb:
1. BMT-nin Nizamnaməsinin 51-ci maddəsi hər bir ölkənin özünümüdafiə hüququnu tanıyır. ABŞ-da üçüncü şəxs olan Pelosi bəyanatları ilə Azərbaycanın öz sərhədləri boyu bu hüququnu həyata keçirməsini qəbul etmək istəmirsə, deməli ABŞ-ın son 20 ildə sərhədlərindən 10-15 min km kənara qoşun yeridərkən "sülh və təhlükəsizliyə yönəli təhdidləri aradan qaldırmaq" məqsədi cəfəngiyyat olub. Bu məntiqlə "qocaman" spiker ilk olaraq ABŞ-ı təcavüzkar hesab edərək öz dövləti adından Əfqanıstan, İraq, Liviya və Suriya xalqlarından üzr istəməlidir.
2. Pelosi İrəvanda verdiyi bəyanatda 12-13 sentyabr təxribatlarını Azərbaycanın təşəbbüsü kimi qiymətləndirir. Bəs Ermənistan 30 il Azərbaycan torpaqlarının 20%-ni işğalda saxlayıb, işğal zonasında urbisid, ekosid və humanitar cinayətlər törədərkən, BMT Təhlükəsizlik Şurası 4 qətnaməsində Ermənistanı təcavüzkar kimi tanıyarkən, habelə Vətən müharibəsi dövründə Bərdə, Gəncə, Tərtər kimi şəhərlərin dinc sakinləri kütləvi qırğın silahları ilə hücuma məruz qalan zaman ahıl senyoranın "ədalət" hissləri harda mürgüləyirdi?
3. Pelosi əgər bütövlükdə Qafqazda sülh arzu etsəydi, səfər marşutu Tiflis, İrəvan və Bakını əhatələməli idi. Amma onun güzərgahını yalnız İrəvandan salması onu göstərir ki, bu səfər mahiyyətcə daha çox Demokratların Amerika erməni lobbisindən ianə toplamağa hesablanıb. Pelosinin bu çərçivədə lobbi maraqlarının Ermənistan üzərindən regiona daşınması isə Qafqazda gərginliyə xidmət etməklə sülh perspektivlərinə zərbədir.
4. Azərbaycanın davamlı sülh strategiyasına rəğmən Ermənistanın öhdəliklərinə zidd olaraq silahlı birləşmələrini ərazilərimizdən çıxarmaması, minalanmanı davam etdirməsi, mövqelərimizi intensiv və sistematik atəşə tutması açıq təcavüzdür. Bu günlərdə yenidən təxribata əl atmaqla isə Ermənistan revanş niyyətindən əl çəkmədiyini göstərdi. Pelosinin qeyd olunan amilləri nəzərə almadan, Azərbaycanla təmasa keçmədən, birtərəfli bəyanatlar verməsi bu mənada təcavüzə açıq dəstək verməkdir.
5. Bu il iyunun 1-də ABŞ Prezidenti Cozef Bayden diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə cənab İlham Əliyevə ünvanladığı məktubda Azərbaycanın transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olduğunu bəyan etmişdi. Bu mövqenin ardınca, ABŞ Nümayəndələr Palatasının spikerinin münasibətlərin ruhuna zərbə vuran davranışı təəssüf doğursa da Bakının itirəcəyi bir şey yoxdur, əksinə Pelosi Vaşinqtonun özünün regionda dayaqlarını sarsıdır. Eyni zamanda Pelosinin səfəri ilə Ermənistana qazandıracağı bir perspektiv də yoxdur. Belə ki, ABŞ Ali Məhkəməsinin 1936-cı ildə “U.S. s. Curtis-Wright Ex. Co.” adlı məhkəmə işində çıxardığı qərara əsasən xarici siyasətdə əsas funksiya Prezidentə məxsusdur. Spiker ABŞ adından müqaviləyə imzalaya yaxud İrəvana hərbi dəstək verə, Azərbaycana isə sanksiya tətbiq edə bilməz, bu məzmunlu istənilən aktı yalnız ABŞ prezidenti imzalanmalıdır ki, o da qeyd etdiyimiz kimi 3 ay öncəki məktubunda Azərbaycanı güclü tərəfdaş adlandırır.
6. Ən nəhayət, qondarma soyqırım abidəsi önündə "düşük davranışlar" və "timsah göz yaşları" ilə spiker Pelosi yəqin ki Ankaranı ABŞ-Türkiyə münasibətlərinə bir daha nəzər yetirməyə vadar edəcək. Türkiyənin eyni zamanda Azərbaycan mövzusunda həssaslığını da nəzərə alsaq, Vaşinqton Aralıq dəniz, Qara dəniz və Xəzər hövzəsindəki mövqeyi və Pelosinin erməni ehtirası arasında seçim etməli olacaq".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB