Konqresin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri ABŞ-ın Cənubi Qafqaz siyasətindəki gizlinlərə aydınlıq gətirdi. Buna oxşar hadisələrdən biri də bu yaxınlarda xanım spikerin Çinin ərazisi sayılan Tayvana israrlı səfəri zamanı da yaşandı. Bu dəfə ABŞ-Çin münasibətlərinin hansı səviyyədə olduğu əyani şəkildə üzə çıxdı. Spiker qadın lakmus kağızı kimi sanki dövlətlərarası münasibətlərin rəngini müəyyənləşdirir. Ermənistana səfəri ilə də Pelosi ABŞ-ın əslində regional siyasətə hansı rakursdan baxdığını dəqiq konturları ilə göstərdi. İndi artıq rəsmi Vaşinqtonun Ermənistan-Azərbaycan qarşıdurmasında kimin yanında, haqqın, yoxsa nahaqqın, işğalçının, yoxsa işğala məruz qalanın yanında olduğunu bəlli etdi. Sağ olsun, ən azından kimin kim olduğunu gec də olsa ifşa etdi.
Nensi Pelosinin Ermənistan səfəri həm də ABŞ-ın demokratiyadan, beynəlxalq münsibətlərin norma və prinsiplərindən xeyli uzaqlaşdığını sübut etdi. Yoxsa 30 il bundan əvvəl haqqı tapdalanmış, hüquqları pozulmuş azərbaycanlıların yanında olmağa niyə tələsmədilər. Əgər burada ikili standartlar yoxdursa ABŞ niyə ayrıseçkilik salsın, niyə dünyanın yazılan qanunlarını çeynəsin? Necə ki, İravanda ermənilərin dili ilə Azərbaycanı ittiham etdi, 30 illik erməni işğalına susan ABŞ təmsilçisi Konqresə seçkilərdə partiyasının bir iki erməni səsi qazanması üçün dövləti maraqlarına tüpürdü. Halbuki, kollektivin maraqlarının milli maraqlardan irəli keçmədiyi aksiomunu hər kəs bilir. Amma deyəsən bu düstur ABŞ-da bir o qədər də keçərli deyil.
Nensi Pelosinin Ermənistana səfəri bütün kartları açdı. Regionda gərginliyin olmasında maraqlı olan qüvvələrin kimliyinə bir daha aydınlıq gətirildi. O da məlum oldu ki, bəzi dünya gücləri Cənubi Qafqaz regionunda möhkəmlənmək üçün müharibə yolunu seçir, ya da haqsız olan, işğal siyasəti yürüdənin yanında olmaqla zor dilində danışmağa üstünlük verirlər. Məsələnin başqa bir tərəfi də var ki, bunu daha çox ermənilərin, Ermənistan rəhbərliyinin bilməsi lazımdır. ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi heç də Ermənistana dəstək vermək, bu “zavallı” millətin yanında olmaq üçün İrəvana gəlməyib. Onun niyyəti başqadır. Nensi Pelosinin erməni lobbisinin maraqlarına xidmət edən fəaliyyəti, regionda gərginliyinin yaradılmasına və bundan istifadə edərək ABŞ-da keçiriləcək seçkilərdə ermənilərin səsini qazanmağa hesablanıb. Bu səfərlə Konqresin spikeri ABŞ-ın Azərbaycan ictimai rəyində onsuz da aşağı olan nüfuzunu daha da zəiflətdi. Pelosinin Ermənistana səfəri, keçirdiyi görüşlərdə ölkəmiz haqqında dedikləri Azərbaycan-ABŞ münasibətlərinin ruhuna, bu günə qədərki ikitərəfli əlaqələrimizə ciddi zərbə vurdu. Ermənistanın 30 illik işğalçılıq siyasətinə “dur” deməyən, bir dəfə də olsun bu işğalı pisləməyən Vaşinqton 44 günlük müharibədən sonra bölgədə yaranmış yeni reallıqları qəbul etmək istəmir. Halbuki Azərbaycan beynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğun olaraq öz ərazilərini işğaldan azad edib. Bununla yanaşı Rusiyanın və Avropa İttifaqının təşəbbüsü ilə keçirilən danışıqlarda əldə edilmiş razılaşmaları tanımadığını büruzə verir, üstəlik də ATƏT-in Minsk qrupunun prosesə qaytarılmasının vacibliyini diqtə etməyə çalışır. Amma ABŞ-da onu da bilməmiş deyillər ki, regional problemlərin həllində kənar qüvvələrin iştirakı bir o qədər də effektiv alınmır.
ABŞ-ın məqsədlərindən biri də Cənubi Qafqaz regionunda itirilmiş nüfuzunu bərpa etməkdir. Amma atdığı yanlış addımlar səbəbindən bunu hələlik bacarmır. İlk öncə insanları inandırmalıdır, dövlətləri əmin etməlidir ki, onun atdığı addımlarda qərəz yoxdur və bitərəf qalmaqda davam edəcək. Dünya gücləri hesab edilən ABŞ, Rusiya və Fransanın Minsk qrupunda təmsilçiliyi münaqişə tərəflərində ümid yaratsa da zaman keçdikcə bütün ümidlər ölməyə, problemin çözümündə yeni oyunçuların axtarılmasına yönəlik addımların atılmasına başlandı. Nəticədə BMT tərəfindən qəbul edilmiş qətnamələrin icrasını Azərbaycan təkbaşına icra etməli oldu, erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından qovuldu və Qarabağın status “cəhənnəmə” getdi. Bu gün isə fəaliyyətsiz və fərsiz Minsk qrupunun iki həmsədr ölkəsi reallıqla barışmaq istəmədiklərini açıq-açığına bildirirlər. Belə olan halda məlum olur ki, sən demə hər iki ölkə Minsk qrupunda sadəcə, münaqişəni həll etməmək, ən azından ləngitmək üçün fəaliyyət göstəriblər. Yoxsa, Fransaya, yaxud ABŞ-a nə düşmüşdü ki, öz adlarını biabır edib Minsk qrupunun işini nəticəsiz bitirsinlər.

N.Pelosinin səfəri həm də ənənəvi ermənipərəst siyasətini davam etdirmək, Ermənistan üzərindən regionda müdaxilə siyasətini artıqmaq, Minsk qrupunun fəaliyyətini bərpa etməklə münaqişəni daha bir neçə on il sürdürməkdir. Bu səfərdən və eyni zamanda Fransanın BMT-də TŞ-da sərhəd toqqoşmasını gündəliyə gətirməsindən sonra Azərbaycan ABŞ və Fransaya necə inanan bilər? Hazırda Fransa və ABŞ bu kimi faydasız və provokativ addımlardansa Brüssel gündəliyini dəstəkləməlidirlər. Əksinə, Fransa və ABŞ Ermənistanı qızışdırır və sülh gündəliyinin irəli getməsinə imkan vermirlər. Şarl Mişel və Aİ-nin fəaliyyətinə geosiyasi qısqanclıqla yanaşırlar. Bir tərəfdən Minsk qrupunu canlandırmağa çalışır, digər tərəfdən Ermənistana əsassız ümidlər verirlər. 31 avqustda Brüssel görüşündə real nəticələrin olmaması bu siyasətin nəticəsi idi. Bundan cəsarətlənən Ermənistan sülh gündəliyindən imtina etdi və təxribatlara əl atdı.
ABŞ Nümayəndələr Palatasının spikeri ölkəsində ən qatı ermənipərəst siyasətçilərdən biri kimi tanınır.
Ermənistana gələn nümayəndə heyətinin tərkibində Konqresin məhz ermənipərəst üzvlərinin olması bunu nümayiş etdirir. Qarşıdan ABŞ-da Konqresə ortamüddətli seçkilər dövrü gəldiyini nəzərə alaraq, N.Pelosi də bu səfərdən ös siyasi məqsədləri və ABŞ-dakı erməni lobbi dairələrinin dəstəyini qazanmaq üçün istifadə edir. ABŞ-ın daxili siyasi gündəliyində olan siyasi məsələlərin və lobbi maraqlarının Ermənistan üzərindən Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir. Təəssüflər olsun ki, ABŞ Nümayəndələr Palatasının spikerinin bu açıqlaması baş vermiş hadisələrə obyektivlikdən uzaq, qərəzli və birtərəfli yanaşmanı əks etdirir. Ədalətdən danışan Pelosi bu vaxta kimi Azərbaycana qarşı Ermənistanın təcavüz, işğalçılıq siyasəti, ərazilərinin 30 ilə yaxın davam edən işğalı, yüz minlərlə azərbaycanlının etnik təmizlənməsi, milyondan çox azərbaycanlının öz ata-baba yurdlarından didərgin düşməsi və Ermənistanın məsuliyyət daşıdığı digər bu kimi ağır cinayətlərlə bağlı məqsədli şəkildə heç bir mövqe nümayiş etdirməyib.
Pelosinin Ermənistanda söylədikləri erməni təbliğatı əsasında verilmiş açıqlama kimi dəyərləndirilməlidir və bu Ermənistala Azərbaycan arasında hal-hazırda münasibətlərin normallaşması istiqamətində atılan səylərə ciddi zərbədir və ümumilikdə bu regionda gərginliyin daha da artmasına xidmət edir.
Bu gün Ermənistanda siyasi dairələrdə bir fikir daha çox müzakirə olunmaqdadır, Ermənistan qeyri-regional dostları iləmi, yoxsa yaxln qonşuları ilə dil tapmalıdır. Analitiklərin əksəriyyəti uzaq qonşuya bel bağlamanın ağır nəticələri barədə danışaraq bundan sonra kimsənin əlində oyuncağa çevrilməmək fikrinə fokuslanacaqlarını düşünürlər. Bildirilir ki, ölkə hakimiyyəti də daim günahkarları tapmağa çalışan piyonlardır. Əlbəttə, Ermənistanda vəziyyət kifayət qədər ağırdır. Məlum olub ki, region müxtəlif geosiyasi oyunçuların maraqlarının toqquşduğu bir növ yol ayrıcına çevrilib.
Ermənistanda son rəqəmlər açıqlandıqca məlum olub ki, son toqquşmalarda 300-ə yaxın insan yaralanıb, 20 erməni hərbçisi əsir götürülüb. Ölən və itkin düşənlərin sayı 207-yə çatıb. Bu barədə baş nazir Nikol Paşinyanın sədrliyi ilə keçirilən Ermənistan Təhlükəsizlik Şurasının iclasının yekunlarına dair bəyanatda deyilir.
Beləliklə, Ermənistan təxribat etdi və alacağını aldı, burnu əzildi, yaralı, ölü və əsirlərinin birlikdə sayı 527-ni ötdü. Bundan sonra Ermənistan silahlılarının nişangahını bir daha Azərbaycan tərəfə tuşlayacağına inanmaq istəməzdik. Yox, əgər hadisələr təkrarlanarsa…
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB